Dovşan dodağı olaraq da bilinən yarıq dodaq və yarıq damaq ən çox rast gəlinən doğuş qüsurları arasındadır və embrioloji dövrdə üz quruluşlarının tam birləşməməsi və ya bağlanmaması nəticəsində meydana gəlir. 
Dodaq və damaq yarıqlarının əmələ gəlməsində həm genetik, həm də ətraf mühit faktorları rol oynasa da, bütün halların 5-10 faizini genetik faktorlar təşkil edir. Dovşan dodaqlarının diaqnozu doğum zamanı yaxşı müayinə ilə qoyula bilər və adətən postnatal müayinə zamanı dodaqda və ya damaqda yarıq diqqət çəkə bilər. Ancaq xüsusilə hamiləlik dövründə edilən ətraflı ultrasəs ilə dodaq yarıqlarını aşkar etmək mümkündür. Əksər xəstələrdə dodaq və damaq yarığı bir sıra cərrahi əməliyyatlar vasitəsilə minimal çapıqla müalicə edilə bilər.
Dovşan dodaq/yarıq dodaq nədir?
Dovşan dodaq və ya yarıq dodaq hamiləlik zamanı deformasiyaya səbəb olan genetik faktorlar səbəbindən yeni doğulmuş uşaqlarda ən çox rast gəlinən anadangəlmə anomaliyalardan biridir. Körpənin embrioloji dövründə müxtəlif səbəblərə görə üz nahiyəsindəki strukturların birləşmə qüsuru nəticəsində yaranan xəstəlikdir. Körpədə yarıq dodaqların olması narahatedici ola bilər. Ancaq qeyd etmək lazımdır ki, bu problem aradan qaldırıla bilər. Körpələrin əksəriyyətində bir sıra əməliyyatlar minimal çapıqlanma ilə normal funksiyanı və daha normal görünüşü bərpa edə bilər.
Dovşan dodaq xəstəliyi genetikdirmi?
Dodaq yarığı və yarıq damağın əmələ gəlməsində həm genetik, həm də ətraf mühit faktorları rol oynayır.
Genetik faktorlar: Bütün yarıqların 5-10 faizinə səbəb olur. Ailədə yarıq dodaq və damaq anomaliyaları varsa, körpənin riski də artır. Ailədə belə bir tarix yoxdursa, yarıq mutant genlər və xromosom delesiyaları ilə və ya trisomiya D və trisomiya E kimi sindromlu anomaliyaları olan təcrid olunmuş genetik anomaliya ilə baş verə bilər. Onun "Van Der Woude sindromu" və ya “Pierre Robin ardıcıllığı” kimi tanınan genetik şərtlərlə yaxın əlaqəsi sübut edilmişdir.
Ətraf mühit faktorları: Yarıqların əmələ gəlməsində daha aktiv rol oynayırlar və çox vaxt konkret səbəb tapmaq olmur.
Hamiləlik dövründə dərman qəbul etmək: Retinoidlər, antikonvulsanlar, kortikosteroidlər, benzodiazepinlər qəbul etmək dovşan dodaqlarının əmələ gəlməsi riskini artırır.
Ana xəstəlikləri və ya davranışları: Diabet, hamiləlik diabeti, spirt və tütün qəbulu, piylənmə, fol turşusu çatışmazlığı riski artırır.
Məxmərək infeksiyası: Hamiləliyin ilk 3 ayında ananın yaşadığı məxmərək infeksiyası dodaq və damaq yarıqlarına səbəb olur.
Vitamin çatışmazlığı və siqaret: Siqaretin, bəzi vitamin çatışmazlığının da yarıqların əmələ gəlməsinə təsir etdiyi göstərilmişdir. Bundan əlavə, sosial-iqtisadi vəziyyətin aşağı olduğu hallarda dodaq və damaq yarığı riski daha yüksəkdir.
Mənbə: memorial.com.tr
Tərcümə etdi: Rəhimə Cəmilova
