Bu gün:

Makiyajın üzdə çox qalmasının dəriyə hansı fəsadları var?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı dermatoloq Kənan Əhmədovdur. O, makiyajın üzdə çox qalmasının dəriyə təsiri danışıb.


Makiyajın üzdə çox qalmasının dəriyə hansı fəsadları var?

Makiyajın üzdə çox qalması dərinin nəfəs almasını məhdudlaşdırır. Makiyaj dəridə bir təbəqə yaradır və bu, dərinin təbii nəfəs almasını əngəlləyir. Nəticədə, dəri hüceyrələrinin yenilənməsi yavaşlayır. Uzun müddət makiyajla qalmaq dəridə məsamələrin tıxanmasına səbəb olur. Bu da sızanaqların, qara nöqtələrin və digər dəri problemlərinin yaranmasına gətirib çıxara bilər.

Makiyaj məhsullarında olan kimyəvi maddələr dəridə qıcıqlanmaya və həssas dəri olanlarda allergik reaksiyalara səbəb ola bilər. Makiyajın təmizlənməməsi dəridə bakteriyaların yığılmasına səbəb olur və bu da infeksiyalara yol aça bilər. Uzun müddət makiyajın qalması, dərinin qocalma prosesini sürətləndirə bilər. Göz ətrafında makiyajın uzun müddət qalması göz infeksiyalarına və ya qıcıqlanmaya səbəb ola bilər. Göz makiyajı məhsulları gözə düşə bilər və bu, qızartı, yanma və digər problemlərə yol aça bilər. Bundan əlavə, tuşun uzun müddət istifadəsi, kirpiklərin nazikləməsinə və tökülməsinə səbəb olur. Pomadaların (xüsusilə də, mat pomadaların) dodaqda çox qalması, dodağın qurumasına səbəb olur.

Bu səbəblərə görə, hər gün makiyajınızı təmizləmək və dərinizə qulluq etmək çox vacibdir. Makiyaj təmizləyici vasitələrlə dərini yaxşıca təmizləmək və nəmləndirici krem istifadə etmək dərinin sağlamlığını qorumaq üçün əhəmiyyətlidir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et