Bu gün:

"Yazılacaq ən gözəl əsərlər hələ qarşıdadır"


24Media.az saytının növbəti müsahibi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğludur. 

"Şuşa insanları birləşdirir, dostluğa, birliyə çağırır..."

Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə İslam dünyasının mədəniyyətinin paytaxtı Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçirilib.

"Bu tarixi bir tədbir idi. İndiyə qədər keçirilən "Xarıbülbül" festivallarına bənzədiyi qədər də fərqlənirdi". Bu sözləri Baba Vəziroğlu 24media.az saytına müsahibəsində deyib.

Yazıçı qeyd edir: "İlk dəfə bu festival beynəlxalq səviyyədə keçirildi. Başda Prezident İlham Əliyev və Mehriban Əliyeva olmaqla, həmçinin İslam Mədəniyyətinin ən nüfuzlu nümayəndələri orada iştirak etdi. Bir gün öncə Ulu Öndər Heydər Əliyevin 101 illik yubileyi, iki gün öncə faşizm üzrə qələbənin ildönümü idi. Azərbaycan xalqı, bəlkə də, yeganə xalqdır ki, iki dəfə faşistlərə qalib gəlib. Ona görə tədbir çox təmtəraqlı idi. Azərbaycan ziyalısı olaraq həmin tədbirdə iştirak etdiyimə görə özümü çox bəxtəvər hiss etdim. Artıq səkkizinci dəfə idi ki, azad Şuşaya səfər etdim. Hər dəfə oraya getdikdə fərəhdən qanadlanıram. Özümü səbəbsiz çox bəxtəvər hiss edirəm. Öz-özümə deyirəm ki: "İlahi, 30 ildə bu torpaqlar bizdə olmayıb. Buna baxmayaraq o Xəzinəqayasını, ildırım qayaları bizimkilər nə cür çıxıb azad ediblər?!" Sadəcə qürur hissidir..". 

B.Vəziroğlu Şuşanın gözəçarpan dərəcədə abadlaşmasından söz açır:

"28 ildən bu yana Cənab Prezident demişkən, Şuşanın dəyişməz hissəsi onun ruhudur. O həmişə dəyişməz qalıb. Yalnız bu şəhəri dəyişən onun abadlaşdırılmasıdır. Erməni vandalları oranı dağıtmışdılar. Hazırda həmin dağıdılmış şəhər möhtəşəm şəkildə yenidən qurulub. Şuşada bir hotel tikilib ki, bəlkə də, dünyanın ən gözəl hotellərindən biridir. Şuşa gündən-günə dünyanın ən gözəl şəhərlərindən birinə çevirilir". 

Müsahib festivalda uzun müddət görüşə bilməyən dostların qarşılaşmasını da diqqətə çatdırır:

"Həmçinin bu festival bizdə bir başqa doğmalıq yaratdı. Çoxdan görüşmədiyimiz dostlarımızı gördük. Polad Bülbüloğlu ilə bir ildir, görüşmürdük. Orada qarşılaşdıq. Zeynəb Xanlarova ilə illərdir, görüşməmişdik. Həmin tədbir bizi qarşılaşdırdı. Rasim Balayevlə bir çalışmağımıza baxmayaraq Şuşa axşamlarında etdiyimiz söhbətlər bir başqa oldu. Əziz dostum Azərbaycan və Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva ilə də qarşılaşmaq gözəl təsadüf oldu. Şuşa elə bir məkandır ki, orada yad insanlar belə insana doğma gəlir. O ki qaldı köhnə dostlar... Oradakı insanları tanımasaq belə insan ünsiyyət qurmaq, danışmaq istəyirsən. Ona görə ki, Şuşa insanları birləşdirir, dostluğa, sülhə çağırır". 

Həmsöhbətçimiz Preziden İlham Əliyevin sözügedən festivaldakı çıxışın əsas məqam olduğunu qeyd edir:

"Cənab Prezident orada dedi ki: "İnşAllah mavi səmalar bir də top səsi eşitməz!". Bu sözlərlə Ali Baş Komandan dünyaya sülh mesajları verdi. Onu da bildirdi ki, biz sülh uğrunda mübarizə aparmışıq. Nəhayət buna nail olduq. Ərazi bütövlüyümüz bərpa olundu.

Festivalda diqqətimi çəkən əsas məsələ məhz Prezident İlham Əliyevin parlaq çıxışı oldu. Şuşanın dünəni, bu günü, Böyük Vətən Savaşı, İslam Mədəniyyətinə inteqrasiyamız haqqında olan çıxış əsas diqqət çəkən məqamlardandır. Prezident hansı yollarla getməli, nələrə nail olmalı, Azərbaycan mədəniyyətini, xüsusən də, Qarabağ mədəniyyətini dünyaya necə çatdırmalı olduğumuz barədə bir gələcək, bir xəritə cızdı.

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri tərəfindən möhtəşəm konsert baş tutdu. Maraqlı rəqslər, musiqilər qonaqların zövqünü oxşadı. 

İki gün ərzində Şuşada özümüzü çox bəxtəvər hiss etdik. Bir daha anladıq ki, hər şey fanidir, əbədi qalan isə Vətəndir. 

Biz bu zəfərin dərinliyini hələ də dərk edə bilmirik. Mən həmin ərazilərə getdikdə ucsuz-bucaqsız dağları dərələri, yamacları, çəmənlikləri, çayları, şəlalələri, başı qarlı dağları gördükcə deyirəm ki, 30 il ərzində bunlar bizim olmayıb?! Əvvəlcə bunu dərk edə bilmirəm. Bu qədər ildən sonra bu gözəlliklərin bizə qısa müddətdə çatmağını qavrama prosesindəyik. Düşünürəm ki, bunları tam dərk etdikdən sonra daha çox əsərlər yazılacaq. Hazırda da əsərlər yazılır. Mən bu müddət ərzində sözügedən mövzu ilə bağlı otuzdan çox əsər yazmışam. Bunlardan ən öncə olanı mənim "Cənab Ali Baş Komandan" şeirimdir. Həmin şeirimə həsr edilən mahnıdır. Bizlər də özümüzü bir əsgər sanaraq bu böyük zəfərə öz töhfəmizi vermək istədik. Düşünürəm ki, yazılacaq ən gözəl əsərlər hələ qarşıdadır".

Çinarə Muradova

Paylaş
Şərh əlavə et