24Media-nın növbəti müsahibi "ORKHANWAY Coaching" şirkətinin təsisçisi, beynəlxalq statuslu biznes təlimçisi, bədən dili üzrə mütəxəssis Orxan Şahbazdır. Odlar Yurdu Universitetinin Biznesin idarə edilməsi ixtisasını və ABŞ-ın Linkoln Universitetini bitirmiş müsahibimizin dünyanın müxtəlif ölkələrində, Azərbaycanın bir çox rayonlarında, eyni zamanda ölkə ərazisində yerləşən 20-dən çox ali təhsil müəssisəsində təlimləri baş tutub.
Bu yaxınlarda şirkətinizin 4 yaşı tamam oldu. Sizi bu münasibətlə saytımızın adından təbrik edir, uğurlu fəaliyyət arzulayırıq. 4 il ərzində müxtəlif təlimləriniz oldu. Yəqin ki, müxtəlif reaksiyalarla qarşılaşdınız. Bu haqda danışardınız.
-Təbrikə görə təşəkkürlər. Bəli, 4 yaşımız tamam oldu. Bu günə qədər keçdiyimiz təlimlərin sayı 708, təlim auditoriyamız isə 23948 nəfər olub. Fərqli iştirakçılar olub, müxtəlif reaksiyalar gəlib. Eqoistlik kimi çıxmasın, amma hazırkı vəziyyətə baxanda qarşıma qoyduğum məqsədin 30 faizinə çatdığımı görürəm. Niyə 30 faiz? Çünki bizdə təlim və seminar anlayışları qarışdırılır, təlimçiyə isə müəllim kimi baxırlar. Düzünü desəm ki, bəzən insanlarda müəllimlərə qarşı antipatiya olur və universitetdə oxumağa meyilli olmurlar. Elə buna görə də bugünkü vəziyyətdən 30 % razıyam. Əlimdə olan məhdud imkanlara görə bilik və bacarıqlarımı bu qədər nümayiş etdirə və istəklərimi bu qədər yerinə yetirmişəm. Məsələn, mən əminliklə deyə bilərəm ki, aktyor, reper, vayner olsaydım, izləyicilərim 3-4 qat çox olardı. Amma təlimçiyəm və işim bildiklərimi bölüşməkdir. Düşünürəm ki, mükəmməl ya da yaxşı deyilik, amma normalıq. Hər zaman mükəmməl olmaq üçün çalışacam, düzdür, heç vaxt mükəmməl olmayacam, amma bir gün yaxşı olacaq. Buna inanıram.
Şirkətinizin "Facebook" səhifəsində müxtəlif paylaşımlar edirsiniz. Onlar arasında film və kitablar haqqında olanlar da var. Film və kitab məsləhətləri edəndə hansı detallara fikir verirsiniz?
-Mənə görə kitab və filmdə olan əsas məsələlər reallığa uyğun, elmi, psixoloji mövzuda olması, nəsə öyrətməsi, nəyisə izah etməsi və insanlarda yeni düşüncələr formalaşdıra bilməsidir. Özüm seçəndə də, kiməsə tövsiyə edəndə də bunlara diqqət yetirirəm. İnsan kitab və filmlərdən özünə qatdığı düşüncələrlə həyatını dəyişə bilər, amma bu düşüncələr reallığa yaxın olmalıdır. Düzdür, utopik fikirlər, xəyallar ola bilər. Amma həyatımızı dəyişmək üçün reallığa diqqət yetirmək lazımdır. Məsələn, mən hazırda düşünürəm ki, biliyim daha böyük qiymətə sahibdir və biliyimlə 10000 manat pul qazana bilərəm. Cibimdə pul yoxdur və oturub sadəcə arzulamaq, xəyal etməklə heç nə qazanmayacam. Amma gedib 300 manat maaş verilən işdə çalışıb pul toplasam öz arzularıma daha tez çata bilərəm. Buna görə də reallığa uyğun düşüncə formalaşdıranda daha effektli olur.
