Facebook, Twitter, Instagram və s. kimi sosial media şəbəkələrinin ruhi sağlamlığa təsiri böyükdür. Sosial medianın yuxularımıza təsirləri ilə bağlı elmi araşdırmalar nə deyir?

Sosial mediada nə qədər çox vaxt keçirsəniz, rahatlığınıza təsir edən, narahatlığa və yuxunun pozulmasına səbəb olan sosial media ilə bağlı xoşagəlməz yuxular görmə ehtimalınız bir o qədər yüksəkdir.
Flinders Universitetindən Reza Şabahang deyir ki, sosial medianın geniş və sürətli mənimsənilməsi yuxular da daxil olmaqla həyatın müxtəlif aspektlərinə təsir etmək potensialına malikdir. Təhsil, Psixologiya və Sosial İş Fakültəsindən Şabahang izah edir:
"Sosial media həyatımızla getdikcə daha çox qarışdıqca, onun təsiri hətta oyaq saatlarımızdan kənara çıxa və yuxularımıza təsir edə bilər". O həmçinin əlavə etmişdi:
"Tədqiqatımız sosial media kabusları anlayışını təqdim edir ki, bu da kiber zorakılıq, onlayn nifrət və ya həddindən artıq sosial media istifadəsi kimi sosial media ilə əlaqəli mövzuları əhatə edən kabuslar kimi müəyyən edilir".
Sosial media ilə əlaqəli kabuslar nisbətən nadir olsa da, gündəlik həyatlarında sosial mediadan daha çox istifadə edənlərin sosial media ilə əlaqəli kabuslar görmə ehtimalı daha yüksəkdir və bu kabuslar narahatlıq, depressiya və yuxunun azalması kimi mənfi psixi sağlamlıq nəticələri ilə əlaqələndirilir. Şabahang araşdırmanı belə şərh edir: "Bu araşdırma sosial media istifadəsi, psixi sağlamlıq və yuxu keyfiyyəti arasındakı mürəkkəb əlaqələrə işıq salır".
Texnologiya və mediada, o cümlədən süni intellekt və virtual reallıqda sürətli irəliləyişlər, eləcə də bu texnologiyalardan asılılığın artması və onlarla dərin inteqrasiya ilə texnoloji və media məzmunlu yuxuların daha tez-tez olacağı gözlənilir.
Müəllif xəbərdarlıq edir ki, texnologiya inkişaf etməyə davam etdikcə, sosial medianın istifadəçilərin yuxu təcrübələrinə təsirini daha yaxşı başa düşmək üçün daha çox araşdırmaya ehtiyac var:
Gələcək tədqiqatlar, süni intellektin təhlükəsi ilə bağlı, onunla əlaqəli görülən yuxular kimi məsələləri araşdıraraq bu tədqiqatın əhatə dairəsini genişləndirmək potensialına malikdir.
Tədqiqat sosial media ilə bağlı kabusların baş verməsini azaltmaq üçün sosial mediadan məsuliyyətli və diqqətlə istifadə etməyin vacibliyini vurğulayır.
Mənbə: evrimağacı.com
Tərcümə etdi:Aytac Musayeva
