Bu gün:

MÜSAHİBƏ “Ay bala, get özünə normal sənət seç...”


24Media-nın budəfəki müsahibi "YouTube"da yayımlanan "İki nəfərlik kafe" layihəsinin rəhbəri və ssenari müəllifi Elnur Əlizadədir. "Son Ümid", "Bəlalar" kimi seriallarda, o cümlədən bir çox reklam, film və proqramlarla tanınmış yazıçı və aktyor öz sənətində uğur qazanmağının sirlərini bizimlə bölüşdü.


Aktyorluq sənətinə necə başladınız ?

-Əslində bunun hekayəsi çox uzundur. Qısaca deyə bilərəm ki, uşaq vaxtı qurulan xəyallarımı gerçəkləşdirmək üçün özümə inanaraq addımlar atdım. Ekranlarda görünməyə isə serialla başladım.

Bəs bu yöndə addımlamaq üçün sizi nə motivasiya edirdi?

-Balaca uşaq idim, televizora baxırdım və həmişə düşünürdüm ki, bunlar mənlik deyil. Yəni televiziyada olmağa möcüzə kimi baxırdım. Motivasiya verən heç kim yox idi. Əksinə, böyüdükcə bu istəklərimin olduğunu kiməsə deyəndə mənə gülüb: "Ay bala, get özünə normal sənət seç",- deyirdilər. Məncə, insan üçün ən önəmli olan onun öz-özünü motivasiya etməsidir. Mən bunu özümdən öyrəndim.

Bəs belə deyən insanlarla necə mübarizə aparırdınız?

-Heç kimlə mübarizə aparmırdım. Çünki bunları deyən ən doğmalarım idi. Fikirlərə hörmətlə yanaşırdım, amma öz düşüncələrimin artması üçün kitablar oxuyurdum, filmlər izləyirdim. Bir yol tapmalı idim. 2 arzum var idi, biri yazıçı, digəri isə aktyor olmaq.

Bir çox seriallarda, reklamlarda çəkilmisiniz. Ümumiyyətlə, çəkildiyiniz rollar sizi qane edibmi?

-Qane edib, amma tam istədiyim bir obraz hələ qarşıma çıxmayıb. Hazırda istədiyim obrazı yaratmaq üçün özüm film ssenarisi yazıram.

Bir az da "İki nəfərlik kafe" layihəsindən bəhs etməyinizi istərdik. Bu layihə necə yarandı?

-"İki nəfərlik kafe" xoşbəxtlikdən uzaq insanların hər bir mövzuda özlərini tapmaları və o mövzularda özlərinə bir təskinlik yaratmaları üçün yaradıldı. Evdə oturmuşdum, Tural Əsgərov zəng edib dedi ki, yeni nə edək? Mən də bu layihəni təklif etdim, çünki bu, 2 il idi ki, ağlımda idi. Layihə karantin səbəbi ilə dayandırıldı, amma söz vermişəm ki, davam edəcək. Bu layihənin davamı çox fərqli olacaq. Əlbət ki, hər kəsin bir hekayəsi var...

Ssenari müəllifi olaraq yazdığınız hekayələr həqiqətən yaşanıb, yoxsa təxəyyülünüzün məhsuludur?

-İlk öz hekayəmi düşünmüşəm, sonra insanların hekayələrini dinləməyə başlamışam. Hər dinlədiyim hekayəni içimdə yaşamışam və bu, onları daha çox anlamağıma gətirib çıxarıb. Çünki insan nə yaşayırsa, onun acısını ancaq özü bilər. Mən həmin insanları anlamaq üçün hekayələrini içimdə yaşadım. Xoşbəxtlik qatarına minə bilməyən insanların sonrakı qatarı gözləmələri üçün bədbəxtliyi seçib xoşbəxtliyi gözləmələrini istədim.

Mən o insanların real həyat hekayələrini ssenariləşdirəcəm. Hər bir hekayənin pis başlanğıcı ola bilər, amma bir yaxşı sonluq onların hekayələrini xoşbəxt yol ilə davam etmələrinə yardım edər. Ümumilikdə, hekayələr yazılmır, daha çox yaşanır...

Daha çox şən, yoxsa dramatik rollarda aktyorluq edirsiniz?

-Şən və ya dramatik olması fərq etmədən aktyor həmin ssenarini oxuyub obrazı sevə də bilər, sevməyə də. Mən dramı daha çox sevirəm.

Heç çəkiliş təklifini rədd etdiyiniz olubmu?

-Bəli, olub. Bığımı qırxmalı idim, amma həmin ərəfədə başqa çəkilişim var idi. Bunu edə bilməzdim.

Sizcə Azərbaycanda çəkilmiş serialların digər ölkələrdə olduğu kimi rəğbət qazanmamasının səbəbi nədir?

- Maddi məsələlərdir. Xarici filmlərdə 200 nəfər işçi var, bizdə isə 10-15. Fərq böyükdür. Məncə, maddiyyat yüksək olsa, bizdə də keyfiyyətli işlər olar.

Aktyorluqdan başqa məşğul olduğunuz sahələr varmı?

-Çatmaq istədiyim bir məqsədim var. Hazırda Azərbaycan Televiziyasında işləyirəm. Televiziya sahəsində hər şeyi yavaş-yavaş öyrənirəm. Rejissor, ssenarist və aktyor üçlüyünü öz üzərimdə yaratmağa çalışıram.

Sonda, oxuculara nə tövsiyə edərdiniz?

- Oxuculara tövsiyə edərdim ki, əgər möhtəşəm bir sonluq istəyirlərsə, öz beyinlərindəki hər şeyi etsinlər. İnsan dünyaya gələndə ağlayar, gedəndə isə onun üçün ağlayarlar. Qısa həyat yaşayırıq. Buna görə də həyatlarını istədikləri kimi yaşasınlar.

Paylaş
Şərh əlavə et