Sosial şəbəkədən müxtəlif insanların istifadə etməsi mənfi və müsbət rəylərin yazılması ilə nəticələnir. Onların içərisində tənqid edənlərə də rast gəlinir. Bu haqda fikirləriniz maraqlı olardı.
-Fərdi düşüncə ilə bağlıdır. Fərdi düşüncə bizim araşdırmalarımız, oxuduqlarımız və hadisələrə baxış tərzimizdən asılıdır. İnsanın fərdi düşüncəsi, dünyagörüşü nə qədər çoxdursa, o qədər yaxşı dinləyə, müzakirə edə və fikir söyləyə bilər. İnsanlarda bu fərdi düşüncə formalaşmalıdır ki, kütləvi olaraq linç məsələsinə keçid edilməsin. Yəni, kiməsə “Sən səhvsən”, “Sən səhv edirsən” deməmişdən əvvəl baxaq görək ki, bunu özümüz düz edirikmi.
Bir hadisəni danışım. Ötənlərdə izləyicilərdən biri belə bir rəy yazıb: “Niyə "ORKHANWAY Coaching"in adını azərbaycanca qoymamısınız?”. Bu rəyi türk şriftləri ilə orfoqrafik cəhətdən çoxlu səhvlərlə yazıb. Mən də cavab yazdım: “Sən özün heç azərbaycan dilində yaza bilmirsən, mənə nəyisə necə iddia edə bilirsən?”. Bu cavabımı oxudu, bir müddət yazdı, sonra atdı bloka. Belə hallar çox olur və bu insanlar tənqid etdiklərini zənn edib əslində linç edirlər. Sosial linç bəzən ölümə də gətirə bilir, daha təhlükəlidir. Ona görə linç və tənqidi ayıra bilmək lazımdır. Tənqid edən zaman 3 əsas məsələni bilmək lazımdır. Birinci məsələ mövzunu bilməkdir. 100% bilməli deyilsən, amma baza məlumatların olmalıdır. İkinci əsas məsələ müzakirə qabiliyyətidir. Biz qarşımızdakına düşüncəmizi çatdıranda “fikrimcə”, “düşüncəmə görə” sözlərindən istifadə etməliyik. Kiməsə sərt yazmaq yerinə mədəni yazsaq daha düzgün olar. Üçüncü məsələ isə təklifdir. Müzakirəni edəndən sonra, eləcə də müzakirə əsnasında fikrimizi təklif şəklində qeyd etsək daha təsirli ola bilər. Bəzən vulqar ifadələrdən, kobud sözlərdən istifadə edirlər. Bunlar isə təhqir adlanır.
"Əsas ürək deyil, beyindir". Belə bir paylaşım etmisiniz. Niyə məhz beyin?
-Adətən, deyirlər ki, “əsas ürəkdir”. İnsanlar, əsasən də, qadınlar sevgi və digər hissləri çox vaxt ürək ilə əlaqələndirirlər. Tibbi və psixoloji cəhətdən araşdırsaq isə görərik ki, orqanlar hamısı müəyyən funksiyanı yerinə yetirsə də, əsas idarəedici orqan beyindir. Hər şeyi ürəyin üzərinə atıb beyini kənarda qoymaq lazım deyil. Düşünürəm ki, beynimizdə mövcud vəziyyətləri analiz etsək, daha yaxşı şeylər edə bilər, daha düzgün yaşaya bilərik.
Kasıb və varlı düşüncə nədir?
