Bu gün:

"Rəng çox şeyi bəzəyir, amma sadə qələm bəzəmir..."


24media.az saytının növbəti müsahibi rəssam Ərkinaz Salmanzadədir. O, rəngkarlıq ixtisasını bitirmişdir və hazırda "Sirr art" rəsm kurslarında müəllim kimi fəaliyyət göstərir.

Rəsm çəkməklə bağlı istedadı olmayan birinə rəsm çəkməyi öyrətmək mümkündür mü? Bu haqqda nə düşünürsünüz?

Bəli, istedadı olmayan, amma dəhşətli dərəcədə həvəsi olan bir insana rəsm çəkməyi öyrətmək mümkündür. Bu sualı mənə çox adam verir və mən hər zaman əminliklə deyirəm ki, istedadı, Allahdan vergisi olan yox sadəcə rəsm, rəssam görəndə gözü parıldayan uşağı mənə verin o, rəssam olacaq. Çünkü, hamımız bilirik ki, gözəl bir əsərin ərsəyə gəlməsinin 99%-i zəhmət 1%-i istedaddır. Deməli, zəhmət çəkməklə rəsm çəkmək də mümkündür.


Niyə məhz portret janrında əsərlər çəkməyə daha çox üstünlük verirsiniz?

Portret janrında rəsm çəkməyə daha çox üstünlük verirəm ona görə ki, hər bir insanın xarakterik çizgiləri mənə daha maraqlı gəlir və indiyə qədər bəlkə də beş mindən çox portret çəkmişəm. Bu portretlərin hər birində beş min yeni bir şey öyrənmişəm, beş min yeni göz görmüşəm, ifadə hiss etmişəm. Hamısı bir-birindən fərqlənir. Yəni anotomik olaraq insan rəsmi çəkəndə hər kəsə öyrədirik və özümüz də elə öyrənmişik ki, gözlər arasında məsafə bir-birinə bərabərdir, burun pərlərinin sonunda göz başlayır. Əslində kəllə etibarı ilə hamısı eynidir, amma əzələ etibarı ilə xarakterik üz quruluşları həddsiz fərqlənir və hər bir insanın baxışı, əzələsi, içindəki hiss onun portretində daha çox özünü göstərir. Yəni, insan siması insanın daxili kimyasını əks etdirən ən vacib ünsür və vasitədir. Ələ baxanda insanın yaşını müəyyən etmək olar, duruşundan hər hansı bir işlə məşğul olduğunu fərz etmək olar lakin, üzündə onun daxili dünyası əks olunur. Hər şey, yaşadığı, yaşayacağı hissləri, fikirləri, nə düşündüyü, nə olduğu məhz insanın üzündə görünür. Buna görə də, portret çəkməyə üstünlük verirəm. Əslində, sadə qələmlə portret işləməyi daha çox sevirəm ona görə ki, rəng özü çox şey deyir. Rəngli rəsmlərdə bir insan ağdır, digəri daha sarıdır amma sadə qələmlə onun tonlarının göstərilməsi daha gözəl görünür. Çünkü, rəng çox şeyi bəzəyir, amma sadə qələm bəzəmir, olduğu kimi göstərir.


Sizin üçün hansı əsəriniz digərlərinə görə daha çox mənaya sahibdir?


Xüsusi olaraq fərqlənən əsərlərim çoxdur. Siz indi sual verdiniz düşündüm ki, bu yox o birini sanki daha çox istəyirəm, digəri bəlkə daha yaxındır, bu biri daha əzizdir. Seçim etmək çox çətindir, amma baxıram ki, son işlədiyim " Odu qoruyanlar" əsəri mənə daha yaxındır. Mənə elə gəlir ki, mən neçə illərdən bəri indi daha çox hansı janrda işləməliyəm, hansı üsluba üstünlük verməliyəm onu tapmışam. Fikirləşirəm ki, gələcək rəsmlərim ən çox tarixi janrda olacaq və etnotarixi, yəni qədim tarixi və müxtəlif dövrləri bir-birində birləşdirən bir əsərlər toplusu olacaq inşallah.


Fatimə Şükürova

Paylaş
Şərh əlavə et