24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı qidalanma mütəxəssisi, diyetoloq Gülər Əliyevadır. O, yatmazdan əvvəl çörək yeməyin fəsadları danışıb.

Yatmazdan əvvəl çörək yemək orqanizm üçün zərərlidir?
Ümumiyyətlə, yatmazdan 3-4 saat əvvəl qidalanmanı dayandırmaq istənilən orqanizm üçün sağlamlıqdır. Bu haqda çox geniş danışmaq olar. Dahi şairimiz Nizami Gəncəvinin də dediyi kimi:
"Bir inci saflığı varsa da, suda
Artıq içiləndə dərd verir, o da."
İnsanlarımızı qidalanma ilə bağlı maarifləndirməliyik. Gecə yeməkləri, təkcə çörək deyil, ümumiyyətlə, axşam yeməyin, qidalanmağın fəsadları çoxdur. Ən əsası, bədən gecə dinlənmə, yenilənmə rejiminə keçdiyi üçün axşam yeyilən heç nəyi həzm edə bilmir. Həzmsizlik, köp başlayır. Axşamlar metabolizma sürəti zəif olduğundan kilo artması qaçınılmaz olur. Yüksək təzyiq və ürək problemi olan insanlar buna daha çox diqqət etməlidirlər, çünki gecə yeyilən çörək daxil istənilən qida qan təzyiqini yüksəldir və bildiyimiz kimi, yüksək təzyiq bir çox xəstəlikləri (ürək çatışmazlığı, infarkt, böyrək çatışmazlığı, göz xəstəlikləri) bərabərində gətirir. Bundan əlavə, yuxuya təsir edir, yuxu keyfiyyətini aşağı salır. Səhərlər dinc bir şəkildə oyanmaq əvəzinə, narahat, yorğun və əzgin bir şəkildə oyanırıq.
Ələxsus, çörək indiki dövrdə bir kabusa çevrilib. Amma əminliklə deyə bilərəm ki, heç bir qida insanı təkbaşına kökəltməz, zərər verməz. Nə də təkbaşına “sehrli bir gücə” malik olub arıqlada, sağlamlıq qazandıra bilməz. Bir diyetoloq olaraq, hər zaman pasientlərimi də belə yönləndirirəm. Önemli olan nə yediyin deyil, nə qədər yediyin və nə qədər hərəkət etdiyindir. İnsan çörək də yeyə bilər, şirniyyat da yeyə bilər, lakin miqdar mütləq önəmlidir.
Yemək üçün deyil, yaşamaq üçün yeyin. Yaşamaq üçün isə təbii qidalara, təbii qidalardan almamız gərəkən enerjilərə ehtiyacımız var. Sağlamlığınızın vaxtında qeydinə qalın.
Gülay Qəribova
