Bu gün:

Günəş kremlərini necə seçmək lazımdır?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı dermatoloq Sevinc Kərimovadır. O, günəş kremlərindən istifadə barəsində danışıb.

Havaların isinməsi ilə günəş kremlərinə olan tələbat artıb. Lakin alıcıların əksəriyyəti günəş kremlərinin keyfiyyətinə və hansı şəraitdə satıldığına fikir vermirlər.

- Bəs günəş kremlərini necə seçmək lazımdır?

Artıq yay fəsli başlayıb, hər kəs səbirsizliklə qışdan bəri yayın gəlməyini, havaların isinməsini gözləyir. Çünki hamı çimərliklərə tələsir. Buna görə də, ilk öncə dərimizi günəşin zərərli təsirlərindən necə qoruyaq barəsində sizə qısa məlumat vermək istəyirəm. 

Artıq keçən mövsümdən qaralmış dəri qış aylarından özünün təbii rənginə qayıdır, yəni günəşdə qaralmış dəri öz rəngini bərpa edir. Buna görə də növbəti yay fəslində günəşdən faydalanmaq istəyən insanlara demək istəyirəm ki, ilk dəfə çox açıq paltarlar geyinirlərsə, və yaxud da çimərliyə üz tuturlarsa, uzun saatlarla günəş altında qalmasınlar, çünki dəridə melanim piqmenti azalmış olur. İlkin olaraq, yarım saat günəşlənmək olar. Bir neçə gündən sonra bir saat, yəni az-az günəş vannası qəbul etdikdə dəridə melanim piqmenti artıq çoxalmağa başlayır. 

İlkin yarım saatlıq günəşləndikdə dəridə müəyyən qədər melanim piqmenti artır və yanıqlar əmələ gəlmir. İkinci dəfə günəşlənərkən artıq dəri rəngini müəyyən qədər tündləşdirir ki, bu da günəşdən yanmanın qarşısını alır. Və tədricən rəngi tündləşdikcə növbəti dəfələrdə daha uzun müddət qalmaq olar. 

Artıq bildiyimiz kimi günəşin Yer səthinə perpendikulyar düşdüyü saatlar təqribən 11-dən 4-ə qədərdir. Bu saatlarda günəş altında qalmaq tövsiyə edilmir. Həmçinin istənilən halda, biz günəşlənmək deyəndə yalnız çimərlikdə günəşlənməyi nəzərdə tuturuq, ancaq bu belə deyildir. Yayda artıq açıq paltarlara keçdiyimiz üçün dərinin müəyyən bir hissəsi günəşə məruz qalır. Ona görə də, hər gün evdən bayıra çıxanda mütləq şəkildə günəşə qarşı sbf adlandırdığımız kremlərdən istifadə etmək tövsiyə olunur. Sbf kremlərin üzərində rəqəmlər görürük: 20, 30, 50, 80,100. Bunlar günəşdən qorunmanın müddəti kimi hesablanır. Nə qədər böyük rəqəmdirsə, onun qorunma müddəti bir o qədər uzanmış olur. Amma istənilən halda ən güclü krem belə 4 saatdan artıq qoruya bilməz. Buna görə də gün ərzində bu krem təbəqəsini bir neçə dəfə yeniləmək vacib sayılır. Ancaq onu da nəzərinizə çatdırım ki, baxmayaraq ki krem çəkirik, bu o demək deyil ki saatlarla günəşin altında uzana bilərik. Bu yanlış fikirdir, çünki bu halda dəri yanıq alır və suluqlar yaranır. 

Biz bilirik ki, günəş şüası dəriyə düşdükdə melenim piqmentiylə yanaşı orqanizmdə vitamin D sintezi baş verir. Amma bu dərəcədə dərini yandırdıqda nəinki vitamin D sintez olunmur, həmçinin dəriyə yanıq vermiş oluruq. Və dəri yanırsa, təbii ki, nekroz meydana gəlir. Hətta pasientlər müraciət edir ki, bədənlərinin böyük hissəsində böyük suluqlar var, hansı ki bu suluqların özü də orqanizmə zəhərlənmə verir. Və bu da tək dəriyə deyil, bütün orqanizmə zərərlidir.

Onu da vurğulayım ki, günəşə qarşı kremlər seçərkən tanıdığınız, brend firmalar olmalıdır ki, onların istehsal etdiyi məhsullar keyfiyyətli olsun. Bəzən satışda mənşəyi məlum olmayan sbf kremləri var. Bunlar da nəinki günəşdən qorumur, hətta tərkibində bəlli olmayan maddələr səbəbindən dəriyə zərər vura bilər. Ona görə də, tövsiyəm odur ki, bu tip kremləri alarkən istehsal tarixinə, hansı firma tərəfindən istehsal olunduğuna, tərkibinə bir nəzər yetirin.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et