İyunun 8-i Xətai Sənət Mərkəzində "Sirr Art" rəsm kurslarının "Sirr" adlı qrup sərgisi baş tutub. Sərgidə kursun müəllimlərinin və tələbələrinin işləri nümayiş edilib. Sərgi zamanı kursun müəllimi, gənc rəssam Asifə Cumayeva ilə həmsöhbət olduq.

Rəsmə marağınız necə yarandı və bu sahədə irəliləməyə necə qərar verdiniz?
Mən düşünürəm ki, hər bir uşağın uşaqlıqdan, onun etdiyi hərəkətlərdən, maraq sahələrindən bilinir ki, o, hansı peşənin sahibi olacaq. Mən də uşaq vaxtı nədənsə nəsə düzəldim və ya şəkil çəkim kimi maraqları olan bir uşaq idim, amma dəqiq şəkildə bilmirdim ki, kim olmaq istəyirəm və artıq yaşım artdıqca və marağımın da bu yönə olduğunu düşünəndə fikirləşdim ki, niyə də bacarığımı itirim? Və bu sahə üzrə getmək qərarına gəldim.
Sərgidə nümayiş olunan əsərləriniz haqqında kiçik bir məlumat verə bilərsiniz, Asifə xanım?

Əsərlərimin birinin adı "Sonun başlanğıcı" adlanır. Mən bu əsərimdə həyat ağacını təsvir etmişəm. Düşünürəm ki, bu həyat ağacı anlayışı hər kəsə məlumdur. Sadəcə olaraq insanlar onun dərinliyini bilmirlər. Əsər haqqında kiçik məlumat verim: Türk mifologiyasında Umay Ana deyə bir anlayış, bir mifik obraz var. Umay Ana doğurqanlıq tanrıçasıdır, yəni bizim həyata gəlməyimiz onun sayəsində olur. Umay ana ətrafa işıq saçır və belə bir anlayış var ki, insanın bədənini tərk edən ruhlar yenidən həyata gəlmək üçün bu ağacın budaqlarında gözləyirlər. Elə əsərimdə də dörd ədəd quşu təsvir etmişəm ki, bu da elə həmin ruhlardır və yenidən doğulmağı gözləyirlər. Niyə dörd deyə soruşsanız, dörd özü də, əslində çox sirrli, mənalı bir rəqəmdir. Yəni, dörd istiqamət var, dörd element var buna görə də dörd. Biz dünyaya gələndə düşünürük ki, zaman bizim üçün irəli gedir əslində belə deyil zaman bizim üçün geri gedir, geriyə doğru irəliləyir. Biz doğulanda bu həyatı nə zaman tərk edəcəyimiz qismətimizdə yazılır. Sadəcə biz bunu bilməyərək, zamanın axınına uyaraq yaşayırıq. Yəni bu, bir sonsuzluq, bir döngüdür, əsərimdəki quşlar da məhz bunu simvolizə edir. Digər işim isə "Yeddinin sirri" adlanır və bu əsərlər kompozisiyadır. Yeddi rəqəmi də eynən dörd kimi sirli bir rəqəmdir. Və belə bir düşüncə var ki, rəqəmlərin yaradılışı Allahdan gəlir.
Fatimə Şükürova
