Bu gün:

Tüpürcək nə üçün istifadə olunur?


Tüpürcək mayesi ağzımızdakı tüpürcək vəziləri tərəfindən istehsal olunan və ağız mühitinə ifraz olunan hüceyrədənkənar mayedir. İnsanlarda əmələ gələn tüpürcəyin təxminən 99%-i sudur. Bundan əlavə, tərkibində az miqdarda elektrolitlər (yüklü ionlar) da var. Tərkibindəki çoxlu ionlar sayəsində tüpürcək ağızın pH səviyyəsini saxlayır.

Tüpürcək müxtəlif ionlarla həddindən artıq doymuşdur. Bu ionlar ağızın turşuluğunu müəyyən diapazonda, adətən pH 6.2-7.4 səviyyəsində saxlayaraq tampon rolunu oynayır. Tüpürcəkdə həmçinin ağıza alınan qidanın ilkin həzmində iştirak edən selik, ağ qan hüceyrələri, epitel hüceyrələri, lipaz və amilaza kimi fermentlər var. Bu fermentlər qidalanma yolu ilə ağıza alınan nişasta və yağların həzm prosesini başlamaq üçün lazımdır. Bu fermentlər həmçinin diş yarıqlarında sıxışan qida hissəciklərini parçalayaraq dişləri bakterial çürümədən qoruyur. Tüpürcək həm də yağlama funksiyasını yerinə yetirir, qidanı nəmləndirir, udmağın başlamasına imkan verir və ağız mukozasının qurumasının qarşısını alır.

Tüpürcək bir çox funksiyaya malikdir. 

Tüpürcək bədənin su balansını idarə etməyə kömək edir; Su çatışmazlığı varsa, tüpürcək vəziləri susuzlaşır və ağız quruyur, susuzluq hissi yaradır və su içmək ehtiyacını stimullaşdırır. 

Tüpürcək dad hissi üçün çox vacibdir; Kimyəvi maddələrin dad reseptor hüceyrələrinə daşındığı maye mühiti yaradır. Tüpürcəyi az olan insanlar çox vaxt dad hissi ilə bağlı problemlər yaşayırlar. Bundan əlavə, tüpürcəkdə antimikrobiyal birləşmələr-fermentlər var. Ağız kimi açıq mühitdə bakteriya çoxluğu müxtəlif xəstəliklərə səbəb ola bilər. Tüpürcəkdə olan antimikrob birləşmələr və fermentlər bu kimi halların qarşısının alınmasında əhəmiyyətlidir.


Mənbə:bilim up 

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et