Bu gün:

Bacı-qardaş qısqanclığı nədir?


Uşaqlarda bacı-qardaş qısqanclığı kiçik yaşda bacı-qardaş sahibi olduqda özünü göstərən və davranış pozğunluqlarına səbəb ola bilən bir duyğudur.

Qısqanclıq təbii bir duyğu olsa da, insanın sevdiyi bir insanı və ya bir obyekti başqası ilə bölüşmək istəməməsidir ki, bu da onu çox bədbəxt edə bilər. Ən çox rast gəlinən qısqanclıq növü birdən çox uşağı olan ailələrdə baş verən bacı-qardaş qısqanclığıdır. Bacı-qardaş arasında qısqanclıq, həddindən artıq olmamaq şərti ilə qeyri-adi deyil. 

Əhəmiyyətli olan qısqanclığın nə dərəcədə yaşandığıdır. Uşaq hər kəsin özündən daha yaxşı olduğunu düşünə və özünün hamıdan daha az sevildiyini hiss edə bilər.

Kiçik uşaqlarda bacı-qardaşlarına qarşı qısqanclıq tədbir görülmədikdə davranış pozğunluqlarına səbəb olacaq qədər şiddətli ola bilər. Bu, həmçinin mütəxəssis köməyi də tələb edə bilər.

Bacı-qardaş qısqanclığının əlamətləri hansılardır?

Bacı-qardaş qısqanclığının müxtəlif əlamətləri olsa da, əsas əlamət uşağın valideynlərindən uzaqlaşmasıdır. Digər simptomlardan bəziləri odur ki, uşaqlar öz bacı-qardaşlarına qarşı zorakılığa meyllidirlər və hər fürsətdə onlara zərər verməyə başlayırlar.

Bundan əlavə, uşaqda birdən ortaya çıxan yataq islatma, barmaq əmmə kimi problemlər bacı-qardaş qısqanclığının əlamətləri ola bilər. 

Bu qısqanclığın digər əlamətləri aşağıdakılardır:

- Uşaqda kədər, kin, qəzəb, nifrət və intiqam düşüncələri kimi qarışıq duyğular, həmçinin bacı-qardaşına sevgi, qorunma və yaxınlıq hiss etmək istəyi 

- Sevilmədiyi düşüncəsi ilə valideynlərindən tamamilə uzaqlaşma, özünə qapanma, yemək yeməmə və arıqlama

- Diqqəti özlərinə çəkməyə çalışmaq 

- Özlərinə, insanlara və ətrafdakı obyektlərə qarşı aqressiv davranma

- Evdən çıxmaqdan imtina etmək, məktəbə getmək istəməmək 

Bəzi uşaqlar qısqanclıq hisslərini açıq şəkildə ifadə edə, qardaşını vurmaq, bacısının oyuncağını sındırmaq kimi davranışlar göstərə bilərlər. Bəzi uşaqlar isə öz emosiyalarını boğaraq, bacı-qardaşlarına həddindən artıq sevgi göstərə bilərlər. Ümumiyyətlə, bu davranışın altında yatan səbəb valideynlərin sevgisini itirmək və reaksiya almaq qorxusudur. 

Bundan əlavə, bacı-qardaş qısqanclığının digər əlamətləri aşağıdakı kimi müşahidə edilə bilər;

• Kəkələmə

• Sürünməyə qayıtmaq

• Körpə kimi danışmaq

• Butulka ilə qidalanmaq istəmək

• Əmzikdən istifadə etməyə başlamaq

• Anadan həddindən artıq asılı olmaq

• Nitqin gecikməsi

Bacı-qardaş qısqanclığı halında nə etmək lazımdır?

Bu qısqanclığa səbəb olmamaq üçün ana və ataların bir çox vəzifələri var. 

- Uşaq və valideyn arasındakı əlaqənin gücləndirilməsi

Bacı-qardaş qısqanclığı halında valideynlər övladları ilə əlaqəni gücləndirməli və uşağa heç kimi onların qədər sevə bilməyəcəklərini deyərək hər uşağın sevgisinin fərqli olduğuna inandırmalıdırlar. Uşaqla vaxt və gündəlik fəaliyyətlər artırılmalıdır.

- Uşağa tez-tez gülümsəmək

Şən, çox gülən, hər zaman gülümsəyən ana və ata uşaqda stress yaradan hormonları azaltmağa və həyəcanlı vəziyyəti aradan qaldırmağa kömək edəcək. 

- Uşağa səbirli olmağı öyrətmək

- Uşaqla böyüklər kimi danışmaq

Valideynlər bacı-qardaş qısqanclığı yaşayan uşağa qarşı böyüklər kimi davranmalı və onun hisslərini öyrənməyə çalışaraq onunla danışmalıdırlar. 

- Hamiləlik zamanı ailə ağsaqqallarından kömək istəmək

Hamiləlik dövründən başlayaraq ailə böyüklərdən uşaqla bağlı yardım ala bilərlər. Həm hamiləlik dövründə, həm də uşaq doğulduqdan sonra böyük uşağın yemək yemək, ev tapşırığı etmək, çimmək kimi özünə qulluq ehtiyaclarını ailənin böyükləri öz üzərinə götürsələr, qısqanclığın qarşısı alına bilər, çünki uşaq özünü kənarda hiss etməyəcək. 

Mənbə: Erdem Psikiyatri Merkezi

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et