24media.az-ın "1 sual və 1 cavab" rubrikasının növbəti qonağı həkim psixoterapevt və psixoanalitik Elmir Əkbərdir. O, son zamanlar gənc tələbələr arasında baş verən ölüm halları haqqında danışıb.
- Son vaxtlarda gənclərin ölüm halları artıb. Sizcə, bunun səbəbləri nələrdir?
Təəssüf ki, intihar və ölüm halları artıb. Arta-arta da gedir. Bunun bir neçə səbəbləri var. Birincisi, gənclərin imtahan zamanı psixoloji olaraq gərgin olması, stress yaşamasıdır. Dəqiqliklə qeyd edirəm ki, bu çox ağır stresdir. Onların psixoloji ruh halı ilə nə valideyn maraqlanır, nə də özlərinin ağlına gəlir.
Elə deyirlər ki, bizim dövrümüzdə, bizim zamanəmizdə belə idi. Heç kəs anlamaq istəmir ki, o zəmanə deyil. O zəmanə artıq bitdi, getdi. İndi tamam başqa dövrdür. Bu zamanın tamam başqa şərtləri var. İnkişaf etmiş qərb ölkələrində insanlar həftədə ən azı bir dəfə profilaktik məqsədlə stress atmaq üçün psixoterapevt həkimin yanına seanslara gedirlər. Biz də isə insanlar problem içində boğulsalar belə bunu etmək istəmirlər. Falçı və cadugərlərə gedirlər. Hamısına aid deyil. Bəzi naşı nevropotoloqlara özlərinə narkotik dərman yazdırırlar və nəticədə həmin dərmanlardan asılı vəziyyətə düşürlər. Amma həkim psixoterapevtlərin yanına gəlmək istəmirlər.
Təəssüf ki, hər belə intiharın səbəbi həmin o ailələrdə olan cəhalət, nadanlıq və cəmiyyətdə psixoterapiyaya olan yanlış, savadsız münasibətdir. Eyni zamanda biganəlik və laqeydlikdir. Əgər özünüzdə, yaxınlarınızda əhval-ruhiyyənin düşdüyünü, həyata marağın azaldığını, əvvəllər zövq aldığı şeylərdən artıq zövq almadığını, həyatın rəngsizləşdiyini, ünsiyyətdən qaçdığını, özünə qapandığını, evdən çölə çıxmaq istəmədiyini görürsünüzsə, bu artıq depressiya deməkdir. İntiharın digər səbəblərindən biri də psixoloji stress ya da uzun müddət davam edən ağır depressiyadır. Cəhalət, nadanlıq, biganəlik, laqeydlik, yaxınları, ailəsi, dostları, qohumları, ümumən də cəmiyyət tərəfindən insanlar belə qurban gedirlər.
Pərvanə Abbasova
