Bu gün:

Qazaxıstanda 2000 illik tumulda qızıl zinət əşyaları və güzgü tapılıb


Qazaxıstanın Türküstan bölgəsində təxminən 2000 il yaşı olan höyüklərdə qızıl zinət əşyaları, ox ucları və böyük tunc güzgü aşkar edilib. Əsərlərin eramızdan əvvəl 5-ci və eramızın 4-cü əsrləri arasında bölgəni idarə edən az tanınan Kanqju dövləti dövrünə aid olması güman edilir.

Türküstan vilayət hökumətinin rəsmilərinin verdiyi açıqlamaya görə, tapıntılar Kanqju dövlətinin qədim Roma, qədim Çin və daha cənubda Kuş İmperiyası ilə ticarət etdiyi bir dövrdə bölgənin yüksək inkişaf etmiş sənətkarlığını göstərir.

Arxa tərəfində dairəvi, səkkizguşəli tağlı dizaynı və ortasında ip çəkmək üçün dəlik kimi üslub xüsusiyyətlərini nəzərə alsaq, tunc güzgünün Çində eramızdan əvvəl 206-cı ildən 220-ci ilə qədər hökmranlıq edən Han sülaləsi dövründə meydana çıxdığı görünür. Açıqlamaya görə, belə əşyalar bütün Avrasiyada çox qiymətli idi (oxşar güzgülər Əfqanıstanda və cənub Ural bölgəsində də tapılıb) və bu, əşyanın dəfn edildiyi qadının varlı və nüfuzlu olduğuna işarə idi.

Qazaxıstanın Özbəkəli Zhanibekov Universitetinin komandası və yerli arxeoloqlar Türküstanın Ordabasinski rayonunda üç höyükdə yeni tapıntılar aşkar ediblər. Tumullardan ikisi qədim zamanlarda qarət edilmişdi, lakin üçüncü tumulda çoxlu əşyalar vardı.

Bürünc güzgüdən başqa, artefaktlar arasında fibula adlı Roma üslublu broş da var; böyük və kiçik boncuklar, terakota qabı, ayaqqabı, kəmər tokası, quşların ovlanması üçün nəzərdə tutulmuş ox ucu və eramızdan əvvəl I əsrə aid olduğu güman edilən iki qızıl sırğa.

Xüsusilə sırğalarda çox detallı bəzəklər var idi. Bu sırğalar polixromatik qızıl kimi tanınan, firuzəyi və yaqutla bəzədilmiş, Ayı təmsil etmək üçün aypara şəklində, üzüm salxımlarını təmsil edən alt örtüklərlə və günəş işığını əks etdirmək üçün hazırlanmış rəngli ərintidən hazırlanmışdır.


Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova





Paylaş
Şərh əlavə et