Bu gün:

"Özümüzün ən mükəmməl versiyasını yaratmalıyıq"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi psixoterapevt Dilbər Bəhmənlidir. O, insanların kiməsə bənzəmək istəyindən danışıb. 

Bəzi insanlar özlərini başqalarına bənzədirlər. Sizcə, bunun əsas səbəbi nədir?

– İnsanların özlərini başqalarına bənzətməsi müxtəlif səbəblərdən ola bilər. Adətən, uşaqlıqdan qaynaqlanan müqayisə ilə bağlıdır (filankəsin qızı, oğlu). Biz daim kimsə kimi olmaq istəyirik. Çünki bizi başqaları ilə müqayisə edərək, əslində, o insanın bizdən üstün olduğunu və bizim o rəqabətdə olduğumuz insan kimi olmalı olduğumuzla bağlı şüuraltı mesaj almış oluruq və bununla da özümüzü başqaları ilə müqayisə başlayır. 

Bu ilk nə zaman başlayır? 

– Əslində, bu bizdə uşaqlıqda başlayır. Biz, adətən, özümüzü öz cinsimizdən olan valideynlə ilk müqayisə edirik və oğlan atanı, qız ananı rəqib kimi qavrayır və ilk müqayisə başlayır. Hətta bu uşağın ata-ana ilə münasibətində qalibiyyət arzusuna gətirib çıxarır. Bu zaman əgər yetərincə əks cins valideynlər övlada sevgi, diqqət və qayğı göstərmirsə, övlad qız anasının, oğlan atasının üzərində qura bilmədiyi qalibiyyəti öz cinsindən olan başqa şəxslə qurmaq və bu hissə nail ola bilmək üçün evli insanın həyat yoldaşı ilə rəqabətə girir və hadisələr transfer olunur. Digər bir səbəb özünü qiymətləndirmənin aşağı olması ilə bağlıdır. İnsan özünü başqaları ilə daim müqayisə edir və başqaları kimi olmaq istəyir. Çünki şəxs real mənini qəbul etmir, ideal məninə sığınır və daxili konflikt başlayır. 

İnsanların münasibəti bu məsələdə nə kimi rol oynayır? 

– Eyni zamanda, daima tənqid edilmiş, sadəcə mənfi tərəfləri deyilmiş şəxslər də özlərini daim başqaları ilə müqayisə etmiş olacaqlar. 

Bəs bu situasiyada nə edə bilərik?

– İnsan ilk növbədə özünü sevməkdən əvvəl özünün mənfi və müsbət cəhətlərindən xəbərdar olmalıdır. Və eyni zamanda mənfi xüsusiyyətlərini də qəbul etməlidir. Lakin fərqindəliklə yanaşı insan özünü inkişaf etdirməlidir. İnsan unikal varlıqdır. Biz başqaları kimi olmağa çalışmaq yerinə özümüzün ən mükəmməl versiyasını yaratmalıyıq.


Aytac Bəxtiyarlı

Paylaş
Şərh əlavə et