Bu gün:

“Hansısa restorandan şəkil paylaşan adını bloger qoyur”


Son vaxtlar ölkəmizdə blogerlik fəaliyyəti ilə məşğul olanların sayı artıb. 24Media bu dəfə sizə bloger Güney Fridunbəyova ilə müsahibəni təqdim edir. Onunla bu işə başlamısandan, bu sahədə uğurlu olmağın sirlərindən, qoyduğu məqsədlərdən danışdıq.

Kimdənsə ilhamlanaraq blogerliklə məşğul olmağa başlamısınız, yoxsa özünüz qərar vermisiniz?

- Jurnalistika sahəsində çalışdığım üçün, ümumiyyətlə, paylaşmağı, bölüşməyi sevən biriyəm. Ona görə bloqu kimdənsə ilhamlanaraq açmışam deməzdim. Mən oğlumla çox vaxt keçirirəm. Uşaq vaxtından onunla oriqamilər düzəldib, müxtəlif oyunlar fikirləşib oynayırdıq. Düşündüm ki, yaxşı olar ki, bir "İnstagram" səhifəsi açım və ətrafımda olan, məni tanıyan insanlarla bölüşüm. Bəlkə onlar üçün də bir fikir olar ki, öz övladları üçün belə maraqlı oyunlar hazırlasınlar, belə gözəl vaxt keçirsinlər və nəticədə səhifəmi bloqa çevirdim. Zaman keçdikcə düşündüm ki, əgər mən kitab oxumağı, faydalı məlumatlar toplamağı, inkişaf etməyi çox sevirəmsə, niyə görə mənim bildiklərimdən digərləri faydalanmasın? Bu məqsədlə də qərar verdim ki, səhifəmi bloqa çevirim.

"Azərbaycanda bloger olmaq..." cümləsini necə tamamlaya bilərsiniz?

- Azərbaycanda bloger olmaq çox asandır. Çünki cəmiyyətimiz aktiv sosial şəbəkə istifadəçilərinin həyatını izləməyi, kim hansı restoranda yemək yeyirsə, kim harada şəkil çəkdirirsə, onları görməyi çox sevir. Bu səbəbdən də gedib bir səhifə açıb, hansısa restoranda şəkil çəkdirib paylaşan adını bloger qoyur. Cəmiyyətimiz də onu bloger olaraq qəbul edir. Bu gün aktiv sosial şəbəkə istifadəçilərinin əsl blogerlərdən qat - qat çox izləyicisi var. Blogerin öz təcrübəsi əsasında paylaşdığı faydalı məlumatı izləyicinin oxumağa hövsələsi çatmır. Çox vaxt oxumadan sadəcə bəyənib keçməklə kifayətlənir, heç rəy belə yazmır. Mən əminəm ki, faydalı blogerlərin 3-4 postunu oxusalar, onlarda artıq maraq yaranacaq, bayağı səhifələrdən uzaqlaşacaqlar.

Bu məşğuliyyət sizə yeni qapılar açıbmı?

- Mən texnologiyanın yeni tərəfləri ilə tanış oldum, istifadəsini bilmədiyim bir çox alətlərdən istifadəni öyrəndim, daha çox araşdırdım, oxudum, məlumat topladım və "İnstagram" mənə çox yaxşı insanlar qazandırdı. Onlar mənim izləyicilərimdir və mənə öz dəstəklərini heç vaxt əsirgəmirlər. Bir nəfəri isə xüsusi vurğulamalıyam. Mən bloq yaratmamışdan öncə düşündüm ki, əvvəlcə bilməliyəm ki, bloq nədir, bloger nədir. Eva Səfərovanın yazdığı kitab, suallarıma verdiyi cavablar bu yolda mənə rəhbər oldu.

Özünü bloger adlandıranlara sözünüz nə olardı?

