Bu gün:

Meditasiya nədir?


Meditasiya nə edir?

Bizim dövrümüzdə hər şey sürətlə gedir. Gün ərzində onlarla kilometr yol gedirik və tıxac, səs-küy, cib telefonları, e-poçt, sosial media, internet, üz-üzə görüşlər kimi bir çox stimullara məruz qalırıq. Nəticədə, bütün günümüz təlaş içində keçir və özümüzə kifayət qədər vaxt ayıra bilmədiyimiz üçün stress bizi heç vaxt tərk etmir.

Beynimiz yorulur, yorulur və ildə bir-iki dəfə keçirdiyimiz qısa tətillər bu yorğunluğu atmağa kifayət etmir. Ona görə də hamımız ağlımızı boşaltmalı və düşüncələrimizdən uzaqlaşmalıyıq. İdman etmək və ya hobbi ilə məşğul olmaq kimi fikrinizi təmizləməyin bir çox yolu var. Bunlardan biri meditasiyadır. Beləliklə, meditasiya nədir? Meditasiya, insanın düşüncələrindən uzaqlaşaraq, konsentrasiya qabiliyyətini artıraraq beynini dincəltdiyi bir üsul olaraq təyin edilə bilər.

Bəs necə meditasiya etməli?

Meditasiya etmək üçün xüsusi bir yer seçin və bu əraziyə şam, buxur və çiçəklər qoyaraq sakit bir mühit yaradın.

Kürəyinizi düz tutaraq, stulda və ya yerə rahat oturun.

Gözlərinizi bağlayın və ya baxışlarınızı meditasiya sahəsində sizə dinclik verən bir şəkil, hər hansı bir simvol və ya obyektə yönəldin.

Yavaş, dərin və yumşaq nəfəs alın.

Fikrinizi özünüzə və ya obyektə cəmləyin.

Bilin ki, aldığınız nəfəslər sizə sülh və əmin-amanlıq gətirəcək. Diqqət yetirin ki, nəfəs aldığınız zaman çıxan hava, su axını ilə sahildən uzaqlaşdığı kimi düşüncələrinizi də uzaqlaşdırır.


Bir çox insanlar meditasiya zamanı yüksək səslə oxumağı və ya Sanskrit dilində "sülh" mənasını verən "shanti" sözünü tərənnüm etməyi seçirlər. Bunun əvəzinə öz adət-ənənələrinizdən və inanclarınızdan bir sözü təkrarlaya bilərsiniz. Bu cür sözləri oxumaq düşüncələrinizdən uzaqlaşmağa kömək edir.

Bir və ya iki həftə müntəzəm meditasiyadan sonra əhvalınızda və stress səviyyənizdə nəzərəçarpacaq dəyişiklik hiss edə bilərsiniz.

Meditasiya hansı sağlamlıq problemlərinə kömək edə bilər?

Stresslə daha da pisləşə biləcək sağlamlıq probleminiz varsa, meditasiya xüsusilə faydalı ola bilər. Bəzi tədqiqatlar meditasiyanın stress, astma, xərçəng, xroniki ağrı, depressiya, ürək xəstəliyi, yüksək qan təzyiqi, əsəbi bağırsaq sindromu, yuxu problemləri, gərginlikdən yaranan baş ağrıları kimi xəstəliklərin simptomlarını idarə etməyə kömək edə biləcəyini təklif edir.


Bu və ya digər sağlamlıq problemlərindən hər hansı biri varsa, meditasiya haqqında həkiminizlə danışaraq öz yolunuzu tapa bilərsiniz. Qeyd etmək lazımdır ki, meditasiya ənənəvi tibbi müalicəni əvəz etmir. Bununla belə, bu, mövcud müalicənizə əlavə edə bilər.


Mənbə: Acıbadem
Tərcümə etdi: Sona Adgözəlova

Paylaş
Şərh əlavə et