Bu gün:

Təcridedilmənin sosial psixologiyası


Sosial təcrid bir insanın qısa və ya uzun müddətə, bir qrup və ya bir fərd tərəfindən təcrid edilməsidir və sosiologiya, psixologiya və iqtisadiyyat kimi elmlər tərəfindən müxtəlif aspektlərdən araşdırılır. Hətta kiminsə bizdən inciməsi (səssiz rəftar), potensial romantik partnyor tərəfindən rədd edilməsi və ya kimsə tərəfindən görməzlikdən gəlinməsi kimi vəziyyətlər belə sosial təcridin mənfi psixoloji təsirlərini ortaya qoya bilər.

Təcridin təkamüllə uyğunlaşan qrup davranışı olduğu düşünülür. Heyvan qruplarında qrupa zərər verəcək heyvanın xaric edildiyi müşahidə edilir. Beləliklə, qrup sağ qalma şansını artırır, lakin təcrid olunmuş fərd təhlükəsizlik, qida və müdafiədən məhrum ola və ölümlə üzləşə bilər.

Təcridedilmənin gücü

Fiziki ağrıya cavab olaraq aktivləşən beyin bölgəsi və təcridedilmə təcrübəsində aktiv olan bölgə (dACC bölgəsi) oxşardır. Bu məlumatlara əsaslanaraq belə nəticəyə gələ bilərik ki, beynimiz eyni şəkildə təcrid və fiziki ağrı yaşayır və bu təcridedilmə də çox güclü fiziki reaksiyalar yaradır.

Sosial psixologiyada təcrid təcrübəsi eksperimental şəkildə qurula bilər. Qısa müddətli təcrid təcrübəsinə misal olaraq insanın yeni qoşulduğu qrupda ona diqqət yetirilməməsi və qrupun digər üzvlərinin yalnız bir-biri ilə ünsiyyət qurmasıdır. Belə təcrid insanların dörd əsas ehtiyacını ödəməyə mane olur və insanda mənfi emosiyalar yaradır. Bu bloklanmış ehtiyaclar nəzarət ehtiyacı, həyata məna əlavə etmək ehtiyacı (və ya mənalı bir varlığa ehtiyac), aid olmaq ehtiyacı və özünə hörməti qorumaq ehtiyacıdır.

Kilolu insanların, etnik azlıqların, cinsi azlıqların və ya transseksualların yaşadığı təcrid növünə uzunmüddətli təcrid daxildir və fərdin təcrid olunma ilə mübarizə qabiliyyəti zəifləyir. Həmin İnsanlar cəmiyyətdən uzaqlaşmağa başlayır, özlərini çarəsiz hiss edir və depressiyaya düşürlər.

Hətta başqasının təcrid olunmasını seyr etmək belə insanın mənfi emosiyalar hiss etməsinə səbəb ola bilər.

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et