Bu gün:

“Muğam sənətinə qayıtmağımda onun müstəsna rolu olub” – MÜSAHİBƏ


24Media-nın növbəti müsahibi Azərbaycan Republikasının əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikovdur.


Azərbaycan ədəbiyyatının klassik şeir nümunələrində Füzulidən sonra Füzuli təsiri ilə deyil, yeni üsul, yeni fikirli şeirlər yaza biləcək qüdrətə sahib şair olubmu?

-Mən çox alimlər görmüşəm, çox məclislərdə olmuşam. Bir Mirzə Məmmədağa vardı, çox böyük alim, filosof idi. Ərəb, fars dillərini əzbər bilirdi. Bir dəfə onun məclisində ona belə bir sual verdilər: “Füzuliyə necə qiymət verirsiniz?” Dedi ki: “Elə söz qalmayıb ki, Füzuli deməsin”. 

Əli Fəhmini də görmüşdüm. Ona sual vermişdilər ki, “Seyid Əzim Şirvaniyə necə qiymət verirsən?” O isə demişdi: “Seyid Əzim də Füzulinin kölgəsi idi”. 19 və 20-ci əsrlərin digər böyük şairləri olub, məsələn, Qövsi Təbrizi, Zikri Ərdəbili, Mirzə Ələkbər Sabir. Amma Füzuli təsirindən kənara çıxa bilməyiblər. Hətta Şirvaninin bəzi qəzəlləri var ki, Füzulinin qəzəllərindəki rədif, qafiyələri də götürüb.  Füzuli belə bir zirvədə dayanmış şairdir. Bütün bunlarla yanaşı, bu kimi böyük şairlər Füzulini təqlid etməklə gəlib böyük şair olublar. Heç biri Füzuli təsirindən kənara çıxa bilməyib və bunu etiraf edib, öz əsərlərində ifadə ediblər.

Bəzən ikinci Füzuli lazımdır deyirlər. Lakin bizə hələ ikinci bir Füzuli lazım deyil. Biz hələ bu Füzulini öyrənə bilməmişik. Füzulinin təsiri neçə əsrlərdir davam edir, bəlkə də hələ çox əsrlər davam edəcək.

Əliağa Vahid qəzəllərindən birində “Böyük Füzulimizin yadigarı mən özüməm” demişdi. Sizcə, bu, sadəcə iddiadır, yoxsa Vahid, həqiqətən, Füzuli yadigarıdır?

-Çox gözəl sualdır.Təkcə şairliyə qalsa idi Bakı şairlərinin başçısı Mirzə Əbdülxaliq Yusif ondan öncə deyərdi ki, mən Füzulinin yadigarıyam və ya Hüseyin Cavid deyərdi. Digər böyük şairlər var idi, onlar demədilər. Niyə məhz Vahid dedi? Vahid həqiqətənmi Füzuli yadigarı idi? Bəli. Təkcə qəzəl yazmağına görə deyil, həm də elə bir çətin dövrdə qəzəl janrını qoruyub saxlaya bildiyinə görə. 

Əliağa Vahid qovğalı bir vaxta düşdü. Düzdü, o gəncliyində bir çox şairlərin yanında, məclislərdə olmuşdu. Amma Sovet hakimiyyəti ideologiyanı dəyişdi. Vəhşi bir “proletar” mədəniyyəti gəldi, “Qırmızı qələmlər təşkilatı” və.s kimi təşkilatlar meydana gəldi. Hamı ora üzv olurdu. Lakin, Vahid olmadı. Ona görə Vahidin həyatı üçün də təhlükəli məqamlar olub. Düzdü, onun zəmanəni vəsf edən şeirləri də olub. “Yaşasın qırmızı şöhrətli sovet qanunu” belə şeirlərindən biridir. Lakin Sovet hökumətini tərif etdiyi şeirləri də qəzəl formasında yazıb. Deməli, Vahid qəzəl şairi olub. 

Sovet hökuməti türklüyümüzü unutdurmaq üçün Füzulini oxumağa qoymurdu, mədəniyyətimizi məhv etmək üçün muğam ifaçılığına pis baxırdılar. Üzeyir Hacıbəyov qanı, canı bahasına muğamı qoruya bildi. Mənə elə gəlir ki, 20-ci əsrdə Vahid qəzəlləri olmasa idi, Üzeyir bəyin işi daha da çətinləşəcəkdi. Vahid o dövrdə qəzəlin yeni bir formasını yaratdı. Ona görə də dedi ki, mən Füzuli yadigarıyam. Əgər Vahidə “Sənin bunu deməyə haqqın yoxdur” desəydilər, Vahidin o adamlara deyəcək çox sözü vardı. Ona görə də, heç kim Vahidə o sözü deyə bilmədi.

Sizcə, klassik şeirlər muğam sənətinin inkişafı üçün, yoxsa muğam klassik şeirlərin inkişafı üçün zəmindir?

-Bunlar ikisi bir-birini tamamlayır. Muğamın tarixi eramızdan əvvələ gedib çıxır. Amma məlum məsələdir ki, şeir də olub. İslama qədərki dövrdə də şeir nümunələri olub. O mənada bunlar ikisi bir yerdə addımlayıb. 

Belə bir əhvalat var. Bir gün Hz. Əlidən soruşurlar ki, şeirin ilk nümunələrini kim yaradıb. Hz. Əli deyir ki, şeirin ilk nümunələri Adəm peyğəmbərə aiddir. O vaxt ki, Qabil Habili öldürdü, onda Adəm peyğəmbər Habilin qəbri üstündə ağı deməyə başlayıb. Onun dediyi sözlər bir-birinə qafiyə kimi uyğun olduğu üçün, tarix göstərir ki, bu, şeirin ilk nümunələri olub. Lakin, bildiyimiz kimi ağı da musiqisiz deyilmir. Deməli, musiqi və şeirin ilk nümunələrini eyni vaxtdan götürmək olar. Ona görə də musiqi və söz hər zaman bir vəhdət şəklində olub, hər zaman bir-birini tamamlayıb.

 Ustadınız Hacıbaba Hüseynov 1979-cu ildə sizə bir qəzəl həsr edib. Qəzəldə sizi tərif etməklə yanaşı həm də sizə bir çox məsləhətlər verib. Bu məsləhətlərin sizin bir xanəndə kimi yetişməyinizdə nə dərəcədə rolu olub?

-Allah ustada rəhmət eləsin. Nə yaxşı ki, o məsləhətləri mənə verib. Mən 1982-ci ildə xanəndəliyi atdım. Ondan sonra 1990-cı illərdə dini musiqiyə qoşuldum. 2004-cü ildə məni Nadir Axundov “Space” televiziyasına çağırdı, onun təhriki ilə televiziyaya getdim. İkinci dəfə mənim muğam sənətinə qayıtmağımda onun müstəsna rolu olub. Mən bunu unutmaram. 

2004-cü ildə məni bizim ustad sənətkarımız Arif Babayev milli konservatoriyaya dəvət etdi. Rektorumuz Siyavuş Kərimi də daxil olmaqla, deyə bilərəm ki, bu insanlar mənim üçün çox böyük zəhmət çəkiblər. Onlar məni ora müəllim kimi götürdülər. Bugünkü gənc xanəndələrin çoxu da mənim tələbələrim olub.

Bu sənətkarların mənim üçün çəkdikləri əziyyət və Hacıbaba Hüseynovun o məsləhətləri mənim bu sənətə yenidən qayıtmağımda əvəzsiz rol oynayıb.

Paylaş
Şərh əlavə et