Bu gün:

“Hər şeydən əvvəl bu, etik pozuntudur”


24media.az-ın növbəti müsahibi yeni media üzrə tədqiqatçı Səbinə İzzətlidir. O, hiperkeçidlərin Azərbaycanda necə istifadə edildiyindən və hiperkeçidlərin əhəmiyyətindən bəhs edib. 

-Hiperkeçidlər və onların əhəmiyyəti nələrdir? Azərbaycan mediasında hiperkeçidlərdən necə istifadə olunur? 

Hiperkeçidlər bir yeni media texnologiyasıdır. Jurnalistikada bu texnologiyadan istifadə bizim ötürdüyümüz informasiyaya çox şey qatır. Əgər hiperkeçidlər öz potensialına uyğun istifadə olunsa, jurnalist mətnin qısalığını qoruyaraq daha dolğun, şəffaf, etibarlı və interaktiv ola bilər. 

Yerli informasiya saytlarına nəzər saldıqda, təəssüflər olsun ki, hiperkeçidlərdən istifadə zamanı yanlışlıqlar müşahidə edirik. Texniki olaraq keçidlər yerində görünür, ancaq bu keçidlərə daxil olduqda oxucu, izləyicinin lazım olan informasiyaya yönləndirilmədiyini görürük. Məsələn, xarici mənbəyə istinad olaraq keçid verilib, daxil olanda həmin xarici saytın ana səhifəsində olduğumuzun fərqinə varırıq. Əslində, xarici saytda sözügedən xəbərin özü açılmalıdır. Çünki bununla mənbəmizi şəffaf tutmuş, oxucu etibarını qazanmış oluruq.

Yaxud digər bir örnəyi sosial media platformalarına istinadda müşahidə edə bilirik. Xəbərlə əlaqədar sosial media hesabının adı çəkilir, ancaq keçidə daxil olanda birbaşa xəbərin qaynağına deyil, ana səhifəyə yönəlirik. Bunlar yanlış linkləmələrdir və əgər belə edərək auditoriyanı səhv yönləndirir, onun diqqətini əlaqəsiz bir səhifəyə ötürürüksə, bu ən başda etik pozuntudur. 

Yerli mediada bu halların baş vermə səbəbləri müxtəlif ola bilər. Görünən odur ki, hiperkeçidlərin mövcudluğu haqqında anlayış var, ancaq onlardan düzgün istifadə vərdişləri yetəri qədər deyil. Bu vərdişin aşılanması üçün ardıcıl maarifləndirmə işləri aparılmalı, redaksiyalarda bu texnologiyadan istifadəyə nəzarət edilməli, xətalar düzəldilməli və heç bir halda etik pozuntuya yol verilməməlidir.

Aydan Qasımova 

Paylaş
Şərh əlavə et