Bu gün:

Miqrenin yeni müalicə üsulları


Migren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunur
Son zamanlarda miqren üçün profilaktik müalicə üsulları arasında önə çıxan atogepant tipli həblər İngiltərədə Milli Sağlamlıq Xidmətləri (NHS) çərçivəsində həyata keçirilir.

Xroniki və epizodik miqrenin profilaktik müalicəsində istifadə ediləcək ilk ağızdan alınan dərmanın tezliklə xəstələrə verilməsi gözlənilir.

Səhiyyə mütəxəssisləri ölkədə təxminən 170 min insanın yeni müalicə üsulundan faydalana biləcəyini bildirir.

Migren şiddətli baş ağrıları ilə özünü göstərir və hücum dövründə insanın gündəlik fəaliyyətini çətinləşdirə bilər.

Ayda 15 gündən az baş verən ağrılı dövrlərə epizodik miqren deyilir. Hər ay 15 gündən çox davam edən ağrılı dövrlər xroniki miqren olaraq təyin olunur.

Yeni dərman digər müalicələrə cavab verməyən və ya iynə ala bilməyənlər üçün tövsiyə olunacaq.

İngiltərədəki bir klinik nəzarət təşkilatı olan NICE (National Institute for Health and Care Excellence), sınaq müddətində bəzi yetkinlərdə təsirli olduğu təsbit edilən dərmanın Milli Səhiyyə Xidmətlərində istifadə edilməsini tövsiyə etdi.

Migren adətən başın bir tərəfində döyünən ağrı kimi təsvir edilir və bir neçə gün davam edə bilər. Digər simptomlar yorğunluq, işığa qarşı həssaslıq və danışmada çətinlikdir.

Nə qədər insanın miqrendən əziyyət çəkdiyi məlum deyil, lakin NHS-in məlumatına görə, İngiltərədə miqrendən əziyyət çəkən təxminən 6 milyon insan var.

Qadınlar kişilərə nisbətən migrenə daha çox meyllidirlər.

Atogepant tipli dərmanlar həm xroniki miqren, həm də epizodik miqren üçün profilaktik müalicə təklif edə bilər.

Migraine Trust fondu inkişafı "müsbət addım" olaraq görsə də, bir çox insanın bu cür yeni dərmanlara çatmaqda çətinlik çəkdiyini də vurğulayır.

Bunun səbəbləri dərmanın həkimlər tərəfindən yaxşı tanınmaması və mütəxəssis həkimlərə müraciət etmək üçün uzun gözləmə siyahılarının olmasıdır.

“Gepant” qrupu adlandırılan dərmanlar bir neçə ildir sınaqdan keçirilib, lakin hələ də geniş istifadəyə verilməyib. Atogepant onlardan biridir.

Araşdırmaya görə, beyində kalsitonin geni ilə əlaqəli peptid (CGRP) adlı kimyəvi maddə miqrenlərdə həm ağrı, həm də işığa həssaslıqda rol oynayır.

Atogepant, anti-CGRP dərmanlarının yeni növü, miqrenlərin müalicəsi üçün xüsusi olaraq hazırlanmışdır. Dərman CGRP protein reseptorunu bloklayaraq işləyir.

O da qeyd olunur ki, yeni nəsil dərmanlar köhnə müalicə üsullarından daha az yan təsir göstərir.

Atogepanta bənzər olan Rimegepant İngiltərə və Şotlandiyada bəzi xəstələrə də verildi.

Brightondan Deborah Sloan bu dərmanı qəbul edənlərdən biridir. BBC-yə öz təcrübəsini izah edən Sloan, 40 il xroniki miqren ağrılarından əziyyət çəkdikdən sonra dərmanlar sayəsində həyatının normala döndüyünü deyir.

Mənbə: BBC NEWS Türkçe

Tərcümə etdi: Şəbnəm İbrahimxəlilova

Paylaş
Şərh əlavə et