Bu gün:

"İncəsənət hər kəs üçündür..."


24Media.az saytının budəfəki müsahibi "Alleqoriya" incəsənət portalının keçirdiyi "Sənətdə qırmızı" sərgisinin kuratoru Züleyxa Ağamalıyevadır. O, sərginin keçirilməsinin məqsədi, texnologiyanın incəsənətə təsirindən danışıb.

- Əvvəlcə sərgi haqqında sizin fikirlərinizi öyrənək. “Sənətdə qırmızı” sərgisi gözləntilərinizə cavab verdimi? Sərgiyə gələnlərin reaksiyası necə oldu?

“Sənətdə qırmızı” rəsm sərgisini təşkil etmək bizim ilk məqsədimiz idi. Məsuliyyətli olmağa və detallara xüsusi fikir verməyə çalışdıq. Düşünürəm ki, hər kəs razı qaldı və elə bizim də könlümüzcə oldu. Amma hər işdə olduğu kimi burada da xırda əskiklərimiz var idi. Gələn sərgilərdə bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Sərgiyə gələnlər əsasən tələbələr idi. Onlar bu təşəbbüsü çox maraqla qarşıladılar. Rəsmlərə xüsusi maraq göstərirdilər. Əsərlərdə olan hisslər, düşüncələr, texnikalar haqqında rəssamlarla söhbət etdilər. Xüsusən rəsmə, incəsənətə marağı olan gənclər üçün faydalı bir sərgi oldu.

- Belə bir düşüncə var ki, incəsənət müəyyən bir təbəqə üçündür. İncəsənət sərgilərinin də daha çox qalereyalarda, xüsusi məkanlarda keçirildiyini görürük ki, bu da həmin sərgiyə əlçatanlığı müəyyən qədər aşağı salır. Ancaq siz universitetdə sərgi keçirdiniz. Düşünürsünüz ki, incəsənət hər kəs üçündür, yoxsa bunun başqa bir səbəbi var?

İşıqlı gələcək biz gənclərin əlindədir. Sərgini universitetdə keçməyimizin səbəbi odur ki, biz məhz gənclərə xitab etmək və onların incəsənətə marağını artırmağı hədəfləyirik. İncəsənət hər kəs üçündür. O, düşüncə və şüuru formalaşdırır, insanların baxış bucağını dəyişdirir, dünyagörüşünü genişləndirir. Biz daha çox gənclər arasında bu mədəniyyətin formalaşmalı olduğunu düşünürük. Çünki incəsənət mədəniyyəti, dəyərləri formalaşdırır və gələcək nəsillərə ötürür. İncəsənət sərgilərinin də daha çox qalereyalarda, xüsusi məkanlarda keçirilməsi düşünmürəm ki, sərgiyə əlçatanlığı müəyyən qədər aşağı salır. Sadəcə cəmiyyətimizdə qalereyalarda, xüsusi məkanlarda sərgiyə getmək vərdişləri yoxdur. Bu da bizim üçün bir stimul oldu ki, gənclərə incəsənətə dəyər vermək və sərgilərdə iştirak etmək verdişləri qazandıraq. Bunun üçün də ilk sərgimizi Azərbaycanın ilk universiteti olan Bakı Dövlət Universitetində keçirməyə qərar verdik.

- Müsahibələrinizdə, elə sərgidə də dediniz ki, bu kimi sərgilərlə incəsənətə marağın artmasını, incəsənətin birləşdirici və dəyişdirici gücündən istifadə edərək müsbət sosial dəyişikliklərə nail olmağı hədəfləyirsiniz. Doğrudanmı, incəsənət cəmiyyəti dəyişə bilər? Bəlkə, bu təsir dəb kimi müvəqqətidir?


İncəsənət bəşəriyyət tarixi yaranandan bəri insanlarla birgədir. Tarixə nəzər salsaq, müxtəlif cəmiyyətlərdə incəsənətin birləşdirici və dəyişdirici gücündən istifadə edərək inkişafa nail olduqlarının şahidi olmuşuq. Niyə bizim cəmiyyət də belə olmasın? İncəsənət özünəməxsus üsulla düşündürur, informasiya ötürür və beyinin işləklik funksiyalarını artırır. Duyğulara, hisslərə təsir edir, onları gücləndirir. Düşünürəm ki, bu təsirlər insanların bir-birilərini anlamasına, hörmətlə yanaşmasına kömək edə bilər. Bu baxımdan incəsənət cəmiyyətimizi daha sağlam və güclü formalaşdıra bilər. Rəsmə maraq bəlkə də bir dəb təəssüratı yaratsa da, gənclərin dərsdən sonra muzeyə, sərgiyə getməsi daha yaxşıdır, yoxsa hansısa zərərli vərdişlərə yönəlməsi?

- “Alleqoriya” sosial şəbəkələrdən fəaliyyətə başlayıb. Bu, yeni dövrün tələbi, həm də yaratdığı fürsətdir. Həm internetin yaratdığı fürsətdən istifadə edib, belə demək mümkündürsə, onlayn rəsm qalereyası yaratmısınız, həm də ilk addım kimi “Sənətdə qırmızı” sərgisini vurğulayırsınız. Çox yaxın keçmişdə “Alleqoriya” kimi onlayn incəsənət platformalarını təsəvvür etmək çətin olardı. Bəs sənətin gələcəyini necə görürsünüz? Virtual reallıq və süni intellekt kimi texnologiyalar incəsənətə necə təsir edəcək?

Virtual reallıq və süni intellekt texnologiyaların ən böyük təsiri incəsənətədir. Dövrünün məşhur rəssamlarının əsərlərini fərqli üslubda, canlandırılmış formada bizə təqdim edə bilən süni intellekt texnologiyalarıdır. Bu texnologiyalar sayəsində incəsənət daha çox inkişaf edib. Artıq biz  rəssamlarla eyni dövrdə yaşamasaq belə onların bir əsəri çəkərkən keçirdikləri hisslər haqqında məlumata sahib oluruq. Bu cür texnologiyalar gənc rəssamlara qeyri-adi, fərqli əsərlər yaratmaqda kömək və stimul ola bilər. Texnologiyanı düşmən kimi yox, dost kimi görmək lazımdır. Texnologiya elə incəsənəti də monopoliyadan xilas edib.

Gülay Orucova

Paylaş
Şərh əlavə et