Bu gün:

Möhtəşəm fəvvarəni bəzəyən Apollon heykəli tapıldı


Qədim Yunanıstanın Filippi şəhərində işləyən arxeoloqlar Zevs və Letonun oğlu Apollonun heykəlinin başını aşkar ediblər. Heykəldə burnu, gövdəsi və ya xarakterik yay yoxdursa da, mərmər üzünün Zevs və Letonun oğlu Apollon olduğu müəyyən edilib.

Yunanıstan Mədəniyyət Nazirliyinin verdiyi açıqlamaya görə, Yunanıstanın Saloniki Aristotel Universitetinin tələbələri və müəllim heyəti Apollonun heykəlini 2023-cü ildə aşkara çıxarıblar. “Tələbələr, həqiqətən həyəcanlı idilər. Bunlar bizim üçün xüsusi əhəmiyyət kəsb edən məqamlar olsa da, inanırıq ki, onları tələbələrimizlə bölüşmək bizim həyəcanımızı artırır”- deyə, Universitet arxeoloqu Anastasios Tantsis bildirib. 


Komanda müəyyən edib ki, dəfnə yarpaqlarının tacı ilə tamamlanan baş eramızın 2-ci və ya 3-cü əsrinin əvvəllərinə aiddir. Arxeoloqlar hesab edirlər ki, bu, vaxtilə Filippi şəhərində iki küçənin kəsişməsində dayanan böyük bir fəvvarənin bir hissəsi idi. Sözügedən büst Yunanıstanın şimal-şərqində YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Filippinin xarabalıqlarında edilən uzun arxeoloji kəşflərin sonuncusudur. Bu şəhər Makedoniya kralı II Makedoniyalı İskəndərin atası tərəfindən eramızdan əvvəl 356-cı ildə qoyulmuşdur. 


Eramızın 620-ci ildə baş verən zəlzələ Filippi şəhərinə ciddi ziyan vurdu. Bu hadisədən çox sonra, 14-cü əsrdə Osmanlının fəthlərindən sonra şəhər tərk edildi. 20-ci əsrdə arxeoloqlar əraziyə qayıtdıqda, qazıntılar zamanı qədim hamamlar, şəhər divarları, forum və Yunan teatrları aşkar etdilər. Bu gün də şəhər arxeoloji xarabalıqlarla çox zəngindir. 

2022-ci ildə bölgədə Herakl heykəlinin fraqmentləri aşkar edilib. Bir vaxtlar əlində dəyənək və şir başı olan bu heykəl də yeni tapılmış mərmər Apollon kimi ikinci əsrə aiddir. Tədqiqatçılar hər iki əsərin bir vaxtlar fəvvarəni bəzədiyini düşünürlər. "Lakin, Apollon və Herakl heykəlləri VIII -IX əsrlərdə son şəklini almış fəvvarədən xeyli qədimdir”, - deyə Mədəniyyət Nazirliyi yazıb. 


Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et