-Bu barədə paylaşım etmişdim. Kasıb düşüncənin məhsulu olan ifadələrə “Yaxşı olar”, “Bu günə də şükür”, “Belə məsləhət imiş”, “Mənim bəxtim də belə gətirib” ifadələrini nümunə yazmışdım. Hətta burada “şükür” yazılan ifadəni bilərək yazmışdım. Çünki dini məsələyə toxunmuşdum, ziddiyyətli idi və zidd məsələlər insanların danışmasına səbəb olur. Məsələn, bu gün 200 manat alan 2 insan ola bilər. Birincisi bunun ona bəs edəcəyini düşünüb əlavə inkişafdan qaçacaq. Belə insanın düşüncəsi kasıbdır. Digəri isə bu 200 manatı düzgün şəkildə artırmaq üçün alternativ yollar fikirləşəcək. Bundan başqa, camaatın, kütlənin fikirləri ilə razılaşan, onların dedikləri ilə oturub-duran insanların da düşüncələri kasıbdır. Varlı düşüncəyə məxsus insanlar isə öz düşüncələrini özləri formalaşdıra bilirlər. Varlı düşüncənin məhsulu olan ifadələrə isə “Yaxşı deyil, əla etməliyəm”, “Boş vermək yox, həllini tapmalıyam”, “Mən istədiyim hər şeyi deyil, məqsəd qoyduğum hər şeyi edərəm”, “Belə məsləhət imiş yox, mən belə etdim” kimi ifadələr aiddir. Düşüncəsini varlı edən insan özünü inkişaf etdirməyə başlamış insandır.
"Ağlaya-ağlaya" "A" almaq, yoxsa "oxuyuram" deyib, "A" almaq? Yəni, insanlar yeni işə başlayanda həmin işə necə yanaşmalıdırlar? Motivasiya üsullarınızdan danışardınız bir az.
-"Ağlaya-ağlaya" ifadəsi əslində frazeoloji birləşmədir. Ağlaya-ağlaya "A" alan insanlar, əsasən, neqativ olurlar və neqativ enerjilərini tökə-tökə istədiklərini əldə edirlər. Belə insanlar sizdə mənfi aura yaradacaqsa, onlara fikir verməmək lazımdır. Əgər elə insanları bəyənmirsinizsə, onda həmin hərəkətləri təkrarlamayın. Əks halda bu, peşəkar və savadlı biri olmağınıza əngəl yaradıb, xarakterinizi itirməyiniz ilə nəticələnə bilər. Ümumiyyətlə, bu, insanın şəxsi seçimidir. Ağlaya da bilər, gülə də. İnsan özü düşünür, özünə uyğun olanı seçir və elə davranır.
Motivasiya məsələsinə gəldikdə isə mən daha çox "self discipline", yəni "özünənəzarət" məsələsinə diqqət edirəm. Əgər bir işi planlı şəkildə edirsinizsə, bu zaman uğur qazanma ehtimalınız yüksəkdir. Belə olduqda isə sizin motivasiyanız da yerində olacaq. Motivasiya önəmlidir, ancaq çox önəmli deyil. Mənə görə planlı yaşamaq yaxşıdır, amma robotlaşmış yaşamaq lazım deyil. Saat bölgüsü aparmaq deyil də, qeydlər aparıb, ardıcıllıq qurmaq lazımdır. Daha sonra qeyd etdiyimiz məqsədlərə uyğun çalışmalıyıq.
"Uşaqlara edilən şiddət, məhv olmuş cəmiyyət yaradır".
Belə bir post paylaşmışdınız. Sizcə, uşaqların tərbiyə edilməsində əsas faktorlar hansılardır?
-Sosial psixologiyada “Valideynlər uşaqlara uzunmüddətli məsuliyyətlər deyil, qısa müddətli güzəştlər etməyi xoşlayırlar”,- deyə bir hissə var. Uzunmüddətli məsuliyyət odur ki, uşaqda xarakter etikasını yaradırsan, onun özünün-özünə məqsəd qoymasını təmin edirsən və o, artıq şüurlu şəkildə həyatını idarə edə bilir. Qısa müddətli güzəştlər isə "Universitetə qəbul ol, sənə maşın alacam" kimi təkliflərdir. Belə olanda uşaqlar o güzəştə görə çalışırlar. Alınmayanda isə başlayırlar şiddət, tənbeh kimi üsullara əl atmağa. Düşünürəm ki, valideynlərin övlad yetişdirməkdə ən böyük problemlərindən biri bilgisizlikdir. Uşağı düzgün tərbiyə etməyin, böyütməyin yolunu bilmirlər. Bilgilənmək üçün kitab oxumaq, peşəkarlarla məsləhətləşmək lazımdır. “Dədə-babamızda belə şey yox idi”,- deyirlər. Bu yanaşma isə yalnız tənbəllik və məsuliyyətsizlikdən irəli gəlir. Bəyənmədiyimiz inkişaf etmiş ölkələr var ki, onlar məhz belə yaşayırlar və buna görə bizdən qabaqdadırlar. Uşaqların düzgün tərbiyəsi düzgün cəmiyyətin qurulması deməkdir.
