24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı "Diet" kitablarının müəllifi, tanınmış həkim-diyetoloq Leyla Zülfüqarlıdır. O, yarımfabrikat məhsullardan danışıb.

Yarımfabrikat yeməklər insan sağlamlığı üçün zərərlidirmi?
Yarımfabrikat qidalar çox ziyanlıdır, çünki hər qidanın ömrü var. Ev şəraitində özünüz hazırlamısınızsa, yarımfabrikat məhsulları iki-üç gündən artıq saxlamaq olar. Müəyyən xəmir məhsulları var ki, biz onun tərkibini bilirik. Bu məhsulları donmuş şəkildə saxlayıb, sonra bir dəfə bişirib yeyirik. Amma marketlərdə olan yarımfabrikatlar fərqlidir. Dəniz məhsullarının, toyuq məhsullarının, xəmir və undan hazırlanmış bişmələrin yarımfabrikatları var. Bu məhsulların tərkibində qatqı maddələri olur. Kimyəvi qatqılar olan məhsulların dondurulmuş şəkildə uzun müddət saxlanılması orqanizm üçün faydalı deyil.
Qidalar orqanizmə maddə, element, vitamin və mineral verməlidir. Amma piştaxtalarda olan yarımfabrikatlar bu maddələri saxlamır. Tərkiblərində çoxlu kimyəvi qatqı olur. Dondurulmuş məhsulların özlərinin də bir saxlama müddəti var. Bu müddət bir aydan çox olmamalıdır. Amma marketlərdə olan məhsulların nə qədər qaldığı məlum deyil. Buna görə də, məhsulun daha uzun müddət saxlanması üçün xüsusi maddələr qatılır. Yarımfabrikat məhsullar ev şəraitində hazırlanıbsa və özünüz tərəfindən edilibsə, onu müəyyən mənada qəbul etmək olar. Amma mənşəyi məlum olmayan yarımfabrikatlar ziyanlıdır.
Gülay Qəribova
