Bu gün:

“Hərə bir cür tərbiyə edir-kimisi sözlə, kimisi kötəklə”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı psixoloq Gülnar Orucovadır. O, uşaqlara psixoloji şiddət göstərmədən onları pis vərdişlərdən çəkindirməyin yollarından danışıb.

Uşaqlara psixoloji şiddət göstərmədən onları pis vərdişlərdən necə uzaqlaşdırmaq olar?

“Hərə bir cür tərbiyə edir-kimisi sözlə, kimisi kötəklə”, -deyə çox gözəl bir sözümüz var. Hər bir ailə tipinin özünəməxsus tərbiyə metodları mövcuddur. Hədsiz qoruyucu, demokratik, avtoritar, liberal və s. kimi ailə tipləri və hərəsinin öz tərbiyə üsulları var. Valideynlər övladlarına nəyin doğru, nəyin yanlış olduğunu aşağı yaşlardan etibarən başa salmalıdırlar. Əgər uşaq bir səhvə yol verərsə, ona bunu şiddət göstərmədən başa salmalıyıq. Çünki övladımız gələcəkdə bunun ağır psixoloji fəsadları ilə üzləşə bilər. Bəzən valideynlər övladlarının hər səhvində ona xüsusi cəza tədbiri göstərirlər, lakin bilməlidirlər ki, bu sistem bir müddət sonra uşağın gözündə adi hala çevrilə bilər. Buna görə də, xüsusilə, məktəbəqədər uşaqları döymədən, incitmədən tərbiyə etmək lazımdır. Cəmiyyətdə belə bir fikir mövcuddur: "uşağımız böyüsün düzələr"amma bu hər zaman belə olmur. Bəzən uşaq böyüsə belə, o vərdişlər onun ağlında qalır. Bunun üçün uşaqlarımızı tərbiyə edərkən başqalarını misal gətirərək onlara bunu sözlü şəkildə də başa salaraq onu günahkar kimi göstərməməliyik. Bəzən övladımıza "yalan danışma!" demək yerinə, "doğruları deyə bilərsən?" deyə müraciət etməklə, yalan danışdığını bildiyimizi ona bildirmiş oluruq.

Yaşından asılı olmayaraq, övladımıza şiddət göstərərək doğrunu başa salmaq yanlışdır. Şiddətlə böyüdülən övlad cəmiyyətə də şiddət gətirəcək. Övladlarımızın aşağı yaşdan etibarən qavramasına nəzarət etməliyik. Hətta oyunlar seçərkən onun intellektual səviyyəsinə uyğun oyunlar seçməliyik. Əgər uşağın emosional yaşı bioloji yaşı ilə uyğunlaşsa, bir şeyi sözlə başa salanda övladımız asanlıqla bunu başa düşəcək. Ancaq emosional yaşı aşağı olarsa, uşaq ona qarşı irad bildirdiyimizdə hətta ağlamağa belə başlayacaq. Ümumiyyətlə, uşaqlarımızı yanlışı ilə qəbul edib, onları bu yanlışlardan sözlərimizlə çəkindirməyə çalışmalıyıq. Övladlarımıza ibrətamiz ifadələr işlədərək, ibrətamiz cizgi filmləri və ya proqramları izlədərək bunlar üzərindən yanlışlarını başa sala bilərik. 

Aytac Musayeva 

Paylaş
Şərh əlavə et