Bu gün:

"Bu gün süni intellekt bütün fəaliyyətlərdə var"


24media.az-ın budəfəki müsahibi azərbaycanlı iş adamı, İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası-nın İdarə Heyətinin sədri, Vision TV və Virtual Azerbaijan Group of Companies şirkətlərinin təsisçisi, TimeSoft şirkətinin həmtəsisçisi və direktoru Elvin Abbasovdur. O, süni intellekt və robot texnologiyaları ilə bağlı sualları cavablayıb.

Süni intellektin gündəlik həyata inteqrasiyasını necə qiymətləndirirsiniz ?

Artıq demək olar ki,  bütün peşələrdə, sosial-iqtisadi fəaliyyətlərdə, iş fəaliyyətlərində, hətta evlərdə də süni intellektdən istifadə edirik. Bu biz istəməsək də, həyatımıza girmiş, bütün rəqəmsal fəaliyyətlərin bir yerində artıq süni intellekt var. Misal üçün, sosial şəbəkələr artıq demək olar ki, süni intellektlə idarə olunduğu üçün bizim oradakı bir çox fəaliyyətimizdə istər-istəməz ondan dəstək alırıq. Və ya professional sahələrdə, məsələn bir şəxs öz peşəkar fəaliyyətində istər-istəməz süni intellekt həllərindən istifadə edir; virtual görsəllər formalaşdırmaqda, yəni video, audio, foto çəkilişlərində, onları emal edərkən, proqramlarla düzəldərkən, redaktə edərkən. Əgər istənilən bir sahədə internetdən istifadə ediriksə, deməli, süni intellekt var. Telefonumuzun android, iphone olmasından asılı olmayaraq onun bir çox funksiyaları artıq ya süni intellektlə idarə olunur,  ya da yaxşılaşdırılır. Bu o deməkdir ki, biz istəsək də, istəməsək də,  artıq süni intellekt həyatımıza daxil olub. İstəyimizdən asılı olmayaraq ondan istifadə edirik və öz həcmini hər gün artırmaqdadır.

Süni intellektdən istifadənin hansı potensial faydaları və çətinlikləri var?

Süni intellektin riskləri – mənfi cəhəti odur ki, daha öncə google süni intellektin həyatımıza girmədən əvvəlki dönəmlərdə də, beş on il əvvəl də süni intellekt mövcud idi. Amma google alqoritmlər vasitəsi ilə bizim məlumatlarımızı toplayırdı. Bizə uyğun həllər, təkliflər, daha çox bizə müştəri gözü ilə yanaşırdı. Bizim datalarımızı toplayırdı və ona görə bizimlə münasibət qururdu. Artıq süni intellekt çox yayılmış olduğu üçün bütün sistemlər bütün hərəkətlərimizi izləyirlər və ikinci, yəni arxa profilimizi, ayaq izimizi çıxarırlar və biz buna "digital izlər"deyirik. Tələblərimizi bizdən daha yaxşı bilirlər. Sosial şəbəkələrdən və ya girib-çıxdığımız saytlardan – hər yerdən bizim haqqımızda məlumat toplanılır. Həmçinin şəxsi biznes fəaliyyətlərimizin hər biri də süni intellekt tərəfindən toplanır. Bizə faydalı olmaq üçün o bunu etməlidir. Toplanan məlumatları necə saxlayır, üçüncü tərəfə məlumat verirmi ya yox , korporativ məqsədlərdə istifadə olunurmu, ya olunmurmu – bunlar süni intellektin riskləri sayılır. Amma faydalı tərəfləri risklərindən, təbii ki, daha çoxdur. Bizim şəxsi məlumatlarımız qorunsa da, bir az təhlükə altındadır.

Sizcə, hökumətlər və tənzimləyici orqanlar süni intellekt və robot texnologiyalarının inkişafı və tətbiqinə nəzarətdə hansı rolu oynamalıdırlar ?

