Bu gün:

"Açıq havada qida satışı qadağan olunmalıdır"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı həkim, terapevt Nərminə Abbasovadır. O, açıq satılan qidaların sağlamlığa fəsadları danışıb.


Bazarlarda, ticarət mərkəzlərində, keçidlərdə açıq qidaların-qutab, peraşki, xaçapuri, bulka və s. səyyar satışına tez-tez rast gəlirik. Bu qidalar insan sağlamlığı üçün təhlükəlidirmi?

Hazırkı dövr xəstəliklərin artdığı dövrdür. Buna görə də, düzgün qidalanmağa xüsusi diqqət yetirmək lazımdır. Fast food yeməklərinə meyil çox artıb. Çünki asan və rahat əldə edilir. Restoranlarda belə fast food yeməklərinə daha çox üstünlük verirlər, amma bu düzgün deyil. Xəstəliklərin, virusların, infeksiyaların çoxaldığı vaxtda qidalanmaya xüsusi diqqət, qayğı göstərmək vacibdir. Küçələrdə, açıq havada satılan yeməklərin qəbul olunması düzgün deyil. Belə yerlərin alıcısının sayı həddindən artıq çoxdur. Bunun nəticəsində orqanizmdə ciddi fəsadlar yarana bilər.

Orqanizmlərdə bütün xəstəliklərin başlanğıcı toksiki dəyişikliklərin əmələ gəlməsidir. Bu toksiki dəyişikliklər isə qidalardan yaranır. Küçədə qida satışlarına hüquq-mühafizə orqanları, qida təhlükəsizliyi nəzarəti artırmalıdır. İnsanların qidanın qəbulundan sonra nə baş verəcəyi barəsində məlumatı yoxdur, bir çoxu isə bunu ümumiyyətlə, düşünmək istəmir. Açıq havada qida satışı tamamilə qadağan olunmalıdır, çünki bu, əvvəla, gigiyenik deyil. Gözlə görmədiyimiz viruslar hava, damcı yolu ilə yayılır. Maşınların havaya buraxdığı tüstülər belə həmin yeməklərə yapışır, insanlar bunu nəzərə alaraq, küçə satışından istifadə etməməlidir. Bu xidmətlər minimuma kimi endirilməlidir, çünki xəstəliklər həddindən artıq dərəcədə artıb. Həkimlər xəstəliyin haradan və nədən qaynaqlandığını bilmədiyi zaman, xəstəliklərin müalicəsində çətinliklər çəkir, bu da xəstəliyin sağalmasını daha da qəlizləşdirir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et