Rusiya Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq ölkələrinin öyrənilməsi mərkəzinin baş elmi işçisi Vladimir Sajin proqnoz verir: "Prezident İbrahim Rəisinin ölümü fonunda İranda küçə iğtişaşları gözləniləndir, lakin bu siyasi sistemi sarsıtmayacaq." Bu barədə TASS-a Elmlər Akademiyası məlumat verib.

"Bir tərəfdən ölkədə iqtisadi, siyasi və ideoloji baxımdan vəziyyət kifayət qədər mürəkkəbdir. Digər tərəfdən əhalinin laqeydliyi ağır faktdır. Ona görə də deməzdim ki, prezidentin ölümü mövcud vəziyyəti tamamilə dəyişəcək. Prezidentin ölümü İran İslam Respublikasında bütün hakimiyyət sisteminin məhvi demək deyil. Düzdür, bu, ölkə üçün stressli hadisədir, lakin ölümcül deyil".
Eyni zamanda, Sajin bildirib ki, Rəisinin ölümündən sonra ölkədə hakimiyyət rıçaqları uğrunda mübarizə mərhum prezidentin təmsil etdiyi mühafizəkarlar düşərgəsindən başlaya bilər.
"Düşünürəm ki, bu mübarizə daha da güclənəcək, çünki İran Konstitusiyasına görə, 50 gün sonra növbədənkənar prezident seçkiləri keçiriləcək. Təbii ki, bu hadisə ərəfəsində hakimiyyətin yuxarı pillələrində mübarizə daha da güclənəcək", - Sajin deyir.
O, həmçinin İranın ali lideri Ayətullah Əli Xameneinin apreldə 85 yaşının tamam olduğuna (digər məlumatlara görə, iyulda) diqqət çəkib və onun ofisinin tezliklə boşalacağı da istisna edilmir.
"Xameneinin vəzifəsi uğrunda mübarizə daha da şiddətlənəcək və əsas namizədlərdən biri olan Rəisinin ölümü bu vəziyyəti daha da çətinləşdirəcək”, - ekspert əlavə edib.
Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində İran prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Göyərtədə İranın ali diplomatı Hüseyn Əmir-Abdollahian, Şərqi Azərbaycan valisi Malek Rəhməti və Təbriz Ayətullahı Məhəmməd Əli Əl-e-Haşem də olub.
İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd Rəisiyə məxsus helikopterin bütün sərnişinləri və ekipajının həlak olduğunu bildirib. İranın icra işləri üzrə vitse-prezidenti Möhsün Mənsuri qəzada İran liderinin ölməsi ilə bağlı xəbərləri təsdiqləyib.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
