Bu gün:

Qocalmanı məhdudlaşdırmaq və ömrü uzatmaq mümkündürmü?


Alman həkim Huseland səkkiz illik tədqiqatlar nəticəsində 1797-ci ildə "Ömrü uzatma sənəti" adlı kitabını nəşr edib. Kitabda uzun ömür sürməyin sirri olaraq bu faktorlar sıralanıb: Bol tərəvəz, az ət, daha az şəkər və daha az unlu pəhriz, bol idman, yaxşı diş baxımı, həftədə bir dəfə ilıq su və sabunla çimmək, yaxşı bir yuxu rejimi, təmiz hava. Huseland belə qənaətə gəlib ki, ideal şəraitdə insan ömrü 200 ilə qədər uzadıla bilər.

Bəs, bu, 18-ci əsr həkiminin təxəyyülü ilə məhdudlaşan iddia idimi? Almaniyanın Rostok şəhərindəki Demoqrafik Tədqiqatlar İnstitutundan Ceyms Vaupel bunun mümkün ola biləcəyini düşünərək, “gözlənilən ömür uzunluğunun hər yüz ildən bir 2,5 il artdığını” deyir.

Vaupel bildirir ki, 1950-ci ilə qədər gözlənilən ömür uzunluğunun yaxşılaşması uşaq ölümünün azalmasının nəticəsi idi, lakin bu tarixdən sonra artım 60 yaşdan yuxarı, son zamanlar isə 80 yaşdan yuxarı əhali arasında qeydə alınıb. Başqa sözlə desək, nəinki körpələrin sağ qalma faizi, hətta yetkin insanların ömrü də artıb.

Yaş kompleksi

2010-2050-ci illər arasında 100 yaşdan yuxarı insanların sayının 10 dəfə artacağı gözlənilir. Dr. Huselandın proqnozlaşdırdığı kimi, bunda mühüm amillərdən biri valideynlərin yaşı, yəni genetik faktordur. Amma bu vəziyyəti yalnız genetika ilə izah etmək olmaz; Son 200 ildə heç bir böyük genetik dəyişiklik baş verməyib. Buna görə də həyat tərzinin yaxşılaşmasının daha uzun və güclü bir ömür yaşamaq şansını artırdığını söyləmək olar. Yəni səhiyyə və təhsil xidmətlərinin və müalicənin təkmilləşdirilməsi, təmiz hava və su təchizatı kimi ictimai xidmətlərin inkişafı, təhsil imkanlarının artırılması, daha yaxşı mənzillərdə yaşamaq şansı...

Vaupel bunu sadəcə olaraq “daha çox dərman və pula sahib olmaq” kimi ifadə edir.

Bununla belə, daha yaxşı sağlamlıq və həyat şəraiti bəziləri üçün hələ də kifayət deyil və ömrü uzatma müalicələrinə maraq artır. Bu məqsədlə məşhur məşqlərdən biri də kalorilərin məhdudlaşdırılmasıdır. 1930-cu illərdə aparılan bəzi araşdırmalarda, aclıq pəhrizində olan siçanların, onlar qədər yeyən siçanlardan daha uzun yaşadığı müşahidə edilmişdir. Daha sonra rhesus meymunları ilə aparılan təcrübələr də oxşar nəticələr verdi, lakin ABŞ Qocalma İnstitutunun 20 illik araşdırması bunu təsdiqləməyib. Bu araşdırmada, kalori məhdudlaşdırılmasına məruz qalan meymunlarda daha sonra yaşlanma nəticəsində inkişaf edən, lakin daha çox yaşamayan xəstəliklərə diaqnoz qoyulduğu qənaətinə gəlindi. Tədqiqat aparan komanda vurğuladı ki, kalori məhdudiyyətinin bəzi faydaları olsa da, bunlar genetik, qidalanma və ətraf mühit faktorları ilə qarşılıqlı əlaqədədir.

Digər perspektivli maddə təbii olaraq bitkilərdə, xüsusən də üzüm qabığında istehsal olunan resveratrol adlı kimyəvi maddədir. Bu kimyəvi maddənin kalori məhdudlaşdırması kimi heyvanlar üçün bəzi faydaları olduğu görünsə də, onun insan ömrünü uzatdığına dair heç bir məlumat yoxdur.

Mənbə: BBC

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et