Bu gün:

Əsnəmək niyə yoluxucudur?


Əsnəmək oksigenlə zəngin havanı qəbul edərək qandakı oksigen səviyyəsini artırır və beləliklə də yuxululuğun aradan qaldırılmasına kömək edir. Bununla belə, əsnəməyin qan və beyindəki oksigen səviyyəsinə təsir etdiyinə dair heç bir sübut yoxdur.

Son araşdırmalar göstərir ki, əsnəmək beyinə temperaturu tənzimləyən təsir göstərir. Bu fikrə görə, əsnəyərkən alınan dərin nəfəs - avtomobilin radiatoru kimi - beynin soyumasını təmin edir. Beynin temperaturu artdıqda, burun mukozasında qan axını sürətlənir. Əsnəməklə alınan hava burun və ağız boşluqlarından keçərkən damarlardakı qanın temperaturunu dəyişir - onların divarları birbaşa ön beyinlə əlaqəli qan damarlarının şəbəkələri ilə örtülüdür. Beləliklə, beynin soyumasına kömək edir.

Bəs niyə biz adətən yatmazdan əvvəl, oyandıqdan sonra və ya cansıxıcı olanda əsnəyirik? 

Bədən çəkisinin 2%-ni təşkil edən beyin ümumi enerji qəbulunun 20%-nə cavabdehdir. Yuxu və stressin beyin istiliyində dəyişikliklərə səbəb olduğu düşünülür. Məsələn, yuxusuzluğun beyin istiliyini artırdığı məlumdur. Əsnəməyin yuxu və yorğunluqla əlaqələndirilməsinin səbəbi onun beyin istiliyinə təsiri ola bilər.

Əsnəmək niyə yoluxucudur?

Əsnəmək də yoluxucudur. Başqasının əsnədiyinin şahidi olmaq və ya əsnəmə haqqında oxumaq əsnəməyə səbəb ola bilər. Əsnəməyin yoluxuculuğunun empatiya hissi ilə əlaqəli olduğu düşünülür. Beyin görüntüləmə üsulları ilə aparılan tədqiqatlar göstərdi ki, yoluxucu əsnəmə zamanı insanların öz emosiyalarını və digər insanların emosiyalarını qiymətləndirdiyi beyin sahəsi aktivdir. Əsnəməyin yoluxuculuğunun empatiya ilə heç bir açıq əlaqəsi olmadığını göstərən araşdırmalar da var. Ancaq sosial ünsiyyət bacarıqları pozulmuş autizm və şizofreniya xəstələrində yoluxucu əsnəmənin daha az görülməsi, əsnəmənin bulaşıcılığının empatiya hissi ilə əlaqəli olduğu fikrini dəstəkləyir.

Mənbə: TÜBİTAK Bilim Genç 

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et