Bu gün:

“O gündən sonra məni hər il seriallarda ağladırlar” - aktrisa ilə MÜSAHİBƏ


24Media-nın növbəti müsahibi Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası Səbinə Məmmədovadır. “Həyat varsa”, “Atılmışlar”, “İkinci pərdə”, “Zəng” kimi bir sıra film və seriallarda rol alan gənc aktrisa bizə bu sənətə gəlişindən və uğurunun sirlərindən söz açdı.


Nəyə görə aktrisa olmaq qərarına gəldiniz?

- İnanın ki, bunu heç özüm də bilmirəm. Təhsil aldığım Xoreoqrafiya Məktəbində 1, 2 və 3-cü kurslarda “Aktyor sənəti” fənni tədris edilirdi. Müəllimim Züleyxa Nəcəfzadə mənə deyirdi: “Sən aktyor olacaqsan. Amma buna icazə verməyəcəyəm. Get, başqa sənət tap özünə”.

Müəllimim aktyorluğu o qədər gözümdən saldı ki, rejissor olmaq qərarına gəldim. Xoreoqraf olmağı da istəmirdim, rəqsdə özümü natamam hiss edirdim. Sanki hərəkəti sözə keçirməli idim. Günlərin bir günü gördüm ki, artıq aktrisayam.

Bu yolda sizə kimlər kömək etdi? Aktrisa olmağı ürəkdən istəmişdinizmi?

- "Uşaqlıqdan bacarığım var" demək bir az şablon səslənəcək. Universitet illərində tez-tez kastinqlər keçirilsə də, mən qatılmırdım. 2-ci kursda oxuyanda plastikam yaxşı olduğu üçün müəllimim, Xalq artisti Pərviz Məmmədrzayev məni öz açdığı “Simsar” teatr studiyasına dəvət etdi. Uzun məşqlərdən sonra Gənc Tamaşaçılar Teatrında premyeramız baş tutdu. Elə oradaca məni bəyənib “Ultionis” filminə çəkdilər. Daha sonra ilk dəfə “Bir ovuc torpaq” bədii serialında baş rol ifa etdim. Özümün və qrup yoldaşlarımın diplom işlərində rollar alırdım. Amma ailəm aktrisa olmağıma elə də razı deyildi.

Günlərin bir günü kurs rəhbərim Bəhram Osmanov anamla danışmaq istədiyini bildirdi. Siz demə, perspektivim daha çox aktyor sənətinə imiş. B. Osmanovun quruluşunda “Hasarın o üzü” tamaşası ilə ilk dəfə böyük səhnədə sözlə çıxış etdim. Daha sonra teatrımızın dəyərli rejissorları və müxtəlif ölkələrdən gələn sənətkarlar tərəfindən hazırlanmış tamaşalarda oynadım. Sənətimi çox sevirəm.

Sizi "müasir səhnəmizin Leylisi" adlandırırlar. Bu adı qazanmaq üçün nələr etmisiniz?

- İlk olaraq bu obrazı mənə həvalə etdiyi üçün rejissor Kazımov Nicat müəllimə çox sağol deyirəm. Öncə rejissora, sonra özümə, tərəf müqabillərimə və işin böyüklüyünə inandım. Hədsiz çox çalışdıq. Nicat müəllimlə birgə əruzun hər sözünün 10 fərqli mənasından birini seçirdik. Bu obraz üçün plastikamı, yeməyimi, həyat tərzimi, Leyli olmağıma mane olan hər şeyi özümdən uzaqlaşdırdım. Məşq edərkən səhnədə ayaqlarıma stul bağlayaraq gəzirdim ki, yeriyişim dəyişsin. Qarderobumu uzun ətəklər və geyimlərlə yeniləmişdim. Füzuli dünyasına girmək üçün özümü bütün müasirlikdən təcrid etmişdim.

Azərbaycan incəsənətində örnək hesab etdiyiniz aktyor və aktrisalar kimlərdir? Niyə məhz onlar?