Bədən dili təlimləriniz olub. Bədən dili nədir, bizə necə kömək olur?
-Bədən dili ünsiyyət zamanı sözsüz çatdırdığımız ismarıclardır. Jestlər, əl-qol hərəkətləri, mimikalar bura daxildir. Amma bədən dili dəqiq anlayış deyil. İnsandan insana dəyişə bilən bədən dilinin müxtəlif standartları var. Məsələn, bizim baş barmağımızla etdiyimiz “like” – “əla” işarəsini İndoneziyada, Yeni Zelandiyada bəzi bölgənin insanları təhqir kimi qəbul edə bilir. Ümumiyyətlə, bədən dili qarşımızdakı insanın bizimlə bağlı düşüncələrini ehtimal edə bilməyimiz üçün şərait yaradır.
"Kişi içər də, çəkər də, döyər də..."
Bu cümləyə münasibətiniz necədir? Ümumiyyətlə, illərdir köhnəlməyən qadın-kişi bərabərliyi mövzusu ilə bağlı düşüncələriniz maraqlıdır.
-Bu suala başıma gələn bir hadisə ilə cavab vermək istəyirəm. Deməli, nişanlı olduğum dönəmlərdə bir qonaqlıqda idim. Qarşımda oturan, içkili qohumum mənə "Niyə içmirsən?",- deyə sual verdi. Nişanlım yanımda idi və mən normalda içki içən biri olsam da, nişanlımın yanında içmirdim. Bu qohumum dəfələrlə içki təklif etdi, hətta "Arvaddan qorxursan" tipli ifadələr də işlədirdi. Mən də bir az dözdüm, sonra isə "Əgər kişilik içki içməklə ölçülsəydi, onda dünyanın bütün "alkaş"ları ən qeyrətli kişilər olardı",- dedim. Bu sözümdən sonra həmin qohumum susdu. Ümumiyyətlə, bizim kimi, kişilərin hüquqlarının qadınlardan üstün olduğunu iddia edən cəmiyyətlərdə həmişə kişini ideallaşdırmağa çalışıblar. “Kişi döyər, içər, çəkər” deyərək dominantlığı ona verib, qadını ikinci plana salıblar. “Qadın belə olmalıdır” və “kişi belə olmalıdır” kimi şablon ifadələri geri düşüncəli insanlar yaradıb. Qadın və kişi üçün qanunun müəyyənləşdirdiyi insan hüquqları istisna olmaqla hər hansı xüsusi kateqoriya yoxdur.
Gənclər "18 yaşda ölüb, 65 yaşda basdırılan" şəxs olmamaq üçün nə etməlidir?
-Həmişə dediyim kimi reallığa baxmalıyıq. Bugünkü reallığa uyğun davranmalısınız. Məsələn, bu gün adam hüquqşünaslığı oxuyur. Cibində pulu yox, iş təcrübəsi yoxdur. Universiteti bitirəndən sonra işsiz qalanda gedib orada-burada kimisə təhqir edir, "Mən o boyda hüququ qutarmışam, belə yerdə niyə işləyim?",- deyir, heç nəyi bəyənmir. Sənin reallığın indi cibində pulunun olmamağıdır. Səbəbkarı da özünsən. Bu reallığı qəbul et, işlə, pul topla və sonra hansısa böyük məqsədin üçün addımla. Başımıza gələn bədbəxtliklər özümüzə nəzarət etmədiyimiz üçün gəlir. İnsanın özünü qoruması instinktdir, özünə nəzarət isə şüurlu şəkildə etməli olduğumuz şeydir. Buna görə də utopik dünyadan kənara çıxıb, reallığa yaxın olsanız “18 yaşda ölüb, 65 yaşda basdırılan"lardan olmayacaqsınız. Reallığı qəbul edin, o reallığı dəyişə bilmək üçün real addımlar atın.
