Bu gün:

“Yazmaq mənim üçün yüzlərlə insanın cildinə girə bilməkdir”


24media.az-ın budəfəki müsahibi psixoloq,  Ovadya təxəllüsü ilə tanınmış "Məni belə çək", "Özünə yaxşı bax" kitablarının müəllifi Tural Rəhimdir.

Necə oldu ki, ədəbiyyata marağınız yarandı?

Ədəbiyyata marağım babamın təsirilə yaranıb. Babam 39 il ədəbiyyat müəllimi işləyib. Mən də gözümü açandan onun danışdığı şeirləri, hekayələri, biblioqrafiyaları yaddaşıma həkk etmiş, beləcə ədəbiyyata dərindən maraq göstərməyə başlamışam.

Bəs, yazmağa necə başladınız? Bu yolda hansı çətinliklərlə üzləşdiniz?

İlk yazılarım məktəb vaxtının sonuna, universitet illərinin başlanğıcına təsadüf edirdi. O zaman kiçik hekayələr yazmışdım. Amma bunu heç kimə göstərməmişdim. Öncə düşünmüşdüm ki, bu bir həvəsdir. Axı o zaman hər kəsin içində yazıb-yaratmaq eşqi olur. Amma zaman keçdikcə başa düşdüm ki, mənim yazdıqlarım həvəsdən yox, bacarıqdan qaynaqlanır. Hər bir insan doğularkən bir istedadla dünyaya göz açır. Bu da mənim istedadımdır. Yazmaq mənim üçün yüzlərlə insanın cildinə girə bilməkdir.

Əsərlərini bəyəndiyiniz, sizə daha çox təsir edən yazıçının kim olduğunu deyə bilərsiniz?

Əsərlərini bəyəndiyim yazıçılar çoxdur. Bura istər Azərbaycan, istərsə də xarici ədəbiyyatın nümayəndələri daxildir. Mən belə düşünürəm ki, oxuduğumuz hər bir kitabın bizə təsiri var. Amma "yaradıcılığa təsir edən yazıçı" ifadəsi böyük bir məna və mahiyyət daşıyır. Çünki hər yazıçı özündən sonra gələn yazıçıların yaradıcılığına təsir edə bilmir. Mənim yaradıcılığıma təsir edən yazıçılar isə İlyas Əfəndiyev, Lev Tolstoy, Paulo Koelyo, Markiz De Sad, Mark Levi, Con Maksvell Kutzee, Frederik Beqbeder və s kimi müəlliflər olmuşdur.

Yazmaq, yoxsa mütaliə etmək?

Bu suala mənim tərəfimdən veriləcək ən gözəl cavab mütaliə edib yazmaq cavabı olardı.

Həm oxucu, həm də yazıçı olaraq kitablarınıza gələn rəyləri necə dəyərləndirirsiniz?

İlk başlardan açıqlamışam ki, hər bir oxucu mənim üçün xüsusi  bir dəyər daşıyır. Hər birisinin fikrinə hörmət edirəm. İstər mənfi olsun, istər müsbət. Sadəcə bir şeyi demək istəyirəm ki, bizim toplum tənqidl dedikdə, bunu ya tərif, ya da təhqir kimi qəbul edir. Amma tənqid inkişafa yönəlik fikirlər toplusudur. Yaradıcı insanlar tənqidə açıq olmalıdır. Çünki yaradıcılıq inkişaf nəticəsində çiçəklənir.

Bu sualı əvvəldən ünvanlamalı idim, ancaq sona saxladım. "Ovadya" hansı mənanı verir? Nə üçün bu adı seçməyi uyğun görmüsünüz?

Həm oxucuların, həm də jurnalistlərin diqqətini ən çox cəlb edən sual... İlk olaraq onu qeyd edim ki, bu mənim yaradıcılıq yolunda seçdiyim təxəllüsümdür. Ovadya qədim yəhudi dilində "Tanrıya inanan adam' mənasına gəlir. Adı seçməyimimə səbəb isə özümə ən yaxın olan sözlərdən hesab etməyimdir.

Bəs, Tural bəy, 6 rəqəminin həyatınızda xüsusi yeri varmı, əgər varsa, bizimlə paylaşa bilərsiniz?

Görürəm ki, siz çox diqqətlisiniz... 6 rəqəminin həyatımda xüsusi bir yeri var. Ovadya sözündəki hərflərin sayı belə altı  edir. Amma təəssüf edirəm ki, bunu kimsəylə bölüşmək istəmirəm. Bəzi şeylər vardır ki, həmişə gizli tutulmalıdır.

Sonuncu sualım gələcək planınız haqqında olacaq. Oxucularınızı sevindirəcək hansı planınız var? Yeni kitab yazmağı düşünürsünüzmü?

Bir ildir ki, yeni kitab üzərində çalışıram. Artıq bu ay əziyyətimin bəhrəsini görəcəm. Bu dəfəki romanımın süjeti və hekayəsi digərindən çox fərqlidir. Qadınların oxumasını çox istəyərdim. Əminəm ki, çoxu özünü orada tapacaq.

Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et