Bu gün:

“10 dəfə də universitetə qəbul olsam, yenə BDU-nu seçərdim”


24Media-nın növbəti müsahibi BDU-nun builki məzunu, universitetin keçmiş ictimai simalarından biri, AzMİU-nun magistrantı Nicat Əhədidir. Bu söhbətimizdə o, öz təcrübəsinə əsasən uğurlu tələbəlik illəri ilə bağlı tövsiyələrini bizimlə bölüşdü.



Oxuduğunuz universitetin ictimai siması olmaq necə bir hiss idi?

- İlk başlarda çox xoş və qəribə bir hiss idi ki, oxuduğum universitetdə əksəriyyət tərəfindən tanınıram. Vaxt keçdikcə, müxtəlif layihə və tədbirlərdə iştirak etdikcə artıq bu adi bir hal aldı mənim üçün. Bundan başqa, tələbələrin böyük bir qismində qrup olaraq sanki güvən hissi oyatmışdıq, bizim tədbirlərimizə gələndə maraqlı olacağına inanaraq, həvəslə gəlirdilər, zal dolurdu. Hətta bizim tədbirləri ayaq üstə izləyən tələbələr də olurdu. Tədbirdən sonra sosial şəbəkələr vasitəsilə tədbirin necə maraqlı olduğunu deyib təşəkkür edir, növbəti tədbirin nə vaxt olacağını soruşurdular. Bununla yanaşı, hər zaman da rəhbərlik tərəfindən müsbət rəylər alırdıq.

Universitet tələbələri, sizcə, bu dövrü monoton keçirməmək üçün nələr etməlidirlər?

- Əvvəlcə, əgər tələbə hansısa xüsusi istedada malikdirsə, gərək bunu bilsin, özünə bələd olsun. Universitetdə öz istedadına, bacarığına uyğun sahələrlə bağlı fəaliyyət göstərən dərnəklərə, qruplara üzv olsun. Onlarla fəal əməkdaşlıq edib, özünü inkişaf etdirsin. Məsələn, mənim uşaqlıqdan təqlid etmə bacarığım var. Edəndə mənə adi, hamının edə biləcəyi bir şey kimi gəlsə də, bu bacarığım ətrafımdakıları çox təəccübləndirirdi. Bir gün "Miss & Mister BDU" adlı müsabiqənin afişasını gördüm. Qatıldım da. Amma mənim qatılma məqsədim tam başqa idi. Afişanın aşağı hissəsində "Mükafat və hədiyyələrdən başqa filmdə rol almaq şansı verilir" cümləsi yazılmışdı. Bu yazı çox diqqətimi çəkmişdi. Bu yarışda həm də hər kəs özünün hansısa xüsusi bacarığını göstərməli idi. Bununla da mən ilk dəfə səhnəyə çıxdım, "stand up" etdim. Böyük əksəriyyət də bəyəndi. Bundan sonra "Sən İstedadsan" müsabiqəsinə qatıldım və finala qaldım. Artıq universitetdə asılmış hər bir afişaya diqqətlə baxırdım. Fakültəmizdə elanlar lövhəsinə asılmış bir afişa gördüm. “Şən və Hazırcavablar Klubuna qeydiyyat davam edir”. Bir neçə gün qatılıb qatılmamaq barədə düşündüm. Daha sonra isə qatılmamağa qərar verib öz qrupumu yaratmaq üçün THİK-ə yaxınlaşdım. 2016-cı ildə komitə sədri ilə görüşdüm və müsbət reaksiya verdi. Mənə güvəndiyini və məsuliyyətimə bələd olduğunu vurğuladı. Beləliklə, BDU Yumor Qrupu yarandı. Qısacası, özünüzə güvəniniz varsa, universitet daxilində keçirilən yarışlarda, müsabiqələrdə çalışdıqca iştirak edin.

Həm müxtəlif layihələrə başçılıq etmək, həm də universitet fənlərinə, imtahanlara hazırlaşmaq - ikisi birdən çətin olmurdu?

- Çətin olmurdu. Çünki biz hazırladığımız tədbirin məşqlərini dərs vaxtında etmirdik. Məsələn, 2-ci növbə oxuyanda səhər-səhər, 1-ci növbə oxuyanda isə dərsdən sonra məşq edirdik və hər birimizin də dərs saatı eyni zamanda başlayırdı. Ona görə də hər kəsdə dərslər və məşqlər paralel olaraq davam edirdi.

Mövcud şəraitə görə buraxılış kurslarının etdiyi bir çox yadda qalan tədbirləri həyata keçirə bilmədiniz. Bu mövzuya yanaşmanız necədir?

- Ən azından universitetin həyətində məzun geyimində şəkil çəkdirmək, kep atmaq istəyərdik. Amma bunun olub-olmaması mənim üçün o qədər də fərq etmir. İstədiyim kimi tələbəlik illəri keçirmişəm, 4 ildə istədiyim hər şeyə nail olmuşam. Bakı Dövlət Universiteti kimi bir universitetdə ön planda olan bir tələbə olmaq, 24 minlik universitetin Teatr Dərnəyindən cavabdeh olmaq, "İlin ən yaxşı tələbəsi" adına layiq görülmək... Bunların verdiyi qürur hissi hər şeyə dəyər.

