Bu gün:

16-cı əsr İtaliyasından bir "Vampirin" üzünə baxın


Ağzı daş kərpiclə basdırılmış 16-cı əsrə aid "vampir" yenidənqurma işləri sayəsində dirildilib.Taun qurbanlarının kütləvi məzarlığında tapılan qadının ağzını örtməsi lazım ola bilərdi, çünki o, xəstəliyi ağzından yaymaqda şübhəli bilinirdi.

Sözügedən qadının qalıqları ilk dəfə 2006-cı ildə Venesiya laqonunda yerləşən Lazzaretto Nuovo adasındakı məzarlıqda aparılan qazıntılar zamanı aşkar edilib. Vaxtilə vəba xəstələri üçün sanatoriya kimi istifadə edilən ada 1576-cı ildə epidemiya zamanı ölən bir çox insanın məzarı olub. Bram Stokerin Drakula əsərinin nəşrindən 300 ildən çox vaxt keçməsinə baxmayaraq, Avropa tarixinin bu dövrü vampir isteriyasının yüksəlişini gördü, çünki kəndlilər qitəni dağıdan ölümcül xəstəliklər üçün günah keçisi axtarmağa başladılar. Xortdanlar ideyasının daha çox cəsəd əlavə etmək üçün kütləvi məzarları yenidən açarkən dəhşətli çürüyən cəsədlərlə müntəzəm təmasda olan italyan qəbirqazanlar tərəfindən yayıldığı güman edilir. Bu çürüyən qalıqlar tez-tez ağızlarından və burunlarından sızan bədən mayeləri ilə dəhşətli dərəcədə şişmiş görünürdülər və bu, onların məzar yoldaşlarının qanı ilə ziyafət çəkdikləri fikrinə səbəb olurdu. Bəzi hallarda meyitlərin ağızlarına qoyulan kəfənlər çürümüş ola bilər ki, bu da vampirlərin bu parçalarını yeməkdən hansısa yolla güclərini əldə etməsi fikrini gücləndirir. 2010-cu ildə qadının qalıqlarını tədqiq edən tədqiqatçılar belə qənaətə gəliblər ki, kərpic qadının üz kəfənini “yediyini” görən qəbirqazanlar tərəfindən qəsdən qadının ağzına qoyulub. Ona görə də daşı ağıza qoymaqda məqsəd digər qurbanları dişləməklə vəba xəstəliyinin yayılmasının qarşısını almaq olub. Sümüklərin sonrakı təhlili göstərdi ki, qadın öləndə 60 yaşlarında olub və daha çox tərəvəz və taxıl yeyib. Bu, aşağı sosial təbəqənin göstəricisi olan pəhriz idi. Bu məlumat bizi bu şəxsin niyə vampir hesab edildiyini anlamağa yaxınlaşdırmasa da, sonrakı araşdırmalar bütün bu fikri təkzib edərək, kərpicin təsadüfən cəsədin ağzına girmiş ola biləcəyini irəli sürdü. Qadının üzünü rekonstruksiya etmək üçün 3D dizayneri və məhkəmə-tibb eksperti Cícero Moraes əvvəlcə kəllə sümüyünün ön və yan görünüşünü, eləcə də diş tağlarını çəkmək üçün faktiki kəllənin ölçüləri və proyeksiyalarından istifadə etdi. Bu model daha sonra müasir insanın üzünün kompüter tomoqrafiyasını qədim kəllə sümüyünün konturlarına uyğunlaşdırmaq üçün dəyişdirərək rəqəmsal olaraq detallaşdırıldı. Daha sonra Moraes strafordan kərpicin surətini düzəltdi və cismin qadının ölümündən sonra qəsdən ağzına daxil edilib-edilmədiyini müəyyən etmək üçün bir sıra təcrübələr apardı. Nəticələr göstərdi ki, kərpic dişlərə və yumşaq toxumalara zərər vermədən ağız boşluğuna yerləşdirilə bilər, lakin bunun qəsdən edilib-edilmədiyi hələ də aydın deyil.

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et