Ümumiyyətlə, dünya artıq ölkələrin sərhədlərindən ibarət deyil. Süni intellekt məhsullarının hamısı beynəlmiləl keyfiyyətə malikdir. Beynəlmiləl keyfiyyətə sərhəd qoymağın tək bir yolu var, o da resursları bağlamaqdır. Təbii ki, heç bir ölkə bunu qəbul etmir. Ölkələrin süni intellektlə bağlı nəyə isə məhdudiyyət qoyması haqqında söhbət belə gedə bilməz. Ölkələr ancaq özlərinin yaratdıqları, öz qanunvericiliyinə tabe olan şirkətlərin məhsulları ilə hesablaşa bilərlər. Nəinki beynəlmiləl müstəvidəki məhsullar, Google, Microsoft Azərbaycanla hesablaşmır. Bunun üçün də dövlət qurumlarının beynəlxalq müstəvidəki məhsullara sərhəd qoyması, ümumiyyətlə, müzakirə olunan mövzu deyil.

Süni intellektin iş fəaliyyəti və gələcək sahələrə təsiri haqqında nə düşünürsünüz? 

Bu gün süni intellekt bütün fəaliyyətlərdə var. Bir xanımının evindəki əşyalarından tutmuş mətbəxdəki robota qədər – hər birində artıq süni intellekt və robot texnologiyaları istifadə olunur. Bu gün deyil, on il əvvəl də bundan istifadə olunurdu, amma əhatə dairəsi artır. Artıq baxırıq ki, xaricdə maşınlar insansız taksilərə çevrilib, müharibələr insansızdır, robotexnika, veb online məhsullar, sosial şəbəkələr, saytlar, platformalar süni intellektlə idarə olunur. HR, müəllimlik, şeir yazmaq, rəsm çəkmək də süni intellektlə idarə olunur. Hansı peşələri süni intellekt alacaq sualı yoxdur artıq, çünki süni intellekt hər şeyi ələ alıb. Əsas sual isə ondan nə qədər  istifadə edəsi olacağımızdır. Bir insanın xəyal gücündən daha yaxşı məhsullar ortaya qoyur. Bu gün süni intellektlə bağlı  bunları demək nə dərəcədə doğrudur deyə bilmərəm, amma bu gələcəyin reallığıdır. Gələcəkdə bəlkə sistemlər də dəyişəcək. Bəlkə kimin daha çox robotu varsa, kim daha çox süni intellektdən istifadə edirsə, o daha çox vergi ödəyəcək. Çünki o daha çox insan əməyindən istifadə edir. O vergilərlə işsiz insanların maaşları ödənir. Texnika, süni intellekt daha çox inkişaf etdikcə sistemlər dəyişəcək. Təbii ki, insanlar ac qalmayacaqlar. Yeni peşələr çıxacaq, yeni həyat standartları formalaşacaq. Necə ki sənaye inqilablarından sonra insanlar qorxdular ki, onlarım peşələri itir, buxarlı, elektrikli motorlar, elektronika gəldi. Amma hər bir dövrdən, hər bir inqilabdan sonra yeni peşələr, daha yaxşı həyat standartları formalaşdı. Robotexnika, süni intellekt inkişaf etdikcə daha fərqli, müasir anlayışlar, peşələr, yeni müasir düşüncələr ortaya çıxacaq. Və insan hər bir sənaye inqilabından sonra daha fərqli, daha yaxşı tibbi standartlar, sosial həyatlar, uzun ömür, daha yaxşı kariyeralar, hər bir tərəqqidən sonra çoxlu naliyyətlərə çıxdı. Amma insanlarda peşə itirmək qorxusu var idi. Amma belə olmadı, düşünürəm ki, indi də gözlənilmir. Robotexnika, süni intellekt inkişaf etdikcə insan sadəcə bir düyməyə basmaqla işi icra edirsə, orada artıq insana ehtiyac olmayacaq. Daha çox mühəndislik, bilik məhsulları işlərində insan əməyi olacaq, İnsan beyni məhsul yaratmaq üçündür və yaradıcı işlər üçün var. Məsələn, torpaq qazmaq – o torpağı robotexnika da qazacaq, yerdən neft çıxaracaq. İnsan üçün o peşələr təhlükəlidir, zərərlidir. O peşədən insanların uzaqlaşmağı yaxşıdır. Artıq qaz, işıq pulu üçün insanın qapı döyməsinə ehtiyac olmayacaq. Texnologiya inkişaf etdikcə insanın komfortu daha çox artır. Nəinki insanlar narahat olmalıdırlar, əksinə, daha yaxşı həyat standartlarını qarşılamalıdırlar.


Nərmin Abışova

Paylaş
Şərh əlavə et