Yuxu iki əsas mərhələdən ibarətdir: REM və qeyri-REM. Qeyri-REM yuxu mərhələsində qan təzyiqi və bədən istiliyi aşağı düşür, əzələlər rahatlaşır, ürək döyüntüləri yavaşlayır, gözlər hərəkət etmir, dərin yuxu baş verir. Bu mərhələdən sonra yuxuların çoxunun baş verdiyi REM yuxu mərhələsi başlayır. REM yuxusunda beyin aktivləşir, gözlər sürətlə hərəkət edir və qol və ayaq kimi ixtiyari əzələlərə siqnal göndərilərək bədənin tam olaraq istirahət və hərəkətsiz qalmasına şərait yaradır. Bədənin bu vəziyyətinə əzələ atoniyası deyilir.

Yuxu iflici nədir?
Əzələ atoniyası REM yuxusunun normal bir prosesidir. Onun əsas məqsədi REM yuxusunda görülən yuxuların təsirindən yarana biləcək hər hansı zədələrin qarşısını almaqdır. Bəzən dərin yuxuda olarkən elə anlar olur ki, birdən oyanırıq və gözümüzlə ətrafı müşahidə edə bilirik və ya ətrafımızdakı səsləri eşidirik, lakin hərəkət edə bilmirik. Bu vəziyyət yuxu iflici adlanır.
Yuxu iflicinin səbəbi nədir?
Yuxu iflicində biz şüurluyuq və gözlərimizlə ətrafı müşahidə edə və ya səsləri eşidə bilirik. Ancaq qol və ayaq kimi könüllü əzələlərimizi hərəkət etdirə bilmirik. Çünki yuxu iflici zamanı əzələ atoniyası davam edir. Normal yuxu zamanı əzələ atoniyası hiss olunmasa da, REM yuxusu tamamlanmamış və ya bu fazaya keçid zamanı oyanmaq yuxu iflicinə səbəb olur.
Yuxu iflici olan insanlar necə hiss edirlər?
Yuxu iflici zamanı insan halüsinasiyalar görə bilər, nəfəs darlığı və ya sinəsində təzyiq hiss edə bilər. Bu bir neçə saniyə və ya bir neçə dəqiqə davam edə bilər.
Yuxusuzluq, yuxu pozğunluğu və stress ilə yanaşı, travma sonrası stress pozğunluğu, depressiya, narahatlıq və ya bipolyar pozğunluq kimi pozğunluqlar da yuxu iflicinə səbəb ola bilər. Yuxu iflici adətən nadirdir, müvəqqəti olur və ciddi sağlamlıq problemlərinə səbəb olmur. Ancaq bunu tez-tez yaşayanların həkimə müraciət etmələri tövsiyə olunur.
Yuxu iflici öldürürmü?
Yuxu iflicindən ölüm halları ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Mənbə: bilimtubitak
Tərcümə etdi: Sevil Azər
