Bu gün:

Qumar oyunlarının təşkilatçılarını hansı cəzalar gözləyir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədr müavini, 20 saylı Vəkil Bürosunun rəhbəri, vəkil İlhamə Həsənovadır. O, qumar oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxsləri hansı cəzaların gözlədiyi barəsində danışıb.


Qumar oyunlarının təşkili və ya keçirilməsində iştirak edən şəxsləri hansı cəza gözləyir?

Cinayət Məcəlləsinin 244-1-ci maddəsi Qumar oyunlarının təşkili və ya keçirilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur.

Beləliklə, qumar oyunlarının təşkili və keçirilməsi, o cümlədən qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamaya görə 5 min manatdan 10 min manatadək cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq olunur.

Eyni əməllər təkrar, internet informasiya ehtiyatlarından və ya informasiya-kommunikasiya şəbəkələrindən istifadə etməklə, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakını təşkil etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, o cümlədən xeyli miqdarda gəlir (50 min manatdan yuxarı, lakin 200 min manatdan artıq olmayan məbləğ) əldə etməklə törədildikdə 10 min manatdan 15 min manatadək cərimə və ya 2 ildən 5 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Yuxarıda qeyd olunan əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən və ya külli miqdarda gəlir (200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ ) əldə etməklə törədildikdə 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Həmin əməllər, xüsusilə, külli miqdarda gəlir (500 min manatdan yuxarı olan məbləğ) əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qeyd olunan əməlləri (təkrar törədilmə halı istisna olmaqla) törətmiş və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə, əldə edilmiş gəlirin bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et