Bu gün:

"Kompleksin yaranma səbəbi uşaqlığa əsaslanır"


24media.az-ın "1sual, 1cavab" rubrikasının növbəti qonağı psixoterapevt Xoşbəxt Bəkirovdur. O, natamamlıq kompleksindən və onunla mübarizə aparmağın yollarından danışıb.

Natamamlıq kompleksi nədir və bununla nəcə mübarizə aparmaq olar?

–Natamamlıq kompleksi ilk dəfə psixologiya elminə Alfred Adler tərəfindən daxil edilmişdir. Bunun tam izahına gəldikdə isə özünü digərlərindən aşağı görmək, özünü natamam hiss etmək, özgüvənin çox aşağı olması, özünü digərləri ilə müqayisə etmək və bundan da qaynaqlanaraq gələcəklə bağlı ümidsiz, təşvişli, neqativ düşüncələr və daxili konfiliktlər də ola bilər. Natamamlıq kompleksi bəzi digər komplekslərə çox bənzəyir, məsələn Napoleon kompleksi, bunu bir çox insanlar bilirlər. Bu kompleksin adı məhz Napoleonun boyu qısa olduğu üçün onun adından gəlir. O boyu qısa olduğu üçün özünü natamam hiss edirdi və boya görə kompleks edirdi, bununla yanaşı, aqressiv reaksiyalar, özgüvəni yüksək saxlamaq və digər bu kimi reaksiyalar verirdi. Natamamlıq kompleksi də elə buna bənzəyir. Kompleksin yaranma səbəbi uşaqlığa əsaslanır. Uşaqlıqda valideynləri tərəfindən digər uşaqlarla müqayisə olunan, nailiyyətləri görülməyən, evdə görülməyən, eşidilməyən insanları gələcəkdə artıq görülmək və eşidilmək istəyi daha çox əhatə edir. Buna görə də, bu cür insanlar artıq gələcəkdə özlərini hər zaman natamam hiss edirlər. Hər hansı bir travmadan sonra da bu kompleks yarana bilər, misal üçün 17-18 yaşında məcbur evləndirilmiş bir xanım artıq 30 yaşında həyatın dadını anlamağa başlayır. Həmin bu 18 yaşdan 30 yaşa kimi olan boşluq  insanın daxilində natamamlıq kompleksini yarada bilər. Və bu zaman xanım özlüyündə deyir ki, "mənim illərim bomboş keçdi, içimdə boşluq qaldı, özümü natamam hiss etməyə başlayıram". Çünki yaşanmamışlıqlar, alınmamış sevgi, diqqət, qayğı, basdırılmış duyğular – bunların bir çoxu insanlarda artıq natamamlıq kompleksini yarada bilir. Bu cür insanların artıq bir çoxu atacağı addımda bir şeydən həzz ala bilməmə problemi ilə də qarşılaşa bilər, çünki o artıq daxilində şəxsiyyət olaraq hər hansı bir strukturasında boşluq qaldığı üçün natamam hesab edilir. Bu boşluq artıq emosional azlığa da gətirib çıxara bilər. Toksik, uğursuz münasibətlərdə də bu cür hallarla qarşılaşa bilərlər. Bu cür insanların bir çoxu hələ də özlərinin axtarışında olur. Mən kiməm? Mən nə istəyirəm? Mənim natamamlığım nədədir? – o boşluğu tapa bilmirlər deyə daim öz axtarışlarında olurlar. Və iş orasındadır ki, bu cür insanlara digərlərinin fikirləri həmişə təsir edə bilir, yəni çox vaxt onlar digərlərinin fikirlərindən asılı qala bilirlər, çünki uşaqlıqda müqayisə edilməklə yanaşı "insanlar nə deyər", fikri də bu insanlara aşılanır. Mübarizəsinə gəldikdə isə onlar öz axtarışlarında olduqları üçün ilk öncə şəxsiyyət modeli tamamlanmalıdır, öz ehtiyaclarını, istəklərini, öncəliklərini, seçimlərini görməli, fərqinə varmalı və bunları mənimsəməyi bacarmalıdırlar. Bəs mən nə istəyirəm? Mənim natamamlığım nədədir? Mən bu boşluğu nə ilə doldura bilərəm? Suallarını tez-tez özünə verməyi bacarmalıdır, çünki bu insanlarda öncə şəxsi fərqindəlik olmalıdır. "Self mindfullness" dediyimiz bir deyim var ki, fərqindəlik deməkdir. Belə insanlar əvvəlcə fərqindəliyini qaldırmalıdırlar ki, vəziyyətə artıq sağlam düşüncə ilə baxsınlar və dəyərləndirə bilsinlər. Artıq bu cür sağlam yanaşmadan sonra boşluğu gördükcə, onun üzərində işləməyə başladıqca o boşluğu yavaş-yavaş doldura biləcəklər. Hazırda cəmiyyətimizdə bir çox insanlar bu problemdən əziyyət çəkir. Bu insanların həm şəxsi münasibətlərinə, həm ailə, həm dost, iş, təhsil kimi sahələrdə olan bütün münasibətlərinə təsir göstərir. Kompleks özgüvən əskikliyi ilə təzahür edir. Bu səbəbdən həmin boşluqları doldurmaq üçün özgüvənin üstündə işlənilməlidir. Və təbii ki, əsasən hər hansı bir çətinlik olduqda bir mütəxəssisə müraciət etməkdən həmin şəxslər əsla yayınmalı deyillər.

Fatimə Şükürova

Paylaş
Şərh əlavə et