- Bu gün "İnstagram", sosial şəbəkələr özünə bloger deyənlərlə doludur. Baxanda bilmək olmur ki, bu insan aktiv sosial şəbəkə istifadəçisidir, blogerdir, ya "influencer"dir. Bunları ayıra bilmək lazımdır. Bloger, "influencer", aktiv sosial şəbəkə istifadəçisi - hər üçü tam başqa şeylərdir.
Özünü bloger adlandıran, amma blogerlik haqqında təsəvvürü olmayanlara sözüm o olardı ki, əvvəlcə gedib bu barədə araşdırsınlar, blogerin nə olduğu, necə olmalı olduğu barədə məlumat əldə etsinlər. Ümumilikdə isə bloger əldə etdiyi məlumat, istifadə etdiyi məhsul, hər hansı psixoloji durum haqqında danışmazdan əvvəl onu araşdırır, öz təcrübəsindən keçirir, nəticəni izləyiciləri ilə bölüşür. Bax bu, blogerdir.

Sizcə, bu işdə özünüzü yetərincə ifadə edə bilmisinizmi?

- Bilirsiniz, "İnstagram"ın öz şərtləri var. Paylaşım üçün başlıq yazarkən müəyyən bir həcm limiti var. Ona görə də fikri aydın ifadə etmək üçün məcbursan ki, ya şərhlərdə öz fikrini davam etdirəsən, ya da əlavə şəkillərlə filan. Bu, bir az çətinlik yaradır. Ona görə çalışıram ki, mövzunu yığcam yazım, amma elə mövzular var ki, onları yığcam yazmaq olmur. Elə hisslər olur ki, onları yazmaqla, şəkillə, vloq çəkməklə insanlara ötürmək olmur. Bu da virtual aləmin yaratdığı bir çətinlikdir.

Bu işə başlamaq istəyənlərə tövsiyəniz nə olardı?

- Tövsiyəm o olardı ki, ilk olaraq səhifələrinin hansı mövzuda olacağını müəyyənləşdirsinlər. Öz auditoriyalarında sorğu keçirsinlər, öyrənsinlər ki, izləyiciləri ən çox səhifədə nələri görmək istəyir. Auditoriyanızın maddi vəziyyətini öyrənməlisiniz. Sual qoya bilərsiniz ki, aylıq gəliriniz nə qədərdir? Məsələn, mənim auditoriyamın aylıq gəliri 350 - 500 manat arasındadırsa, mən onlara heç vaxt 700 manatlıq məhsulu təqdim edə bilmərəm. Burada mən uduzaram, izləyicim məndən qaçar. Blogerə əməkdaşlıq üçün təklif gələndə o, baxmalıdır ki, bu məhsulun qiyməti auditoriyasının büdcəsinə uyğunudur, ya yox. Əgər uyğundursa, onu öz təcrübəsindən keçirib, istifadə etdikdən sonra faydalı hesab edirsə, öz izləyiciləri ilə bölüşüb, reklam edə bilər.

Bloqda mütləq öz ideyalarınız olmalıdır. Məsələn, mən oxuduğum bir kitab haqqında vloq çəkirəm. Amma bu vloqu istəmirəm ki, təkcə kameranın qarşısında durub, kitab haqqında danışaraq, adi formada çəkim. Fərqli ideyalar axtarıram ki, izləyicilərimə də maraqlı olsun. Blogerlik ilk başlarda maddiyyat tələb edir. Ştativ, yaxşı kameralı telefon, kitablardan yazırsansa, yaxşı kitablar almalısan. Maraq cəlb edə bilmək, gündəmdə qalmaq üçün təzə başlayanda aktivliyiniz 100 faiz olmalıdır. Ən azı bir gündən bir yeni paylaşım etməlisiniz. Bloger öz şəxsi həyatını paylaşaraq izləyicilərinin gözünü yormamalıdır. Hekayələrində izləyicilərinin maraq dairəsini əhatə edən paylaşımlara yer verməlidirlər.

Bir də yeni başlayanlara və özünü bloger adlandıranlara tövsiyəm odur ki, "Pinterest" proqramından götürdüyünüz şeyləri bloqunuzda paylaşmayın. Öz ideyanız olsun. Bu gün izləyicini aldatmaq olmur. Axtarışa verəndə plagiat olub-olmadığını anlamaq çox asandır.

Sizi digər blogerlərdən fərqləndirən özəllikləriniz nələrdir?

- Bu gün ölkəmizdə peşəkar, işini bilən blogerlər yetərincə var. Məni isə digərlərindən fərqləndirən cəhətim odur ki, mən yalnızca faydalı hesab etdiyim şeyləri paylaşıram, yerli-yersiz öz şəkillərimi paylaşmıram, yeni ideyalar axtarıram. Karantin şəraiti ilə bağlı onsuz da insanlar çıxıb yeni şeylər görə bilmir.