Həmişə öyrənməyə və öyrətməyə meyilli biri olaraq karantin günlərinizi necə dəyərləndirirsiniz?
-Evdə qaldığımız dönəmdə çoxumuzun həm maddi, həm mənəvi cəhətdən problemləri yaranır. Maddi problem yaranır, çünki işləmirik. Karantin ilə bağlı iş yerləri bağlıdır, bir qisim isə evdən işlərini idarə edirlər. Belə halda da maddi sıxıntılar özünü göstərir. Mənəvi problem isə insan beyninin evdə qalmağa deyil də, müxtəlif fəalliyyətlər görməyə fokuslanmasından yaranır. Belə olanda beyində "Evdə qaldıq, hər şey bitdi" şablon ifadəsi formalaşır. Bu da evdə olduğumuz dönəmdə problemlərin yaranması və artması ilə nəticələnə bilir. Kəşfiyyatda belə bir qayda var: "Təcavüz qaçınılmazdırsa dadını çıxarmağa bax". Yəni ki, "Bezdim, öldüm" deməkdənsə vəziyyətə uyğunlaşıb, yaxşı dəyərləndirməyə çalışmaq daha məntiqlidir. Yaxşı dəyərləndirmək üçün isə bizə fayda verəcək nələrsə etmək olar. Bunlara filmə baxmaq, kitab oxumaq, düşünmək, araşdırmalar etmək, müzakirə aparmaq, yeni qərarlar vermək, həyatımızı dəyişmək üçün yollar axtarmaq aiddir.
Mən özüm karantin günlərində 71 serial və film izləmişəm. Müxtəlif kitablar oxumuşam. Kitab və filmlər haqqında rəylərimi yazıram, onlara baxmaq istəsələr faydalana bilərlər. Qeyd etdiyiniz kimi sosial şəbəkədə müxtəlif paylaşımlar edir, eləcə də müxtəlif mövzular haqqında danışmaq üçün canlı yayımlar açıram.
Sonda, oxucularımıza nə məsləhət görərdiniz?
-Mənim bir sözüm var: “Sizə məsləhətim, məsləhət verən insanlardan uzaq durun”. İnsanlara məsləhət verməyi sevmirəm. Kiməsə nəyisə təklif edə bilərsən. Şüurlu olan insan səninlə danışandan sonra dediklərini analiz edəcək, düzgün qəbul etsə gedib buna əməl edəcək. Kiməsə nəyisə zorla etdirmək düzgün deyil. Ona görə də "Tənbəlliyin daşını atın" kimi şablon sözlər deyərək, insanları yormaq istəmirəm. Sadəcə demək istəyirəm ki, həyatınızda baş verən bütün proseslər beyninizin verdiyi qərarlar və sizin etdiyiniz seçimlərdir. Seçimlərinizə uyğun qərarlarınız sizin kim olduğunuzu ortaya çıxardır. Doğru analiz nəticəsində alınmış qərar sizi müsbətə, əksi isə mənfiyə aparacaq.
Biznesə başlayan gənclərə isə Azərbaycanda ideal olan mikro sahibkarlıq, eləcə də sosial sahibkarlıqla məşğul olmaq mümkündür. İdeyanız olanda isə onu tam dəqiqləşdirin, planlayın, ondan sonra pul axtarıb, həyata keçirməyə cəhd edin. Yoxsa pul tapıb, sonra plan yazmaq effektli olmayacaq.
Sevdiyiniz işi görün, ya da gördüyünüz işi sevin. Bizi həyatda tutan şey beynimizdə olan o sevgi anlayışıdır. Sevgi ən böyük dəyərlərdən biridir, o bizi hərəkətə gətirir. Məşğul olduğumuz işi sevmək bizim daha yaxşı işləməyimizə səbəb olacaqdır.