Neptun və Uranın milyonlarla karat ağırlığında almazları ola bilər.
Almaz yağışı nəhəng buz planetlərində baş verən ekzotik yağıntı növüdür. Haqqında uzun müddətdir fərziyyələr irəli sürülən bu yağıntı növü düşünüləndən daha çox rast gəlinən bir hadisə ola bilər.
Əvvəlki təcrübədə tədqiqatçılar buz nəhəngləri Neptun və Uranın dərinliklərində aşkar edilən həddindən artıq temperatur və təzyiqləri təkrarladılar. Bu təcrübə nəticəsində ilk dəfə olaraq almaz yağışını müşahidə etdilər.
Daha sonra başqa bir araşdırma qrupu- Neptun və Uranın kimyəvi tərkibinin əsas komponentləri olan hidrogen və karbon qarışığından əldə edilən plastik material üzərində işləyib. Karbon və hidrogenlə yanaşı, buz nəhənglərinin tərkibində böyük miqdarda oksigen var idi. Oksigen karbon və hidrogenin parçalanmasını sürətləndirməkdə təsirli olur və bununla da nano almazların əmələ gəlməsinə təkan verir. Bu o deməkdir ki, karbon atomları daha asan birləşərək almaz əmələ gətirir.
Tədqiqatçılar hesab edirlər ki, Neptun və Urandakı almazlar bu təcrübələrdə əldə edilən nanoalmazlardan çox daha böyük ola bilər, bəlkə də milyonlarla karat ağırlığındadır. Min illər ərzində bu almazlar planetlərin buz təbəqələri arasında yavaş-yavaş batmış ola bilər və bərk planet nüvəsinin ətrafında qalın daşlar təbəqəsi əmələ gətirir.
Mənbə: Evrimağacıofficial
Tərcümə etdi: Günay Məmmədova.
