
Parklarda, çimərlikdə və ya çəmənliklərdə və otlarda... Uşaqlar açıq havada daha çox vaxt keçirdikləri üçün yay aylarında günəş işığına daha çox məruz qalır. Günəş işığı D vitamini üçün vacib olsa da, ozon təbəqəsinin dəlikləri və incəlməsi ciddi problemlərə səbəb ola bilər. Ona görə də yay aylarında uşaqlar açıq havada əylənərkən onları günəşin zərərli təsirindən qorumaq çox vacibdir. Xüsusilə 5 yaşdan kiçik körpələri və azyaşlı uşaqları dəri həssaslığına görə günəşdən qoruyarkən daha diqqətli olmaq lazımdır.
Günəşdən qorunmağın ən vacib yolu günəşdən qaçmaqdır. Buludlu və ya kölgəli ərazi günəşdən tam qorunma təmin etmir. Odur ki, günəş şüalarının yerə ən çox düşdüyü saat 11.00-15.00 arasında övladınızı günəşə məruz qoymamağa diqqət yetirməyiniz çox vacibdir.
Yay aylarında uşağınızın paltarlarının günəş şüalarına qarşı qoruyucu təsirə malik olmasına diqqət edin. Çiyinlər günəş işığı üçün ən riskli bölgələrdir. Buna görə də, əgər uşağınız uzun müddət açıq havada olacaqsa, çiyinlərini açıq qoyacaq qayışlı paltarlar geyindirməyin. Boş, yüngül geyim bədəni daha sərin saxlayacaq. Parçalar günəş işığını keçirməməli, sıx toxunmuş və açıq rəngli olmalıdır. Hazırda xüsusi günəşdən qoruyan, tez quruyan paltarlar da var və bunlara üstünlük verilə bilər.
Mənbə:hürriyet.com
Tərcümə etdi:Səmayə Qədirova
