Bu gün:

MÜSAHİBƏ “Şairə kimi üzə çıxmağım evimiz yanandan sonra oldu”


24Media Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatının laureatı, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cığatel İsaqızı ilə müsahibəni təqdim edir:


Müsahibələrinizdən birində deyirsiniz: "Evimiz yandı, Allah var dövlətimi alıb, mənə yenidən şeir yazmağı qismət etdi". Eviniz yanmasaydı, şairə olmayacaqdınız?

-Yaşadığım ağır günlər, hadisələr olmasaydı, yenə də şairə ola bilərdim. Təbii ki, uşaqlıqdan qanımda, ruhumda bu istedad var idi. Amma baş vermiş hadisələrdən sonra istedadım üzə çıxdı, qaynadı. Bunlar olmasa, inanmıram ki, geniş auditoriyalara çıxa bilərdim. Ağır ocağın qızı idim, ağır ocağın gəlini idim. Yazsam da, özüm üçün yazardım. Şairə kimi üzə çıxmağım evimiz yanandan sonra oldu.

Yüzlərlə şeirin müəllifisiniz, bəs sizə ən çox uğur gətirən şeiriniz hansı olub?

-Doğrusu, hansı şeiri söyləmişəmsə, bəyəniblər. Dillərdə dastan olan şeirlərim çoxdur. Amma bəziləri fərqlidir. Məsələn: "Dünyaların dünyası", "Sevmək beləmi olur?!" kimi şeirlərim daha çox sevilir. Hara gedirəmsə, deyirlər: "Sevmək beləmi olur?". Ən çox uğur gətirən şeirim, deyəsən, budur.

Şeirlərinizdə ürəyinizdən gileylənirsiniz, ürəyinizi sıxan nədir?

-Gileylənirəm, çünki ürəyim məndən yorulub. O məndən gileylənir, mən də ondan. Ürəyimi çox yormuşam, indi bilmirəm o məni yaşatmaq istəyirmi, istəmirmi... Ürəyimi sıxan çox şeylər var: haqsızlıqlar, həyatın keşməkeşləri... Haqsızlığa dözə bilmirəm, əzab-ağrını ürəyimə yükləyirəm. O da başlayıb ağrımağa. İnciyib məndən.

"Zamanımız xəstədir", - deyərək dövrandan şikayətlənirsiniz. Sizcə, zamanın xəstəliyi nədir?


- "Dövran mərəz içində, zamanımız xəstədir". İndiki həyatla razılaşa bilmirəm. Əvvəl gördüklərimiz, aldığımız tərbiyə başqa idi. İndi dövran müasirləşib. Müasirlik və azadlıq adı altında çox şeylər dəyişilib. Razılaşmadığım məsələlər bunlardır. Zamanın xəstəliyi, ədəb-ərkanın yerində olmaması, böyüklərə hörmətin olmaması, haqsızlıqlar...

"Haqq göndərən kəndirə haqsızlar düyün salıb" - deyirsiniz. Həyatda haqsızlığa çox məruz qalmısınız?

-Bu həyatda saysız-hesabsız haqsızlıqlara məruz qalmışam. Çünki mən qeyri-adi insanam. Bu dünyaya o dünyadan baxıram. Paxıllığın, xainliyin, həsədin nə olduğunu bilmirəm. Əlimdən yaxşılıqdan başqa bir şey gəlməyib. Yaxşılıq etməyəndə də pislik etməmişəm insanlara. Lakin mənə çox pisliklər ediblər.

Yaxın keçmişimizdə, sizin dilinizdə desək, ən yaxın dostunuzu - həyat yoldaşınızı, Tanrı yazan butanızı itirdiniz. Bu itki həyatınıza və yaradıcılığınıza necə təsir etdi?

-Doğru vurğuladınız. Bu itki həyatımda çox şeyi dəyişdi, özümü toparlaya bilmədim. Təbii ki, mən cəmiyyət içində tanınmış insanam. İnsan var evindi, insan var elindi. Mən artıq sənətdən geri çəkilə bilməzdim. Efirlərdə görünməyə, el şənliklərinə getməyə məcbur idim. Heç həyat yoldaşım da buna razı olmazdı. Çox əziyyət çəkmişəm bu sənətin uğrunda. Bu itki yaradıcılığıma da təsir etdi, şeirlərim daha qəmli-kədərli oldu. Çox darıxıram, tənhalaşmışam. Ürəyim ağrıdı, çox şey dəyişdi.

Xalqın sevgisini qazanmış şairə olaraq gənc yazıçı və şairlərə nə demək istəyərdiniz?

-Gənclərə demək istəyirəm ki, necə varsınızsa, elə olun, səmimi davranın. Mövlanə demiş: "Olduğunuz kimi görünün, göründüyünüz kimi olun".
Birinin sənəti daha dərin olanda, istedadı fərqli olanda paxıllıq etməsinlər, incitməsinlər. Ömür qısa, həyat gödəkdir. Hər birimiz Haqqın dərgahına qayıdacağıq, sonumuz torpaqdır. Vicdanlarını salamat aparsınlar. İrəli getmək üçün kiməsə pislik etməsinlər. Məsləhət görürəm ki, gözəl, təmiz vicdanla yaradıcılığa tövhələr versinlər.

Karantin günlərini necə dəyərləndirirsiniz, nə işlə məşğulsunuz?

-Hər kəs kimi mən də karantin qaydalarına əməl edirəm. Karantinin müsbət tərəfləri də oldu. Əksər vaxtlar evdə qalıram, yazılarımla məşğulam. Evdən çıxarkən isə dövlətin qoyduğu qanunlara əsasən icazə alıram, tövsiyələrə əməl edirəm. Səhhətimdə problemlər yaranıb, bir az bununla məşğul oldum. Televiziya verilişlərində iştirak etmişəm. Lakin daha çox ailəmlə vaxt keçirirəm, hərdən də çörək bişirirəm. (gülür)

Son olaraq özünüzü bir bənd şeirlə ifadə etmənizi istəyəcəyəm...

- "Bu şair ömrüdür yaşayıram mən,
Hələ öz ömrümü yaşamamışam.
Bir şair yükünü daşıyıram mən,
Hələ öz ömrümü yaşamamışam".

Mən öz ömrümü yaşamadım, bəlkə qismət olar, bundan sonra yaşayam. Bu yaşadığım şair ömrü oldu. Ailəm üçün, doğmalarım üçün, yaradıcılığım üçün yaşadım, amma özüm üçün hələ yaşamamışam. İnşallah nəsib olar..

Paylaş
Şərh əlavə et