
Ehtimal ki, 2600-2900 il əvvəl hazırlanmış Babil Dünya Xəritəsində "Günəşin görünmədiyi" qəribə bir ölkə var.
Tez-tez deyilir ki, "Babil Dünya Xəritəsi" indiyə qədər tapılmış dünyanın ən qədim xəritəsidir. Əlbəttə ki, bu xəritə Google Xəritələr qədər elmi cəhətdən dəqiq deyil və ya orta əsrlər kartoqrafiyası kimi möhtəşəm şəkildə təsvir edilmiş deyil, lakin yenə də qədim babillilərin özlərini və ətrafdakı dünyaya necə baxdıqlarına dair unikal perspektiv təqdim edir.
Xəritədə Yaxın Şərqin tarixi bölgəsi olan və tez-tez “sivilizasiyanın beşiyi” adlandırılan Mesopotamiya təsvir edilmişdir, çünki bura qədim tarix boyu bir çox mühüm sivilizasiya və mədəniyyətlərə, o cümlədən babillilərə və assuriyalılara ev sahibliyi etmişdir.
Əksər insanlar Babil şəhərinin xəritənin daxili hissəsinin yuxarı hissəsinə yaxın düzbucaqlı zolaqda təsvir edildiyinə inanırlar (yuxarıdakı şəkildə 13 ilə işarələnmişdir). Bu düzbucaqlı yuxarıdan aşağıya kəsən paralel xətlər sanki Fərat çayını təmsil edir. Çay şimalda dağlardan başlayır, Babildən keçərək cənubda bataqlıq əraziyə çatır.
1988-ci ildə dərc edilmiş məqaləyə görə, Aşşur, Der və Urartu da daxil olmaqla, çoxsaylı digər şəhər və krallıqların yerləri xəritədə tapıla bilər. Bütün bu yaşayış məntəqələri çox vaxt okean kimi tərcümə olunan “Acı Su” və ya “Acı çayı” təmsil edən, dairəvi zolaqla əhatə olunub.
Xəritənin yuxarı hissəsində, okeanın o tayında “Günəşin görünmədiyi yer” yazısı var. Ola bilsin ki, bu insanlar buranın Gilqameş dastanında təsvir olunan qəribə torpaqlar kimi əbədi zülmət diyarı olduğuna inanırdılar və ya bəlkə də bu, Günəşin hərəkətinin sirli təsviri idi.
Mətnin bəziləri müxtəlif bölgələrdə yaşayan müxtəlif canavarlar və fantastik canlılar, o cümlədən qanadlı at, böyük dəniz ilanı, əqrəb adam və öküz adamdan bəhs edir. Ceyran, pantera, maral, meymun, dağ keçisi, camış və canavar kimi daha az təəccüblü heyvanlardan da bəhs edilir. Xəritədə insan personajları da var. Mətndə Babil daşqından sağ çıxan əfsanəvi qəhrəman Utnapiştim və Akkad İmperiyasının ilk hökmdarı Sarqon da daxil olmaqla bir çox müxtəlif insanların adı çəkilir.
Bu gün bölgəni gəzmək istəsəniz, Babil Dünya Xəritəsinin olduqca faydasız olacağını söyləmək lazımdır. Lakin tarixi sənəd kimi bu əsərdə Yeni Babil imperiyasının yarandığı dövrdə onun hökmranlığına dair çoxlu maraqlı fikirlər var.
Mənbə: evrimağacı.com
Tərcümə etdi: Aytac Musayeva
