Ensefalit (beyin iltihabı) nədir?

Beyin iltihabı və ya beyin infeksiyası olaraq da bilinən ensefalit, hətta ölümlə nəticələnə bilən ciddi bir xəstəlikdir. Onun mümkün olma səbəbləri müxtəlif olsa da, nadir yoluxucu xəstəlikdir. Ensefalit hər yaşda olan insanlarda baş verə bilər və adətən viruslar buna səbəb olur. Buna görə də, immunitet sisteminin zəifləməsi və gigiyena şəraitinin pisləşməsi ensefalitin yaranmasına səbəb ola bilər. Müxtəlif simptomlarla özünü göstərə bilən ensefalitin fiziki əlamətlərini dərman müalicələri ilə dayandırmaq mümkündür. Ancaq, müalicə edilmədikdə, beyinə təsirləri zamanla daha da pisləşə və xəstəliyin gedişatını ağırlaşdıra bilər. Beyin funksiyalarının zamanla pisləşməsi də gözlənilən əlamətlər sırasındadır. Buna görə də, xəstəlik diaqnozu qoyulduqdan sonra müalicə planı müəyyən edilməli və mümkün qədər tez başlamalıdır. Erkən müalicə olunarsa, xəstənin sağlamlığını bərpa etmək mümkün ola bilər.
Ensefaliti beyin qişasının iltihabı olan meningitlə qarışdırmaq olmaz. Çünki, meningitdə beyin qişasında iltihab olur, ensefalitdə isə iltihabın inkişaf etdiyi sahə beyin toxumasıdır. Ensefalitin erkən diaqnozu və müalicəsi xəstəliyin insana təsirində əsas rol oynayır. Buna görə də xəstəliyin əlamətləri haqqında məlumatlı olmaq vacibdir. Bu səbəbdən xəstəliyin əlamətləri barədə məlumatlı olmaq və əlamətlər müşahidə olunarsa, dərhal müayinədən keçmək faydalıdır.
Ensefalit nədir?
Beynin iltihabı tibbdə ensefalit adlanır. Viruslar, bakteriya və göbələklər və ya immun sisteminin nasazlığı, otoimmün proseslər nəticəsində yaranan beynin aktiv toxumalarının iltihabı kimi müəyyən edilir. İltihabi proses, yəni iltihab beynin şişməsinə səbəb olur və buna görə bir çox simptomlar meydana gəlir. Adətən baş ağrısı, boyun sərtliyi, işığa həssaslıq, zehni çaşqınlıq və ya müxtəlif tutmalar baş verir. Ensefalit hər yaşda görünə bilən bir xəstəlikdir. Ancaq araşdırmalar sübut etdi ki, gənclərdə daha tez-tez baş verir.
Ensefalitin əlamətləri hansılardır?
Ensefalitin simptomları arasında qızdırma və baş ağrısı kimi soyuqdəymə əlamətləri mövcuddur. Daha ciddi simptomlar isə sonrakı dövrlərdə baş verir. Fiziki və nevroloji əlamətlər xəstəliyin xarakterik əlamətləri arasındadır.
Yüksək hərarət, uzun müddətli baş ağrıları, bədənin hər yerində yarana bilən oynaq ağrıları, əzələlərin zəifləməsi, ürəkbulanma, boyun sərtliyi ensefalitin fiziki simptomları kimi baş verir.
Nevroloji simptomlar əsasən aşağıdakı kimi özünü göstərir:
Davranış pozğunluqları və dəyişikliklər, çaşqınlıq və qarışıqlıq, danışmaqda və ya hərəkət etməkdə çətinlik, bəzən huşunu itirmə, yaxın və ya uzaq xatirələri xatırlamaqda çətinlik.
Ensefalit simptomlarına çox sadə başlayan, lakin ciddiləşən və şiddəti artan bir sıra proseslər daxildir. Bu səbəbdən soyuqdəymə və qripə bənzər simptomlar belə ciddi qəbul edilməli və ən qısa zamanda müayinə edilməlidir. Beləliklə, xəstəliyə mümkün qədər erkən diaqnoz qoymaq mümkündür.
Ensefalitin səbəbləri nələrdir?
Ensefalit, beyin iltihabı, dəqiq səbəbi bilinməyən xəstəliklər arasındadır. Otoimmün iltihab, viral və ya bakterial infeksiyalar və yoluxucu olmayan iltihablı vəziyyətlərin hamısı ensefalite səbəb ola bilər. Hər yaşda olan insanlar ensefalitdən əziyyət çəkirlər. Bununla belə, riski artıra biləcək amillərin olduğu da məlumdur. Xüsusilə müəyyən ensefalit növləri bəzi yaş qruplarında daha çox rast gəlinir. Gənc uşaqlar və yaşlılar viral ensefalit növlərinə daha çox meyllidirlər. İİV və QİÇS xəstələri, hər hansı səbəbdən immunosupressiv dərmanlardan istifadə edən şəxslər və immun sistemini zəiflədən digər xəstəlikləri olan xəstələrdə ensefalit ehtimalı yüksəkdir. Bəzi coğrafiyalarda yaşayan ağcaqanadlar və gənələr də risk yarada bilər. Bu tip canlılar yayın isti aylarında meydana çıxdıqları üçün yay fəsli də risk faktorları sırasında hesab olunur. Beyinə yayılan soyuqdəymə və ya suçiçəyi törədən herpes simplex və herpes varicella viruslarının ensefalite səbəb olduğu da bilinir. Digər tərəfdən, bakterial və ya göbələk infeksiyaları viral infeksiyalardan başqa daha nadir səbəblərdir.
Mənbə: medicalpark
Tərcümə etdi: Nuray Mürsəlova