Yenə də etmək istədiyiniz, amma edə bilmədiyiniz bir şey var universitetlə bağlı?

- Təbii ki. Universitetdə aktyorluq üzrə müsabiqə keçirmək istəyərdim. Amma bunun üçün bu sahə ilə maraqlanan tələbələrin artmasını, bu layihənin təkcə 1-2 fakültə ilə kifayətlənməyəcəyi vaxtı gözləyirdim. BDU-da aktyorluğu dəbə salan məhz BDU Yumor Qrupu olub. İlk dəfə "İblisanə" adlı tamaşa ilə çıxış etdik. Hamı bizdən yumor janrında nə isə gözləyirdi, amma biz dram janrı ilə səhnəyə çıxdıq və tamaşa böyük uğur qazandı. Bizdən sonra artıq başqa tələbələr də dram janrında tamaşalar ərsəyə gətirməyə başladılar. Sanki başa düşmüşdülər ki, universitetdə də dram janrında olan tamaşanı səhnəyə qoymaq olar.

Yaxşı tələbəlik illəri keçirdiyinizi nəyə baxanda anlayırsınız?

- Hər şeydən əvvəl ətrafımda olan insanlara baxanda bunu görürəm. Bundan başqa hazırladığım tamaşalar, həyata keçirdiyim layihələr, iştirak etdiyim tədbirlər yaxşı tələbəlik illəri keçirməyimin nümunəsidir. Pisi və yaxşısı ilə də tələbəlik illərində yaşadığım heç nədən peşman deyiləm. "Belə olmalı imiş", - deyirəm. Yaxşı ki də, belə olub.

Sizcə, BDU-dan başqa universitetdə oxusa idiniz, bu cür uğurlar qazanardınızmı? Yoxsa daha çoxunu qazana bilərdiniz?

- Bu sualı özüm də özümə vermişəm, amma hələ də dəqiq cavabını deyə bilmərəm. Bəlkə də burada bacardıqlarımı başqa yerdə də bacaracaqdım, bəlkə də edə bilməyəcəkdim. Ümumiyyətlə, Bakı Dövlət Universiteti tələbələrinin sayına görə ölkə üzrə 1-ci yerdədir. Tələbələrin çoxluğu belə tədbirləri daha da maraqlı edir. Ona görə, bəlkə də başqa universitetdə oxusa idim, eyni effekti əldə etməyəcəkdim.

Müşahidə etdiklərinizə əsasən, 1-ci kursdan 4-cü kursa doğru getdikcə tələbələrin universitetlə bağlı düşüncələri necə dəyişir?

- Mənim 1-ci kursdan 4-cü kursa qədər universitetlə bağlı fikirlərim heç zaman dəyişməyib. Həmişə deyirəm, 10 dəfə də universitetə qəbul olsam, 10 dəfə də BDU-nu seçərdim. Sıxıcı bir tələbəlik illəri keçirmədiyim üçün bunu rahatlıqla deyirəm. Bundan başqa BDU-da oxuyan tələbələrin böyük bir qismi kəsrlərin çoxluğundan şikayətlənirlər. Əminliklə deyirəm ki, BDU-da imtahana hazırlaşan, yaxşı oxuyan tələbə kəsilmir. Mənim 4 illik tələbəlik həyatımda cəmi bir kəsrim olub. O da imtahana, həqiqətən, yaxşı hazırlaşmadığım, fənni yaxşı mənimsəmədiyimə görə idi.

Tələbə adını yenicə qazananlara sözünüz nə olardı?

- Sadəcə dərslərə fokuslanmayın. Çoxları elə bilir ki, tələbəlik illərində dostları ilə universitetdən kənar görüşüb vaxt keçirmək tələbəlik həyatının bir hissəsidir. Xeyr, elə deyil. Tələbəlik həyatı universitet daxilində olur. Özünüzdə bir bacarıq sezirsinizsə, bunu mütləq ortaya çıxarın. Həmin bacarığınıza uyğun dərnəklərə qoşulub özünüzü inkişaf etdirin. Bu gün xarici ölkələrdəki universitetlərə nəzər yetirsək universitet daxilində musiqi, rəqs, rəsm dərnəkləri və s. bunun kimi onlarla məşğuliyyətin olduğunu görmək olar. Bunların hər biri BDU-da da var. Bu dərnəklərdə iştirak etmək qətiyyən vaxt itkisi deyil. Sosiallaşmaq, yeni dostlar tapmaq, maraqlı xatirələr toplamaq üçün olduqca ideal və əhəmiyyətli qruplardır.

Sizin hazırladığınız tamaşaların universitet daxilində hazırlanan digər tamaşalarından fərqi nə idi?