- Kimlərisə konkret nümunə olaraq görmürəm. Amma bu yolda saçını ağardan, iz qoyan bütün sənətkarlarımızın yaradıcılığındakı səliqə-sahman, səhnə mədəniyyəti, məsuliyyət mənim üçün örnəkdir. Şövqü Hüseynov, Zemfira Əbdülsəmədova, Ağaxan Salmanlı, Nəsibə Eldarova, Qurban İsmayılov, Kərəm Hadızadə, Kəmalə Müzəffər, Rasim Cəfər və s. belə sənətkarlardandırlar.

Hazırda səhnədə olmayan və ya dünyasını dəyişmiş hansı sənətkarlarla oturub söhbət etmək istəyərdiniz? Onlarla nə haqda danışardınız?

-Odri Hepbörn, Edit Piaf, Anton Çexov, Leyla Bədirbəyli, Həsənağa Turabov, Hökümə Qurbanova, Qəmər Almazzadə, Vaqif Mustafazadə, Don Şirli, Mikayıl Mirzə, Alen Delon, Çarli Çaplin, Ceyhun Mirzəyev, Mariya Taliyoni… Bu insanlarla oturub qəhvə içmək istərdim.

Səhnədə bir çox insanlarla tərəf müqabili olmusunuz. Tərəf müqabili olmağı xüsusilə istədiyiniz şəxs varmı?

-Gənc yaşlarından bəxti gətirən aktrisayam desəm, yəqin, özümü gözə gətirmərəm. Həm film, həm teatr sahəsində, demək olar ki, bütün sənətkarlarla eyni səhnəni bölüşmüşəm. Xüsusi olaraq Robert De Niro ilə bir səhnəni bölüşmək istərdim.

Deyirlər ki, ilklər unudulmur. İlk seriala çəkilməyiniz necə baş verdi? Çəkiliş müddətindəki təəssüratlarınızı xatırlayırsınızmı?

-Serialdan öncə artıq film təcrübəm olduğuna görə az da olsa, komandaya alışmaq, kameradan qorxmamaq, işin məsuliyyətini anlamaq kimi şeylərə bələd idim. Seriala necə çəkildiyim yadımda deyil. İlk səhnəm ağır idi. Qəbir üstündə ağlamalı idim. Mənim isə heç ağlamağım gəlmirdi. Necə ağlamışdımsa, o gündən sonra məni hər il seriallarda ağladırlar.

Ölkəmizdə teatrın son durumundan razısınızmı?

-Azərbaycan teatrı inkişaf edir. Nə gözəldir ki, bu inkişaf bizim gənclik dövrümüzün ən parlaq vaxtlarına təsadüf edib. Teatra diqqət həmişə olub və olacaq. Teatr yalnız onu sevənlər üçündür. Karantinlə bağlı olaraq teatrlar bağlı olsa da, iş dayanmayıb. Virtual məşqlər davam edir, onlayn tamaşalar nümayiş olunur.

Bu sənətə yeni gələnlərə nə məsləhət görərdiniz?

-Müdriklərdən biri deyib ki, yaltaqlıqla qazanılan uğurun axırı olmur. Mövlanə isə: "Ya göründüyün kimi ol, ya da olduğun kimi görün",- deyir. Nədirsə, odur…

Əksər insanlar karantin dövründə sıxılırlar. Siz necə? Gününüz necə başlayıb necə bitir?

-Karantinin mənim üçün xeyirli tərəfləri də oldu. Gün ərzində 4 filmə baxıram. Vaxt tapıb oxuya bilmədiyim kitabları oxuyub bitirdim, özümlə tək qalıb çox danışdım, esselər yazdım. Həmçinin, dövlətdən icazəmi alıb insanların az olduğu yerlərdə piyada gəzirəm. Amma yenə də darıxıram, səhnənin yerini heç nə vermir.

Paylaş
Şərh əlavə et