Bu gün:

Fibromiyalji nədir?


Fibromiyalji sindromu (FMS) olaraq da adlandırılan fibromiyalji, bədəndə ümumi həssaslıq sahələrinə, əzələlərdə və sümüklərdə ağrılara və ümumi yorğunluğa səbəb olan, yuxu rejimi və idrak pozğunluqları ilə bağlı problemlərə səbəb olan xroniki, yəni uzunmüddətli bir vəziyyətdir.

Fibromiyalji müalicəsi çətin və mürəkkəbdir. Bununla belə, uyğun dərmanlar, terapiya və həyat tərzi dəyişiklikləri ilə fibromiyalji simptomları idarə oluna bilər və həyat keyfiyyətini yaxşılaşdırmaq mümkün ola bilər.

Fibromiyaljiyə nə səbəb olur?

Hələ dəqiq bilinməsə də, son araşdırmalar işığında fibromiyaljinin infeksiya, travma və stress kimi bəzi tetikleyicilərə təsir edən irsi xüsusiyyətlərə görə genetik meyllərdən qaynaqlandığı görünür.

Bir nəzəriyyəyə görə, beyin nədənsə ağrı həddini aşağı salır və əvvəllər ağrısız hisslər zamanla çox ağrılı olur. Başqa bir nəzəriyyə sinirlərin ağrı siqnallarına həddindən artıq reaksiya verməsidir. Buna görə, fibromiyaljidən təsirlənən şəxslərdə beyin və sinirlər normal ağrı siqnallarını səhv şərh edə və ya həddindən artıq reaksiya verə bilər.

Bu vəziyyət beyindəki kimyəvi balanssızlıqlar və ya beyindəki mərkəzi ağrı həssaslığına təsir edən dorsal kök ganglionunda mövcud anormallıqlar nəticəsində yarana bilər. Fibromiyalji simptomları otoimmün xəstəliklərə çox oxşardır. Bu oxşarlıqlar fibromiyaljinin otoimmün bir vəziyyət ola biləcəyi nəzəriyyəsinə də səbəb oldu.

Fibromiyalji tez-tez eyni ailədə baş verir və genlər vasitəsilə ötürülə bilər. Araşdırma nəticəsində sinir hüceyrələri arasında kimyəvi ağrı siqnallarının ötürülməsinə təsir edən bir neçə mümkün gen müəyyən edilib. Fibromiyalji adətən orta yaşdan başlayır və yaşlandıqca onun baş vermə riski artır. Bununla belə, fibromiyalji uşaqlarda da müşahidə edilib.

Bu potensial amillər arasında infeksiya və ya keçmiş xəstəlik fibromiyaljiyə səbəb ola bilər və ya onun simptomlarını daha da pisləşdirə bilər. Məlumdur ki, qrip, pnevmoniya, Salmonella və Shigella bakteriyalarının səbəb olduğu həzm sistemi infeksiyaları və Epstein-Barr virusu, ehtimal ki, fibromiyaljiyə səbəb ola bilər.

Şiddətli fiziki və ya emosional travma keçirmiş insanlar fibromiyalji inkişaf etdirə bilərlər. Bu vəziyyət travma sonrası stress pozğunluğu (TSSB) ilə əlaqələndirilir. Travma kimi, stress də fərdlərə uzunmüddətli təsirlər buraxa bilər. Stress, fibromiyaljiyə səbəb ola biləcək hormonal dəyişikliklərlə əlaqələndirilir.

Mənbə:

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et