- Mən gördüyüm işin PR-nı yüksək tuturdum. Çalışdırdım ki, hazırladığım tədbir, konsert baş tutana qədər hər kəs ondan danışsın, onu səbirsizliklə gözləsin. Konsert, tədbir üçün afişalar, dəvətnamələr çıxarırdım. Dəvətnamədə adını görən tələbədə xoş bir hiss yaranırdı ki, məni şəxsən tədbirə dəvət edirlər. Belə olduqda tələbələr dəvətnamələri sosial şəbəkələrdə paylaşırdılar. Nəticədə tədbirdən xəbəri olmayanların da xəbəri olurdu. Siz nə qədər maraqlı tədbir keçirirsinizsə keçirin, əgər onun PR-nı, reklamını etməyəcəksinizsə, bundan heç kimin xəbəri olmayacaq.

Aktiv tələbə həyatı sizə nə qazandırıb?

- Aktiv tələbə həyatı mənə iş təcrübəsi, komanda ilə işləmə bacarığı, bacarıqlı kadrları seçmək, liderlik xüsusiyyətlərimi ön plana çıxarmaq, bildiklərimi başqalarına öyrədə bilmək bacarıqlarını qazandırıb. Ən əsası isə iş təcrübəsi.

Universitet xaricində qrupla və ya fərdi olaraq incəsənətə dair işləriniz olubmu?

- Keçən il "Qoca Çinar" adlı konsertimizdə Azərbaycanın mənə görə bir nömrəli komediya ssenaristi olan Fariz Əliyevi qonaq etdik. Konsertdən 10 gün sonra isə qrup olaraq bizi ofisinə dəvət etdi, mənfilərimizi, müsbətlərimizi müzakirə etdik. Bu görüşdən təxminən 10 gün sonra bizi ARB TV-nin Heydər Əliyev adına Sarayda baş tutacaq "Söhbət var" adlı konsertinə aktyor kimi dəvət etdi. Təbii ki, sevə-sevə qəbul etdik. Həmin anlarda həmkarım Sənan İbadov Fariz Əliyevə ssenarilərlə bağlı kömək etmək təklifini irəli sürdü. Açığı, bir az çəkindim, lakin Fariz Əliyevə bununla bağlı zəng etdikdə təklifimizi geri çevirmədi. Təxminən 1 ay müddətində Fariz Əliyevin tələbələri olduq və inanın ki, sadəcə bir atanın oğluna və ya oğullarına edəcəyi şeyləri bizim üçün etdi və daim də dəstək, kömək oldu. Aylar əvvəl sadəcə televizorda gördüyümüz, internetdə qarşımıza çıxan məşhur aktyorlar, aktrisalar, musiqiçilər, rejissorları bu dəfə canlı olaraq görürdük və bu, hər gün davam edirdi. Cəmil Məmmədli (JayMeel), İslam Mehrəliyev, Dilarə Əliyeva, Manana, Elcan Rəsulov və s. Hər gün təcrübələri bizdən qat-qat yüksək olan incəsənət adamları ilə birlikdə məşq edirdik. Məşq zamanı qrupdakı uşaqlarla bir-birimizə baxıb gülürdük, yuxu kimi gəlirdi. Bəzən inana bilmirdik. Bəlkə də Azərbaycanda əksər tamaşaçı filmlərimizin ssenaristlərini, rejissorlarını, qısaca olaraq, pərdə arxası sənətkarları tanımırlar. Lakin, həqiqətən, ən böyük məsuliyyət, səbir tələb edən iş onlardadır. Buna görə incəsənət sahəsində mənim tərəfimdən ən böyük təşəkkür Fariz Əliyevə düşür. O, öz məsləhətləri ilə həmişə bizim yolumuza işıq tutub.
Hər zaman yanımda olan istedadlı dostlarım - Sənan İbadov, Elnur Soltanov, Nəriman Nəcəfzadə, Orxan Babayev, Əmiraslan Həsənov, Cavid Quliyev, Elnur Səfərzadə, Elvin Əliyev, Rüfət Qarayevə də öz təşəkkürlərimi bildirmək istəyərdim.

Bundan sonra incəsənətlə bağlı planlarınız nələrdir?

- İncəsənətlə birlikdə hər zaman öz ixtisasıma da fikir vermişəm, hər zaman çalışmışam. Xəritə mühəndisliyi (Geodeziya) üzrə atam 90-cı illərdə Türkiyədə, İTÜ-də təhsil alıb. Mən də atamın ixtisasını davam etdirmək istədim. 4 il müddətində incəsənətin köməyi ilə əldə etdiyim iş təcrübəsi, sistemli və planlı iş qurma, komanda ilə iş və s. kimi təcrübələri öz ixtisasımda istifadə edəcəm. Azərbaycanda ixtisasım üzrə heç kəsin cəhd etmədiyi yenilikləri etmək niyyətindəyəm. Hədəfim ixtisasımı Azərbaycanda daha yüksək və inkişaf etmiş nöqtələrə gətirməkdir ki, buna görə də hər zaman valideynlərimin dəstəyini hiss edirəm.

Paylaş
Şərh əlavə et