Bu gün:

Həftədə neçə dəfə ağrıkəsici qəbul etmək daha düzgün olar?


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı həkim-terapevt Nərminə Abbasovadır. O, ağrıkəsicilərdən danışıb. 


Həftədə neçə dəfə ağrıkəsici qəbul etmək daha düzgün olar?

 

-Ağrı hər hansı bir xəstəliyin simptomu olaraq ortaya çıxır. Ağrılar müxtəlifdir, kəskin və xroniki ağrılar var. Kəskin ağrılar zamanı ağrıkəsici qəbul etmək məsləhət deyil. Məsələn, daxili orqanlarda, qarın boşluğunda olan kəskin ağrılar zamanı ağrının səbəbinin nə olduğunu bilmədən ağrıkəsici qəbul etmək qəti qadağandır. Çünki həmin anlarda ağrıkəsici simptomu azaldıb və xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Kəskin ağrılar ani baş verən və qısamüddətli ağrılardır, xroniki ağrılar isə 3-6 ay ərzində davam edərək nisbətən sakit, amma hər gün davam edən ağrılardır. Demək olar ki, bu ağrılar bəzən insanın həyat keyfiyyətini çox aşağı salır, lakin buna baxmayaraq, dözüb ağrıkəsici qəbul etməyən insanlar da var. Belə hallarda dərhal ağrıkəsici qəbul etməkdənsə, həkimə müraciət edib xəstəliyin səbəbi araşdırılmalıdır. Qeyd edim ki, həkim göstərişi ilə kəskin ağrılar zamanı gün ərzində bir dəfə ağrıkəsici qəbul etmək olar. 


İnsanlar ağrıkəsici kimi qeyri-steroidlərdən çox istifadə edirlər. Bu dərmanları bir dəfədən artıq istifadə etmək qadağandır, çox ağır hallarda həftədə iki dəfə qəbul etmək olar. Ən əsası, bu kimi dərmanların qəbulunu azaltmaq tövsiyə olunur. Çünki onların ağrıkəsici kimi təsirindən əlavə iltihab əleyhinə təsiri də var, amma əks təsirləri daha çoxdur. Qeyd edim ki, 40% -ə yaxın baş ağrıları, 30%- dən çox bel ağrıları, əlavə olaraq da diz ağrıları insanları daha çox narahat edir. Bu ağrıların şiddətindən əlavə onun uzunmüddətliyini, yəni xroniki halda olduğunu nəzərə aldıqda mütləq həkimə müraciət etmək lazımdır. Ağrıkəsici qəbul etmək müalicə etmək deyil, o, müvəqqəti olaraq simptomu aradan qaldırmaq üçündür. Əlavə olaraq, demək olar ki, ağrıkəsiciləri də orqanizmin hansı nahiyəsində olan ağrıya görə seçmək lazımdır. Bunu da həkimin təyinatına görə etmək daha düzgündür, çünki xəstə özü düzgün qərar verməyə bilər, yanlış dərman seçimi edə bilər və hətta apteklərdə belə doğru yönləndirilməyə bilərlər. 

 

Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et