Bu gün:

MÜSAHİBƏ “Günün əksər saatlarını sosial şəbəkələrdə keçirmək sinir sisteminə əlavə yük gətirir” - psixoloqla MÜSAHİBƏ


24Media-nın budəfəki müsahibi "Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovadır. O bizə koronavirus pandemiyasının insanlarda yaratdığı narahatlıqlardan, eləcə də mövcud vəziyyətin abituriyentlərə göstərdiyi psixoloji təzyiqdən və karantin rejimində vaxtımızı səmərəli keçirməyin yollarından danışdı.

Koronavirus pandemiyası bəzi insanların həddindən artıq təşvişə düşməsinə səbəb olub. Belə insanlara necə psixoloji dəstək göstərmək olar?

-Tibbi maskanın taxılması, sosial məsafənin qorunması və ya dezinfeksiya işlərinin aparılması insanlarda yeni davranış və ünsiyyət modelinin yaranmasına gətirib çıxarıb. Bu ünsiyyət və davranış modelinə adaptasiya ola bilən, ola bilməyən və ya diskomfort yaşayan insanlar var. Məsələn, tibbi maskadan istifadə edən və tam əksinə maska taxmadan ünsiyyətdə olan iki insan düşünün. Bu onların davranışlarına və ünsiyyət modelinə təsir göstərir. Yeni davranış modeli müəyyən psixoloji diskomfort yarada bilər. Xüsusən də panik-atakdan, təşviş-həyəcan pozuntusundan əziyyət çəkən insanlarda xüsusi karantin rejimi şəraitində psixoloji narahatlıqlar daha çox müşahidə olunur. Onlar bu dövrü daha çətin, həssas keçirirlər. Bu tip insanlar şəxsi psixoloji sağlamlıqlarının qeydinə qalmalıdırlar. Bu məqsədlə onlayn psixoloq dəstəyi ala bilərlər. Eyni zamanda onların neqativ hadisələrdən, pis xəbərlərdən mümkün qədər uzaq durmaları tövsiyə edilir. Çünki onlar belə hadisələrə qarşı daha çox həssaslıq göstərir və qorxu hissinin qarşısında aciz qalırlar.

Abituriyentlərin stress və gərginliklərini aradan qaldırmaq üçün nələri məsləhət görərdiniz? Valideynlər onlara bu vəziyyətlə baş etmək üçün necə kömək edə bilərlər?

-Mövcud şəraitlə bağlı abituriyentlərin stress və gərginlikləri daha da artıb. İmtahan vaxtının təxirə salınması və qeyri-müəyyənlik onların narahatlığını artırıb. “İmtahanda zəif nəticə göstərəcəyəm” düşüncəsi psixoloji gərginliyin təməlində duran əsas səbəblərdəndir. İki cavab arasında qalmaq, mexaniki səhvlərə yol vermək, sualı axıra qədər oxumamaq – bütün bunlar həyəcanın nəticəsidir. Burada valideyn yanaşması, ailənin dəstəyi önəmlidir. Hər bir ana və ata “ali məktəbi qazanacaqsan deyə yox, bizim övladımız olduğun üçün dəyərlisən” mesajını uşaqlarına ötürməlidir. Çünki abituriyentin özgüvənə ehtiyacı var və bu onun yüksək nəticə göstərməsi üçün vacibdir. O, imtahan nəticəsindən asılı olmayaraq dəyərli olduğunu hiss etməlidir. Eyni zamanda ətrafdakı insanların, yaxınların, qohumların diqqəti, onların gözləntiləri də abituriyentin stress və gərginliyini artırır. “Məni qınayarlar, zəif nəticə göstərsəm haqqımda nə düşünəcəklər?” kimi fikirlər yeniyetmənin həyəcanını artırır. Bu səbəbdən validyenlər  “Bu il alınmasa, gələn il yenidən imtahan verərsən. Hər şey bununla bitmir. Həyat davam edir. Biz hər zaman səninləyik” kimi cümlələr işlətməli və onları bu sevgiyə inandırmalıdırlar. Faydalı iş əmsalının müəyyən edilməsi, günün hansı saatında çalışmanın daha effektli olduğunun təyin edilməsi də vacibdir.

Karantin günlərində yuxu rejiminin pozulması, aqressivlik, yorğunluq, halsızlıq - insanları ən çox narahat edən problemlərdir. Bunların həllinə necə nail olmaq olar?

-Bu günlərdə insanların ən çox şikayət etdikləri mövzulardan biri yuxu rejiminin pozulmasıdır. Halsızlıq, aqressivlik, yorğunluq kimi hallar da məhz bundan qaynaqlanır. Əksər insanlar günorta yuxusuna öyrəşdilər və bu onlarda vərdişə çevrildi. Nəticədə gecə yuxusu pozuldu. Buna bir növ “gecə ilə gündüzün yeri dəyişdi” deyə bilərik.

İnsanlar karantin rejimindən öncə müvcud olan gündəlik rejimlərinə mümkün qədər çox riayət etməyə çalışmalıdırlar. Bu məqsədlə karantin rejimindən öncə gün ərzində etdiyimiz məşğuliyyətlərin siyahısını yazmaq, zehni və fiziki enerji sərf etdiyimiz məşğuliyyətləri müəyyənləşdirmək yaxşı olar. Zehni enerjini kitab, jurnal oxuyaraq, fiziki enerjini isə evdə mümkün olan yüngül idman hərəkətləri, rahatlayıcı məşqlər edərək, kiçik addımlarla gəzərək, uşaqlarımızla aktiv oyunlar oynayaraq balanslaşdıra bilərik. Hər gecə eyni saatda yatmağa və səhər tez oyanmağa diqqət edilməlidir.

Balanslaşmış enerji istər psixoloji, istərsə də fiziki rahatlıq gətirir. Ümumiyyətlə mövcud vəziyyət insanların gündəlik həyat rejimini dəyişdi. Qəbul etməliyik ki, pandemiyanın mövcudluğu bizdən asılı deyil, amma bu şəraitə uyğunlaşmaq bizim öz əlimizdədir. Mümkün qədər pozitivə köklənməyi bacarmaq lazımdır. Qaynağı bəlli olmayan, əsassız məlumatlar, qorxuducu xəbərlər də insanları aqressivləşdirə bilər.

Karantin dövrünü səmərəli keçirmək üçün nə tövsiyə edirsiniz?

-İşləyən və işləməyən insanlar – hər kəs gündəlik rejiminə diqqət etməlidir. Ailə ilə zaman keçirmək lazımdır. Kimisi mütaliə edə bilər, kimisi yaradıcılıqla məşğul ola bilər. Məncə, bu müddət işlədiyinə görə evinə, ailəsinə vaxt ayıra bilməyənlər üçün gözəl fürsətdir. Onlayn təlimlərə, kurslara və s. qatılaraq özünüinkişafla məşğul olmaq da səmərəlidir. Qeyd edim ki, telefonda keçirilən vaxtı məhdudlaşdırmaq da effektiv nəticə verə bilər. Günün əksər saatlarını sosial şəbəkələrdə keçirmək, lazımsız təşviş yaradan dezinformasiyalarla beyni yükləmək gərgin vəziyyətdə olan sinir sisteminə əlavə yük gətirir.

Paylaş
Şərh əlavə et