İzləyicilərinizin ən çox diqqətini cəlb edən, daha çox marağa səbəb olan hansı mövzudakı paylaşımlarınız olur?

- İzləyicələrimi daha çox faydalı məlumatlar haqda olan paylaşımlarım maraqlandırır. Bir qisminə isə ana-övlad münasibətləri, uşaqla vaxtın necə keçirilməsi, uşaq psixologiyası, az bir qisminə isə kitablar, yeməklər haqqında olan paylaşımlarım maraqlıdır.

Bəs siz ən çox hansı mövzularda yazmaqdan zövq alırsınız?

- Mən ən çox uşaqla davranış qaydaları, uşaq psixologiyası, hansı oyun, hansı cizgi film uşağa necə təsir edir, uşaqları texnologiyadan necə uzaq tutmaq olar barəsində yazmağı çox sevirəm. Bundan başqa kitablar, yemək reseptləri, faydalı tövsiyələri öz izləyicilərimlə bölüşməkdən zövq alıram. Ümumiyyətlə, mən uşaqlıqdan öyrəndiyim yeni şeyləri ətrafımdakılar ilə bölüşməyi böyük xoşbəxtlik hissi hesab edirdim və kimsə mənim sayəmdə bir şey öyrənəndə: "Güney, nə yaxşı ki, biz bunu bildik",- deyirdisə, mən sevinirdim ki, ətrafımdakı insanlara yaxşılığım dəydi.

Bəzi blogerlər özlərinə ləqəb götürüb. Siz isə ləqəbdən istifadə etmirsiniz, ad, soyadınızla blogerlik edirsiniz. Bunun xüsusi bir səbəbi varmı?

- Bəli, ləqəb götürənlər çoxdur. Amma Güney adını daşıyan biri ləqəb götürməməlidir deyə düşünürəm. Çünki adım özü belə fərqlidir və o, mənim motivasiya mənbəyimdir. Ona görə də "İnstagram"da bloqumun adı elə @guney_fridunbeyova dır.

Gününüzün neçə saatını bu sahəyə sərf edirsiniz?

- Mən planlı biriyəm. Səhər saat 6-da durub, idmanımı edib, ev işlərimi həll etdikdən sonra bütün gün mənim əlimdə olur. Övladıma da zaman ayıra bilirəm, işimə də, ailəmə də. Övladıma zaman ayırmaq o demək deyil ki, onun yanında otururam. O, cizgi filmə baxır. Onunla birlikdə yeni oyunlar oynayırıq, onunla birlikdə mən də uşaqlaşıram. Səhifədə paylaşacağım hekayələri, paylaşımları bir gün əvvəlcədən hazır edib qoyuram ki, sabah bunları paylaşacam. Gün ərzində də gələn rəylərə, mesajlara cavab vermək üçün 3-4 dəfə səhifəmə girirəm. Məncə, işinizi planlı qursanız çatdırmayacağınız iş yoxdur.

Bloger fəaliyyətinə yeni başlamısınız. Başlamazdan öncə, yəqin ki, başqa blogerləri izləmisiniz. Başladıqdan sonra bu sahəyə olan fikirləriniz dəyişib?

- Blogerliyə başladıqdan sonra özünü bloger adlandıran, heç bir faydalı paylaşım etməyənləri izləmədən çıxarmışam. Getdikcə görürdüm ki, bəzilərinin paylaşdığı məlumatlar mənə lazım deyil, mən artıq onları bilirəm.

Bu sahədəki ən böyük məqsədiniz nədir?

- Bu işə başlamazdan əvvəl özümə sual verdim ki, "İnstagram"da minlərlə izləyicisi olan blogerlər varkən mənim səhifəmin it-bat olmasından, qabağa gedə bilməməsindən qorxmurammı? Dedim özümə ki, yox, qoy izləyicim az olsun, eybi yoxdur. Mən faydalı bildiyim şeyləri ətrafımdakılar ilə bölüşəcəm. Qarşıma qoyduğum məqsəd isə səhifəmi inkişaf etdirmək, gələcəkdə yetərincə tanınan bir bloqa çevirməkdir.

Paylaş
Şərh əlavə et