Bu gün:

Uşaq böyüdərkən bunları etməyin!


Yeni nəsil valideynlər arasında mükəmməl olmaq və mükəmməl övlad yetişdirmək arzusu sürətlə yayılır. Psixoloq Nazan Ülkü deyir ki, bir valideyn olaraq ən mühüm vəzifəmiz övladımızı həyata hazırlamaqdır. Şəxsiyyətin əsasları ilk 5 ildə qoyulur və əsas məsuliyyət valideynlərin üzərinə düşür. Ən vacib nüans ailədə valideynlərin əvvəlcə bir-birinə, sonra isə uşağa münasibətidir. 

Şübhəsiz ki, valideynlər övladlarını təhlükələrdən qorumalı, onların təhlükəsizliyini təmin etməlidirlər. Ancaq “sizə güvənirik, amma ətrafdakılara güvənmirik” və ya “yadlar təhlükəlidir” kimi cümlələr uşağın narahat olmasına və ailəsindən asılı olmasına səbəb olacağından, bu kimi sözlər əvəzinə ona təhlükələrlə üzləşəndə necə çıxış yolu tapa bilər, həmin an emosiyalarını necə idarə edə bilər bu kimi sualların cavabları barədə istiqamətləndirin. 

Bu gün valideynlər maddi imkanları olmasa da, övladları üçün istədikləri hər şeyi almağa çalışırlar. Lazımsız maliyyə imkanları uşağa xeyirdən çox zərər verir. Pulun qədrini dərk etməməsinə səbəb olur və qazanmadan xərcləməyə alışdığı üçün tənbəlliyi öyrənir. 

Uşaqlarımızın qüsurlarını düzəltmək üçün yol göstərməliyik. Ancaq “Sən heç nə edə bilməzsən”, “Yolsuz”, “Tənbəl” kimi etiketlərlə uşağın özünə inamını məhv etmiş olacağıq. 

Bir çox valideynlər uşaqlarını özləri yedizdirməyə, məktəbdə problem yaşamamaları üçün çantalarını yığmağa və ya dediklərini etməyə davam edir. Əslində övladına yaxşılıq yox, pislik edir. Çünki uşaqların özlərinə güvənən və bacarıqlı fərdlərə çevrilmələri üçün düzgün dövrdə əsas vərdişlərə yiyələnmələri və təcrübələrlə öyrənmələri çox vacibdir. Məktəbə başlayana qədər valideynləri tərəfindən qidalanan uşaqlar ev tapşırıqlarını tək yerinə yetirə bilmir və bir çox məsələlərdə başqalarından asılı ola bilirlər. Bu səbəblə uşağınızın işlərini yerinə yetirməkdənsə, bu işləri necə edəcəyinə dair ona yol göstərin və kömək edin.  Valideynlər qaydalar və nizam-intizamla bağlı həm öz daxilində, həm də bir-biri ilə eyni dildə danışmalıdırlar. 

Uşağınızla yatmayın

Körpəlikdən övladınıza öyrətməli olduğunuz ən vacib vərdişlərdən biri sağlam yuxu vərdişi olmalıdır. Bundan əlavə, uşaqların öz otaqlarında və öz çarpayılarında yatmağa vərdiş etməsi həm bədən hüdudlarını qorumağa, həm tək qalaraq diqqətini çəmləşdirməyə, həm də özünə güvənən fərdlərə çevrilməsinə şərait yaradır. Digər tərəfdən unutmayın ki, sağlam yuxu təkcə uşağın deyil, sizin də ən əsas ehtiyaclarınızdan biridir.

Emosional şantajdan çəkinin! 

Bəzən təhdidlərlə arzuolunmaz davranışı dayandırmağa çalışmaq böyük səhvdir. “Anasız qalacaqsan”, “Sənə görə xəstələndim” kimi şikayətlər uşaqlarda günahkarlıq hissinin yaranmasına, onların inkişafının zədələnməsinə səbəb olur. Uşaqları günahlandırmaq və onları emosional şantaj etmək əvəzinə, onlara davranışlarının hansı nəticələrə səbəb olduğunu göstərin ki, səhvlərini dərk etsinlər.

Müqayisə etməyin! 

Yaxşı niyyətli, uğurlu digər uşaqları göstərməklə uşağınızı motivasiya edə biləcəyinizi düşünə bilərsiniz. Lakin bu müqayisə həmişə uşaq tərəfindən bəyənilməmiş kimi qəbul edilir və qeyri-adekvatlıq və dəyərsizlik hisslərinin yaranmasına səbəb olur. Böyüdüyü ailə mühitində özlərini dəyərsiz hiss edən uşaqlar həm müqayisə olunduqları uşaqlara hirslənir, həm də səy göstərməkdən qaçırlar. Uşağınızı olduğu kimi qəbul edin və onun müxtəlif qabiliyyətlərinin ortaya çıxmasına icazə verin.

Valideynlər tərəfindən ən çox verilən suallardan biri də uşaq ağlayarkən psixologiyasının "pisləşib-pisləşməməsidir". Çoxları övladının narahat olmaması üçün istədiklərini etməyə çalışır. Ancaq evdə istədiyi hər şeyi əldə edən və bloklanmayan uşaq, istədiyi şey olmadıqda olduğu ictimai mühitlərdə böyük sıxıntı və qəzəb yaşayır. Əslində uşaqlar öz mənfi emosiyalarının öhdəsindən gəlmək qabiliyyətinə malikdirlər, bir şərtlə ki, onlara "şərait yaradılsın" . 

Mənbə: NTV 

Tərcümə etdi: Nuran Əhmədzadə 





Paylaş
Şərh əlavə et