
Ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıq və istilik enerjisinə malik olan qaz kütlələridir.
Ulduzlar həmişə insanları gözəlliyi, parlaqlığı və əlçatmazlığı ilə cəlb ediblər. Alimlər ulduzlar haqqında kifayət qədər informasiya toplayıblar və biz də onlardan ən maraqlılarını seçib təqdim edirik.
Yerə ən yaxın ulduz hansıdır?
Təbii ki, Günəş. O, Yerdən 150 milyon km uzaqlıqda yerləşir və sarı cırtdan hesab olunur. O, 4,5 milyard ildir ki, hidrogeni heliuma çevirir və çox güman ki, hələ 7 milyard il də bunu etməyə davam edəcək. Günəş genişlənəndə Merkuri, Veneranı və böyük ehtimalla, Yeri udacaq.
Bütün ulduzların tərkibi eynidir.
Ulduz soyuq molekulyar hidrogen buludunun qravitasion sıxılmasından doğulur. Bulud hissə-hissə sıxılırsa, bu hissələrin bir çoxu ayrı ulduzlara çevrilirlər. Material şar kimi yığılır və öz qravitasiya qüvvəsi altında sıxılır, ta ki, mərkəzdəki temperatur nüvə sintezini yarada bilənə qədər. Ulduzu yaradan ilkin qazlar hələ Böyük Partlayış zamanı formalaşmış və 74% hidrogen, 25% isə heliumdan ibarətdir. Zamanla ulduz hidrogeni heliuma çevirir. Buna görə də, Günəşin tərkibi 70% hidrogen və 29% heliumdan ibarətdir. Amma ilkin olaraq ulduzlar 3/4 hidrogendən, 1/4 heliumdan və digər mikroelementlərin qarışığından ibarət olurlar.
Ulduzların daxilində ideal balans var.
İlk baxışda istənilən ulduz öz-özü ilə konfliktədir. Bir tərəfdən ulduzun bütün kütləsi öz ağırlığı altında sıxılır. Amma qızmış qaz daxildən güclü təzyiq göstərir və qravitasion partlayışın qarşısını alır. Nüvədəki nüvə sintezi böyük həcmdə enerji yaradır. Səthə çıxmamışdan əvvəl fotonlar mərkəzdən yuxarıya doğru 100.000 il ərzində qalxırlar. Ulduz daha da parlaq olanda genişlənərək qırmızı nəhəngə çevrilir. Mərkəzdəki nüvə sintezi dayananda artıq yuxarı səthlərin artan təzyiqini heç nə saxlaya bilmir və ulduz bəyaz cırtdana, neytron ulduzuna və ya qara dəliyə çevrilir.
Ulduzların əksəriyyəti qırmızı cırtdanlardır.
Onların kütləsi Günəşin kütləsinin 50%-nə, bəzən isə hətta 7,5%-nə bərabərdir. Bu kütlədən aşağı qravitasiya təzyiqi qaz mərkəzdə sıxa bilməz və nüvə sintezi baş verməz. Qırmızı cırtdanlar Günəş enerjisinin 1/10000 hissəsini xaric edir və on milyard illərlə parlamağa davam edə bilirlər.
Ən böyük ulduzların ömrü qısa olur.
Artıq qeyd edildiyi kimi, qırmızı cırtdanın kütləsi az olsa da, bu, ona 10 milyard illərlə parlamağa bəs edir. Kütləsi çox olan ulduzlarda isə vəziyyət başqa cürdür. Məlum ən böyük ulduzlardan biri Eta Kilyadır və Yerdən 8000 işıq ili uzaqlıqda yerləşir. O, Günəşdən 4 milyon dəfə çox enerji xaric edir. Günəş milyard illərlə parlayacağı halda, Eta Kilya sadəcə bir neçə milyon il mövcudluğunu qoruyub saxlaya biləcək. Astronomların fikrincə, Eta Kilya istənilən zaman partlaya bilər və bu zaman göy üzündəki ən parlaq obyektə çevriləcək.
Mənbə:Britannica.com
Tərcümə etdi: Aytac Musayeva
