Bu gün:

Hakerlər məxfi məlumatları oğurlamaqda ittiham olunurlar


ABŞ, Böyük Britaniya və Cənubi Koreya bildiriblər ki, Şimali Koreyalı hakerlər həssas hərbi məlumatları oğurlamaq məqsədilə dünyanın müxtəlif yerlərində müxtəlif müdafiə və mühəndislik firmalarının kompüter sistemlərini hədəfə alıblar.

ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA), Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) və Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) məsələ ilə bağlı birgə bəyanat yayıb.

Açıqlamada, Şimali Koreyanın dəstəklədiyi “Anadriel və ya APT45” adlı hakerlərin tank, sualtı qayıq, döyüş təyyarəsi, raket və radar sistemləri istehsalçıları da daxil olmaqla müxtəlif müdafiə və mühəndislik şirkətlərinin kompüter sistemlərini hədəfə aldığı bildirilib.

Açıqlamada, Şimali Koreyalı hakerlərin Yaponiya və Hindistanda da müxtəlif sənaye sektorlarını hədəf aldıqları və Andarielin "ABŞ-da yerləşən bəzi səhiyyə təşkilatlarına qarşı fidyə proqramı əməliyyatları ilə casusluq fəaliyyətini maliyyələşdirdiyi" ifadə edilib.

10 milyon dollara qədər mükafatlar təklif olunur

ABŞ Ədliyyə Departamenti həmçinin Anadriel üzvü Şimali Koreyadan olan Rim Jong-hyok-a qarşı ittiham aktı dərc edərək, onun ABŞ-da yerləşən xəstəxanalardakı proqram təminatını sındırdığını və oradan əldə etdiyi fidyə gəlirləri ilə bütün dünyada dövlət qurumları üçün hakerlik fəaliyyəti təmin etdiyini iddia edib.

İddianamədə Rim və digər Şimali Koreyalı hakerlərin ABŞ Hərbi Hava Qüvvələrinin 2 bazasına, NASA-ya, eləcə də Tayvan, Cənubi Koreya və Çindəki bəzi təşkilatlara qarşı haker əməliyyatları həyata keçirdiyi qeyd edilib.

ABŞ Dövlət Departamenti, həmçinin, Anadriel üzvü Rim-in yeri və ya şəxsiyyəti barədə məlumat verənə 10 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü ilin əvvəlində verdiyi açıqlamada Şimali Koreyanın 2022-ci ildə əvvəlki ilə nisbətən daha çox rəqəmsal pul oğurladığını açıqlayıb.

Beynəlxalq müşahidəçilər bildirirlər ki, oğurlanan bu pullar Şimali Koreyanın sanksiyalara məruz qalan nüvə və raket proqramlarına köçürülüb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et