Gümüşhanedəki Satala Antik Şəhərindən tapılan və Son Roma dövrünə aid olan legioner zirehləri bərpa edilərək sərgiyə hazırlanıb. Roma İmperiyası dövründə hərbi qərargah kimi istifadə edilən Qədim Satala şəhərində 2020-ci ildə tapılan romalı legioner zirehləri bərpa edilib.

Son Roma dövründən günümüzə qədər gəlib çatan təxminən 1500 illik legioner zirehinin dünyada tayı-bərabəri olmadığı bildirilir. 2020-ci ildə üzə çıxarılan Lorica Squamata tipli zireh, üç illik vasvası səylər nəticəsində bərpa edilib və nümayişə hazır vəziyyətə gətirilib. Romalı legionerlərin istifadə etdiyi "Lorica Squamata" zirehləri bütün dünyada tapılan yeganə növdür. 2021-ci ildə Ərzurum Bərpa və Konservasiya Regional Laboratoriya Müdirliyinə gətirilən və ilk sənədləşmə mərhələsində torpağı ilə birlikdə qorunan zireh Ərzurum Atatürk Universitetində rentgen və tomoqrafiya ilə müayinə olunub.
Rentgen nəticələrinə görə, demək olar ki, tamamilə bütöv olduğu aşkarlanan zirehin kənarlarından götürülmüş 3 lövhəli blokun dəqiq ölçüləri və qismən metallurgiya xüsusiyyətləri mikro KT (Kompüterli Tomoqrafiya) görüntüləməsi ilə müəyyən edilmişdir.
Gərgin iş nəticəsində zirehin bütün lövhələri yerində yerləşdirilib, konservasiya və bərpa prosesləri başa çatdırılıb. Daha sonra zireh manekenin üzərinə yenidən tikilərək ilkin formasına qaytarıldı.
1500 illik Lorica Squamata tipli zireh tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
