Bu gün:

Dağınıq olmaq xəstəlikdirmi?


Səliqəli olmaq həmişə ideal vəziyyət kimi təsvir edilir. Sosial olaraq, işdə və ya ortaq yaşayış sahəsini paylaşdığınız yerlərdə çox dağınıq olmamağınız gözlənilir. Eləcə də, hər an qonaq gələrmiş kimi evini təmiz saxlamağa çalışan nənələrimizi xatırlayanda evdə səliqə-sahmanın belə sosial narahatlıqla əlaqəli olduğu açıq-aydın görünür. Cəmiyyətin mühakimə baxışlarından uzaq, öz məkanınızda seçdiyiniz nizam tamamilə sizə bağlıdır. Bəzi insanlar səliqəsiz masada nizam yaratmaqda özünü rahat hiss edə bilir, bəziləri isə hər şey öz yerində olanda diqqətini cəmləyə bilir. Əslində bütün bu davranışlar tamamilə normaldır. Bununla belə, bəzi hallarda qeyri-mütəşəkkillik və ya həddindən artıq qarışıq davranış şəxsiyyət xüsusiyyətləri və ya psixoloji vəziyyət haqqında bəzi fikirlər verə bilər.

Dağınıqlıq və psixi sağlamlıq

Dağınıq bir otağa sahib olmaq bir çox amillərin nəticəsi ola bilər. Ola bilsin ki, çox məşğulsunuz və otağınızı təmizləmək və təşkil etmək üçün vaxtınız azdır. Çox şeyiniz olduğuna görə və ya hər zaman ətrafda qaçan uşaqlarınız olduğuna görə dağınıq ola bilərsiniz. Ancaq bütün bu səbəblərdən asılı olmayaraq, otağınızın səliqəsi psixiatrik vəziyyətinizlə əlaqələndirilə bilər. Məsələn, Obsesif Kompulsif Pozğunluğu diaqnozu qoyulan insanların hər şeyi səliqəli saxlamaq üçün həddindən artıq səy göstərdikləri görülür, bu səy onların gündəlik həyatlarına mənfi təsir edir, dağınıq mühitlərdə özlərini narahat hiss edirlər. 

Dağınıq olmaq normaldır?

Əgər təmizlik və səliqə-sahman sizin üçün təkcə prioritet iş deyilsə və evinizin səliqəli olması və ya olmaması sizi narahat etmirsə; Bu o deməkdir ki, səliqəsizliyiniz yalnız xarakter xüsusiyyətlərinizdən və şəxsi üstünlüklərinizdən qaynaqlanır. Əgər dağınıqlıq sizi narahat edirsə, lakin siz dağınıqlığı təmizləməyə başlaya bilmirsinizsə, bu da olduqca normaldır. Bəzən mütəşəkkil olmağa çalışmaq həddən artıq çətin olur. Dağınıqlığı düzəltmək və səliqəyə salmağa başlamaq hər şeydən daha çətin ola bilər. Bunun həlli sadədir, qısa addımlarla effektiv şəkildə prioritetləşdirilərək dağınıqlıq aradan qaldırıldıqdan sonra heç bir problem olmayacaq; Ancaq normalda çox mütəşəkkil olan biri birdən-birə nizamsızlaşmağa başlayırsa, bu depressiya əlaməti sayıla bilər. Çünki depressiya baş verəndə insan səliqə-sahman etmək və ya gündəlik təmizlik işləri aparmaq üçün lazım olan enerjini tapmaqda çətinlik çəkir. Birdən əvvəlkindən daha da nizamsız olduğunuzu anlasanız və vəziyyəti düzəltmək istəsəniz də enerjinizi toplaya bilməyəcəyinizi hiss edirsinizsə, bunu depressiya əlaməti hesab edib mütəxəssis psixoloqa müraciət edə bilərsiniz.

Mənbə: hthayat.haberturk.com

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et